Çox qəribədir. Hadisələr sanki bir-birini təkrar edir. Urmiya gölü ətrafında baş verən hadisələr yadıma Topxana meşəsinin qırılması ilə bağlı etiraz dalğasını saldı. Çox güman ki, Şimali Azərbaycanda hamı belə düşünüb – o kəslərdən söhbət gedir ki, onlar hələ ki, Iranda milyonlarla azərbaycanlının yaşadığını unutmayıblar. Mənim sözümü qəribçiliyə salmayın, bu hökumət bizə çox şeyi unutdurdu. Bəli, biz çox şeyi unutmuşuq. Elə cənublu qardaş və soydaşlarımızın da siyasətə biganəliyi adamı üzür. Bir vaxtlar çox ümidli idik, güman edirdik ki, azadlıq dalğası iki yüz illik ayrılığa son qoyacaq, ayrı düşmüş ürəklər qovuşacaq. Mən burada bir etiraf etmək istərdim. Deyiləndə ki, Qarabağ probleminin həlli də Təbrizdən keçir, buna bir az ironiya edirdik.
Amma indi görürsən ki, bu sözlərdə həqiqət varmış. Çox problemlər Təbriz adlı ünvandan keçir. O ünvanı isə axır vaxtlar unutmuşuq. Hərə bir söz desə və hərə bir yazı yazsa, bunlara gücü çatmayan kiçik bir aksiya keçirsə, bəlkə də unutqanlıq azalar. Niyə belə oldu? Hətta ərəblərdə belə, passionar dalğa müşahidə olunur. Biz isə “dünya bizimdir” – deyib səpələnirik yad ölkələrə, hətta arxamıza da baxmırıq ki, nələri və kimləri qoyub gedirik. Nə olsun yad ölkələrdə həyat və karyera var? Vətən ki, yoxdur! Bu haqda düşünürükmü? Mən demək istəmirəm ki, hamı biganələşib və təkcə mən düşünürəm bunlar haqda! Əsla! Böyük millətlər böyük işlər görməlidir, dünyada baş girələmək haqda düşünməməlidir. Böyük millətlər başqalarına sığınmamalıdır, başqa insanlara və millətlərə sığınacaq olmalıdır. Biz hansısa bir icma deyilik, çox böyük millətik. Xırda millətlər olur ki, onlar orada-burada bir icma halında yaşayaraq bu yolla özlərini hifz etməyə çalışırlar. Olsun. Mən onlara istehza etmirəm, onları qınamıram. Amma biz böyük millətik, gərək, kiçilməyək. Indi bəraət üçün çox söz demək olar. Amma kimə lazımdır bu? Yox, mən heç də demək istəmirəm ki, hər bir millət öz aqibətinə layiqdir, yaşadığı siyasi tale və rejimə adekvatdır, çünki şimali və cənubi Koreyalar var. Hə, eyni millətdir və əslində aqibətləri də eyni olmalı idi. Amma belədirmi? Bir vaxtlar alman milləti də belə idi, qərbi və şərqi Almaniya vardı. Almanlar hansı siyasi tale üçün yaranmışdılar? Hansı siyasi sistem onların xislətinə daha adekvat idi?
Bəli, sonradan məlum oldu ki, bir alman milləti var, sadəcə bəzən millətləri onlar üçün əlverişsiz şəraitə salırlar, amma güclü millətlər gec-tez həmin şəraiti dəyişir və özlərinə uyğun bir sistem qurur. Otuz milyon öz dilindəcə yazıb-oxumaq hüququndan məhrumdur, amma doqquz milyonun babat da olsa dövləti və dövlətçiliyi var. Indi nə deyək? Deyək ki, doqquz milyon otuz milyondan daha fərasətlidir? Təbii, belə deyil. Amma otuz milyonun sükutu sözün əsl mənasında adamı üzür. Əsarətə boyun əyməyin bəraəti yoxdur və dünyanın bütün məntiqlərini bura cəlb etsək belə, bu vəziyyətə haqq və dəlil tapmaq olduqca çətindir.
Bir saytın yaratdığı effekt
Doğrudan çox güclü effektdir. Bunların, yəni bizim hakimiyyət adamlarının yuxusuna sözün əsl mənasında haram qatıb. Burada da maraqlı məntiq var.
Deməli, sayt Ermənistandan və erməni siyasətçilərindən yazanda bunlar o dəqiqə deyirlər ki, bəli, düz yazıb! Elə ki, sayt keçir Azərbaycan məsələlərinə, bəli, başlayır, özü də nə başlayır, giley-güzar baş alıb gedir! Əslində səfir olsun və ya başqa bir diplomat, onun Azərbaycan kimi balaca bir ölkənin məmurları haqda həqiqi informasiya toplaya bilməməsinə inanmaq çətindir.
Özü də səhv etmirəmsə, səfirlər eyni məsələ ilə bağlı üç hesabat hazırlamalı imiş. Bu, nə deməkdir? O deməkdir ki, eyni bir informasiya üç mənbədən və üç rakursdan işıqlandırılırmış. Buna subyektivizm demək olarmı? Subyektiv məsələsi də artıq bizi üzüb. Bunlar haqqında nə yazılırsa və nə deyilirsə, bir cavabları var: subyektiv mülahizələrdir! Olsun. Əsas həqiqətdir və bu da ki, hamıya çatır. Insanlar tədricən həqiqətləri öyrənirlər. Əslində çox şey hələ çox əvvəldən məlum idi, sadəcə, deyilənlər indi təsdiqini tapır.



