Rejim vəkilləri simasızlaşdırmağa çalışır

Hakimiyyət vəkillik institutunu öldürmək yolu tutub

Qurban Məmmədov: «MSK-da rejimə göstərdiyi qulluğa görə hakimiyyət Vəkillər Kollegiyasını Azər Tağıyevin inhisarına verib»

Son günlər müstəqil vəkillərə olan təzyiqlər, onların apardıqları işlərin əllərindən alınması və hətta Vəkillik Kollegiyasından çıxarılmaları barədə informasiyalar mətbuatın diqqətindədir. Təzyiqlərdən açıq görünür ki, məqsəd hazırda çox məhdud sayda olan müstəqil vəkilləri sıradan çıxarmaqdır.
Tanınmış hüquqşünas Qurban Məmmədovun fikrincə, hazırda baş verənlər rejimin mahiyyətindən irəli gəlir. Vəkillərə qarşı təzyiqin rejimin idarəçiliyinin tərkib hissəsi olduğunu deyən Q.Məmmədov vurğuladı ki, Pakistanda hakimiyyət dəyişikliyinin səbəbkarı məhz vəkillər idi: “Təəssüf ki, Azərbaycanda vətəndaşlar, siyasətçilərimiz, hətta bir çox vəkillərin özü belə, vəkillik institutunun əhəmiyyətini anlamır. Vəkillik o deməkdir ki, əgər o, tətil etsə, bütün istintaq, məhkəmə sistemi iflic halına düşər. Yəni, vəkillərin mövqeyi sanballı olsa, istənilən dövlətdə rüşvətxorluğun qarşısını 50-60 faiz almaq mümkündür. Amma Azərbaycanda məhkəmələrdə, istintaq orqanlarında rüşvət məsələlərində ən çox iştirak edən vəkillərdir. Yəni, vəkilləri elə hala salıblar ki, onlar yalnız rüşvətdə vasitəçilik yolu ilə müdafiə etdikləri şəxslərin maraqlarını qoruya bilərlər”.
Azərbaycanda yalnız bir qism vəkilin məhz savadları və qanunları bilmələri hesabına öz məqsədlərinə çatdıqlarını deyən Q.Məmmədov vurğuladı ki, bu baxımdan hazırkı rejim vəkilləri simasızlaşdırmağa çalışır: “Hakimiyyət necə ki, özü üçün ”əl polisi” yaradıb, eləcə də özünə tabe olan vəkillərinin olmasını istəyir. Amma vəkillərin arasında bir sıra müstəqil mövqeli vəkillər var ki, onları Vəkillər Kollegiyasından sıxışdırıb çıxarmaq planlaşdırılıb. Eləcə də mənim kimi müstəqil sözün deyə bilən adamları kollegiyaya üzvlüyə qəbul etmirlər.
Digər tərəfdən, bu rejimin Heydər Əliyevdən qalma bir əxlaqı var. Ona nökərcəsinə quluq edən adamları həvəsləndirir. Azər Tağıyev MSK-da qanunsuz yolla seçkini saxtalaşdırıb, bu hakimiyyətin iqtidarı əlində saxlamasına yardımçı olub. MSK-da rejimə göstərdiyi qulluqdan dolayı da bu hakimiyyət Vəkillər Kollegiyasını onun inhisarına verib. Bütün sahələrdə olduğu kimi, burada inhisarçı Azər Tağıyevdir”.
Məhz A.Tağıyevin istəyindən asılı olaraq vəkillərin kollegiyaya üzv qəbul olunduğunu deyən Q.Məmmədov vurğuladı ki, daha dəhşətlisi odur ki, xalqın vəkillərə ehtiyacı olduğu halda, bu institut sıradan çıxarılır. Azərbaycandakı vəkillərin 80 faizinin təəssüf ki, savadsız və rüşvətə görə qarşı tərəfə işlədiyini deyən hüquqşünas bildirdi ki, yerdə qalan 10-15 vəkili də hazırkı təzyiqlərlə sıradan çıxarmaq istəyirlər: “Son vaxtlar Xalid Bağırova, Elçin Namazova, Lətifə Əliyevaya, Namizəd Səfərova və başqalarına edilən hərəkətlər göstərir ki, hakimiyyət vəkillik institutunu öldürmək yolu tutub. Necə ki, gec deyil xalq ayağa qalxıb etirazını bildirməlidir”.

Xəyal