“Məzlum” nə der, zalim nə?..

Azərbaycanda sülalə zülmü aktualdır, ya bir ictimai təşkilatın ictimai genetikası?

Azərbaycan haqqında kim danışa bilər və ya kim danışa bilməz

Bu “Mezlumder” məsələsinin bu qədər dərinə gedəcəyini heç təsəvvür etməzdim. Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı arayışlar tərtib edən yerli və xarici insan haqları təşkilatlarının hər birinin genetikası ilə bu qədərmi məşğuluq? Ya Azərbaycan dövlətinin özünün xarici siyasətində təmas saxladığı ən müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla bu qədər dərindənmi analizlər veririk?
Heç bir dəhşətli hadisə baş verməyib. Türkiyədə 20 ildir fəaliyyət göstərən bir hüquq-müdafiə təşkilatı ilk dəfədir ki, Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabat yayıb. Təbii ki, neqativləri qeyd edib. Azərbaycanda insan haqları ilə bağlı neqativləri nəzərə almamaq mümkün deyil. Heç bundan ötrü uzağa getməyib elə Azərbaycan mənşəli hüquq-müdafiə təşkilatlarının hesabatlarını əsas götürmək olar. Bu hesabatları Azərbaycanın regiondakı bütün düşmənləri və bütün dünyadakı Ermənipərəst dövlətlər də oxuyurlar. Indi neyləyək, bu hesabatlar yayılmasın? Bu hesabatların yayılmamasından ötrü neqativləri aradan qaldırmaq lazımdır.

Jak Şirakın yaxasındakı orden geri alındımı?

Fransa dünyada erməni lobbisinin ən dərin qatlara qədər nüfuz edə bildiyi ölkələrdən biridir. Amma Azərbaycan hökuməti yarım kiloluq qızıl və daş-qaşla süslənmiş Heydər Əliyev ordenini bu ölkənin prezidenti Jak Şirakın yaxasından asdı. Həm də Jak Şirak Avropada ən çox korrupsiyaya uğrayan liderlərdən biri kimi tanınırdı. Nə baş verdi? Fransanın Azərbaycana yönəlik siyasəti dəyişdi? Əgər bu siyasət dəyişmişdisə, o zaman onun Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün ayırdığı diplomatın Qarabağa səfəri zamanı təbii ehtiyacını rəf etməsi epizodunu ümummilli faciə kimi təqdim etmək nəyə lazım idi ki?

PKK məsələsi

Deyək ki, “Mazlumder” PKKpərəstdir. Amma nə baş verdi ki, bu PKKpərəst təşkilat PKK-nı terrorçu təşkilat kimi tanımaqdan inadla imtina edən Azərbaycan hökumətinin insan haqlarını pozması faktlarını hesabat halına saldı. Əlbəttə, sadəlövh oxucular üçün belə təqdim edilə bilər ki, Ilham Əliyev PKK haqqında sərt ifadə işlətdikdən sonra belə bir hesabat ortaya çıxdı. Amma bu, yanlış təqdimatdır. “Mazlumder” Azərbaycanda insan haqları ilə bağlı arayış hazırlamaq üçün öz əməkdaşlarını bizim ölkəmizə ezam edəndə belə bir bəyanatın səslənəcəyi bəlli deyildi. Ikincisi, axı, Azərbaycanda PKK-nı maliyyələşdirməyə davam edən bir maliyyə şəbəkəsinin olduğunu davamlı olaraq və təkidlə hamı danışır və yazır. Ölkəni caynaqlarına almış nəhəng inzibati-kəşfiyyat şəbəkəsinin qulaqlarından xəbərsiz belə bir maliyyə axınını təşkil etmək mümkündürmü? Əlbəttə, yox.

Artıq Türkiyədə millətçiliyin nədən ibarət olduğu bilinmir

Türkiyə ciddi siyasi çalxantılar ərəfəsindədir. Cümhuriyyətin qurulduğu zamandan indiyə qədər mövcud olmuş inzibati, siyasi, ictimai münasibətlər sürətlə dəyişir. Millətçilik üzərində qurulduğu iddia edilən dövlət idarəetmənin mənəvi əsasları dağılır və yeni tipli idarəetmə görüşləri yaradılır. Bunun nə qədər uğurlu olub-olmadığının bu mövzuya dəxli yoxdur. Amma faktiki vəziyyət bundan ibarətdir ki, millətçilik ideologiyası kimi təqdim edilən ictimai-siyasi münasibətlərin özü və bu münasibətlərin təşkilati daşıyıcısı olduğunu iddia edən siyasi orqanizmlər ciddi böhran içindədir. Yeni ictimai-siyasi münasibətlər sistemini qurmağa istiqamətlənən yeni iddialılar da özlərini milli maraqların daşıyıcıları kimi təqdim edirlər və belə hesab edirlər ki, onlar Türkiyəni gələcəyə aparacaq daha optimal və daha effektiv ideoloji-təcrübi modellər təklif edirlər. Türkiyədə konservativ millətçilik bugünkü MHP-nin və ülkü ocaqlarının timsalında öz böhranını yaşayır. Bunun hansı obyektiv və subyektiv səbəblərə bağlı olduğu da başqa söhbətin mövzusudur. Zatən Türkiyədəki millətçilərin Azərbaycandakı avtoritarizmlə əməkdaşlıq faktları da həmin böhranın doğurduğu görsənişlərdən biridir. “Mazlumder”in Türkiyənin çağdaş siyasi mənzərəsində hansı platformanı tutanlarla bir yerdə dayanması, Türkiyə cəmiyyətinin müzakirə edəcəyi məsələdir. Əgər burada terrorla, vətənə xəyanətlə bağlı hansısa iddialar varsa, bu iddiaların qarşısına çıxmaq üçün Türkiyənin, hər halda, Azərbaycandakından da daha asılı olmayan məhkəmə sistemi də var. Bugünkü dominant siyasi platformalardan da ittihamlar səslənir ki, o zaman, Apo həbs ediləndə və yarğılananda Türkiyədə hökuməti oluşduran adamlar heç nədən çəkinməyərək onun edamına nail olmalı idilər və Türkiyənin bağımsız Məhkəmə sisteminə təzyiq göstərərək onun diri saxlanılması haqqında qərar çıxarılmasına söz verməməli idilər.

Türkiyədən uzanan saxta səslərə yetərincə qiymət verdikmi?

“Mazlumder” Türkiyə dövlətinin terror təşkilatı kimi tanıdığı PKK ilə əlaqələrdə ittiham edilir. Harada? PKK-nın terror təşkilatı kimi tanınmadığı və PKK ilə əməkdaşlığa görə heç bir cinayət məsuliyyətinin nəzərdə tutulmadığı Azərbaycanda. Maraqlıdır və “Mazlumder” Azərbaycanda insan haqlarının durumu ilə bağlı arayış hazırlamasa, kiminsə diqqətini cəlb edəcəkdimi? Məsələn, Azərbaycan hökuməti ilə şübhəli, hətta əsasında ciddi maliyyə vəsaitlərinin dayanacağı qədər şübhəli və təmənnalı münasibətlərinin olduğu Mövlud Çavuşoğlu, “Mərmərə” qrupu, Mustafa Kabakçı kimi…

Bu bir ilk Türkiyə təşkilatıdır ki…

Təbii, işin əsasında dayanan ən ciddi məntiq bundan ibarətdir ki, “Mazlumder” Azərbaycan haqqında tənqidi raport hazırlayan ilk Türk təşkilatıdır. Türkiyədə böyür-böyürə sıxlaşmış yüzlərlə jurnalist təşkilatlarından heç biri ağzına daş basılan Azərbaycan jurnalistlərinin acınacaqlı durumunu dilə gətirməyib. Azərbaycana gəldikləri zaman isə hansısa xəyali, romantik (zibilcəsinə romantik) duyğuları əsasında burada hər şeyin “ok!” olduğu barədə saxta rəylər verib cəhənnəm olublar.
“Mazlumder” isə Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşı olmadığını dilə gətirib. Yalan yazmayıb. Tam doğrunu yazıb və hələ neqativlər haqqında yetərincə bilgi toplamadan, səthi şəkildə yazıb. Əgər bu, bir PKK və erməni təşkilatıdırsa belə, Azərbaycan hökumətini qınamaq və bizim düşmənlərimizin dəyirmanına niyə su tökürsünüz deyə ittihamlar yağdırmaq olardı.
Amma mənim bildiyimə görə, Türkiyədəki bir çox insan haqları təşkilatları Azərbaycandakı sosial fəlakətlərlə bağlı hesabatlar hazırlayır. Bu hesabatlar aşkarlananda onların hər birinin genetikasını tədqiq etməyə başlasaq, absurdlara qədər gedib çıxacağıq. Mən onların hesabatlarındakı faktların üzərində müzakirə açmağın tərəfindəyəm.

***

Avropa Məhkəməsi Türkiyədə terrorla əlaqədar suçlu sayılaraq məhkum edilən yüzlərlə Türkiyə vətəndaşının Türkiyəyə qarşı iddiasını təmin edib. Neyləyək, oraya şikayət etməyək? Milli diktatorumuzun zülmünü həzm etməkdə davam edək? Bu “milli avtoritarizm” bizim ölkəmizin mənafelərini PKK-ya, erməni qarşısında təslimçiliyə bağlayıb; Azərbaycanın strateji müttəfiqi ola bilməyəcək Rusiyadan və Irandan asılı duruma salıb; Azərbaycan insanını özünü müdafiə edə bilməyəcək vəziyyətə gətirib: həm yerli, həm də dış zülmkarlar qarşısında cəmiyyətin müqavimət imkanlarını məhv edib; ölkəni ata malı kimi bölərək onun bütün maddi sərvətlərinə əl qoyub; insanların ən müqəddəs təminatlardan sayılan xüsusi mülkiyyət hüququnun üzərindən felən və qəti olaraq xətt çəkib; Azərbaycanı inzibati terrorun caynağına keçirərək özünü heç kim qarşısında məsuliyyət hiss etməyən və hesabat verməyə borclu saymayan mülkədara çevirib…
Və bizim problemimizə bax: “Mazlumder” kimdir ki, bizim şəklimizi çəksin? sualına cavab axtarmalıyıq…