“Fövqəlnazir”in adamı Məmməd Musayevin nüfuzlu qeyri-hökumət təşkilatını nəzarətə götürməsi «WikiLeaks»də
“WikiLeaks” saytının açıqladığı başqa bir sənəddə Azərbaycanda uşaq əməyindən istifadəyə dair məxfi məktubda maraqlı məlumat yer alıb. ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun 10 oktyabr 2009-cu il tarixli gizli teleqramında yazılır: “Uşaq əməyinin monitorinqi ilə məşğul olan fəaliyyəti dayandırılmış bir qeyri-hökumət təşkilatı vardı.
Azərbaycan Sahibkarları Milli Konfederasiyasının (ASK kimi də tanınır) Əmək Münasibətləri üzrə Departamentinin direktoru Sədaqət Qəmbərova bildirir ki, onun rəhbərlik etdiyi qurumu Məmməd Musayev (bu şəxs qüdrətli fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı adamdır) ələ keçirib. S.Qəmbərova deyib ki, Məmməd Musayev təşkilatın strukturunu dağıtmağa başlayıb. O, daha sonra əlavə edib ki, son dörd il ərzində istismara məruz qaldığı bildirilən minə yaxın uşaqla görüşüb. Onun fikrincə, “bunların hamısına ”uşaq əməyi” kimi baxmaq olmaz”, çünki bəziləri günün bir neçə saatını işləməklə sadəcə öz ailələrinə kömək edirlər, bu zaman təbii olaraq onlar məktəbdən uzaq düşürlər və psixoloji sarsıntıya məruz qalırlar”.