Israilə səfər edən Azərbaycan nazirlərindən birinin 50 kiloluq təzə quzu ətini özüylə daşımasından cuhudlar o qədər təəccübləniblər ki, bunu mətbuata çıxarıblar. Hələ “Vaşinqton post” da olaya “ağlasığmaz fakt” kimi öz səhifəsində xüsusi yer ayırıb, yazıb ki, azərbaycanlı nazirin Israildə, Ben-Qurion Beynəlxalq Aeroportunda Bakıdan apardığı 50 kiloluq quzu ətini cuhudlar protokollaşdıraraq məhv ediblər. Nazirin köməkçiləri isə baş verən olaydan puçur-puçur tər töküblər, xəcalətlərindən yerə girmək istəyiblər, ancaq yer aralanmadığından, bu əməliyyatı həyata keçirə bilməyiblər; elə utana-utana, çəkinə-çəkinə də deyiblər ki, sözügedən ət nazirin Israil səfəri zamanı qidalanması üçün nəzərdə tutulub.
Əlbəttə, cuhudların təsəvvüründə normal insan gündə ən çoxu 150-200 qram ət yeyə bilər. Bu hesabla götürəndə, “şəxsi qidalanma üçün” aparılan 50 kiloluq quzu ətinin hörmətli nazirimizi düz 250 gün görəcəyi şübhəsizdir. Olsun ki, cuhudlar nazirimizin Israildə 250 gün qalmağa hazırlaşmasından və ya 250 gün müddətində bu əti necə saxlayacağından təəccübləniblər.
Ancaq köməkçilər utanmaq və yerə girmək əvəzinə cuhudları başa salsaydılar, onlar da təəccüblənməz və bizim sayğıdəyər nazirimizi debil və psixi xəstə saymazdılar. Əvvəla, cuhudlara izah etmək lazım idi ki, nazirimiz milli dəyərlərimizi qorumaq istəyir – yoxsa, insan nə qədər səfeh, axmaq, düşüncəsiz, başdanxarab olmalıdır ki, hansısa ölkəyə səfərə gedən zaman özüylə 50 kilo ət aparsın – həm də bu adam nazirdirsə! Ona görə də xaricə qonaq gedəndə əti özüylə aparmağı məsləhət bilib. Hətta olsun ki, ümumiyyətlə, cuhud mətbəxini xoşlamır.
Ikincisi, izah etməliydilər ki, Azərbaycanda “çörək kəsmək” insanın boynuna çox ağır məsuliyyət qoyur. Bu səbəbdən ciddi danışıqlar zamanı cuhudların “sən kəsdiyimiz çörək” andını verib, xüsusi güzəştlər qoparılacağını düşünən nazirimiz “cuhud çörəyi” yeməməyi qarşısına məqsəd qoyub.
Üçüncüsü, lap tutaq ki, bunların heç biri deyil, ancaq bizim adətimiz, ənənəmiz var, axı! Məşhur qəhrəmanımız rəhmətlik Koroğludan üzü bəri bərkgedən kişilərimiz bir oturuma bir dananı yemələri ilə fəxr ediblər. Bu ənənəni indi də davam və inkişaf etdirən elə nazir balaları var ki, nahara bir ayını basıb yeyir, heç “uf” da demir. Hələ yüz tonlarla armatur, beton, sement, qum, daş, çınqıl, taxta, hətta körpü, “Avropa standartlarına uyğun” yol, avrotəmir bina yeyib, üstündən Oğuz-Bakı suyunu durbaqarışıq içən nazirlərimizdən danışmıram, 50 kilo ət nədir ki?!
Sakitcə, ufallıca cuhudları başa salmaq olardı ki, ay qardaşlar, bizim gözümüzü Allah özü də doydura bilmir: biz yığdıqca yığır, yedikcə yeyir, dağıtdıqca dağıdırıq! Bizim elə nazirimiz var ki, nəinki Azərbaycanın hər bir guşəsində, hətta dünyanın müxtəlif şəhərlərində yüzlərlə evi, mülkü, villası; onlarla maşını, təyyarəsi, helikopteri; hoteli, barı, restoranı… var. Amma yenə yığmaq vərdişindən əl çəkmir.
Ustufca Israil oğullarına izah etmək olardı ki, siz bu vaxta qədər yanlış öyrənmisiniz, buz dövründə dinozavrların kökü-zadı kəsilməyib, biz elə dinazavrıq ki, varıq!
Başa salmaq lazım idi ki, ey Ibrahim törəmələri, nə təhər olur, Təpəgöz bir oturuma 500 qoyun, 2 adam yeyə bilir, ancaq bizim yep-yekə, div boyda nazirimiz 50 kilo əti yeyə bilmir?
Hələ cuhudlar sevinməliydilər ki, o 50 kilo quzu ətinin yanında 2 dənə təzə adam qrili olmayıb…
Doğrusu, nazir köməkçilərini də qınamıram. Təsəvvür edin ki, Israil gömrükçüləri 50 kilo əti protokollaşdırandan sonra… məhv ediblər. Bu qədər ağılsız gömrükçülərmi olar? A kişilər, sizin boğazınız yoxdur? Yemək yemirsiniz? Ətin kilosu mikrorayon bazarında 10 manatı keçib, adam da 50 kilo əti məhv edər?
Bu cür debil gömrükçüləri görəndə, əlbəttə, nazir köməkçiləri israillilərin yerinə xəcalət çəkəcəkdilər…



