Onun açıqlamaları ölkəmizə qarşı fəaliyyətin tərkib hissəsidir
Dünən keçmiş hüquq müdafiəçisi, iqtidar deputatı Çingiz Qənizadə müsavat.com, qafqaz.info, lent.az və s. saytlarda bənzər başlıqlı yazı ilə çıxış edib. Həmin yazının adı azacıq fərqlidir: “Çingiz Qənizadə “Wikileaks”ə qarşı: “Wikileaks”in açıqlamaları Azərbaycan dövlətinə qarşı aparılan çirkin siyasətin tərkib hissəsidir!”.
O yazının nə olduğunu yəqin dərhal anladınız. Ağır dövrdə dosta kömək etmək qaydadır. Bizim yaxşı atalar sözlərimiz var: dost dar gündə tanınar. Indi dost işi ortadadır. Kömək də ortadadır. Ümumiyyətlə, belə dar günlərdə “Bu, Ilham Əliyevə, yaxud Azərbaycana təzyiqdir” düsturu dosta kömək üçün geniş imkanlar yaradır.
Amma neynəyəsən ki, artıq bu dünyada heç kim “Wikileaks”i qoyub Çingiz Qənizadəyə inana bilməz….
Ən gülməlisi odur ki, “Wikileaks” bütün dünya ölkələrinə aid sənədləri açdığı halda, onu məhz Azərbaycana təzyiq kimi qələmə vermək üçün, gərək, Aristotelin sillogizmlərini yalan çıxarıb, yeni məntiq nəzəriyyəsi düzəldəsən.
Lap tutaq ki, bu adamların dediyi kimi, dörd yanımız düşməndir. Onsuz da Ilham Əliyev artıq Türkiyəni də düşmən gözündə görür. Tutaq ki, xarici düşmənlərimiz nəinki yaxın ətrafımızı, hətta uzağımızı da bürüyüb. Bəs onda ölkəni içdən yeyən, korrupsiya ilə sərvətlərimizi talayan, insanların haqlarını pozan, ölkəni ədalətsizlik yuvasına çevirən, zəif salan beşinci düşmən niyə dayanmır. Vətəndaşları ölkədən iyrəndirən, Vətəni düşmənlərin qabağında zəif salan bu beşinci düşmən – Azərbaycan hakimiyyəti özü də Azərbaycana qarşı fəaliyyət göstərmirmi?
Onda bu beşinci düşmənə qulluq etmək Azərbaycana qarşı fəaliyyətin, siyasətin tərkib hissəsi olmaq demək deyilmi?
Normal demokratik ölkələrdən Azərbaycana bu gün yalnız bir şeyə görə etiraz var. O da demokratik dəyərlərə hörmət etmədiyinə görə, avtoritar hakimiyyətimizin xalqa qarşı elədiklərinə görə. Qalanı iqtidar havadarlarının və yazarlarının uydurmasıdır. Azərbaycan demokratik olduqda, o, mütərəqqi dünyanın bir hissəsi olacaq və heç bir düşmən ona təzyiqə cəsarət etməyəcək…
Hələ mən dünənəcən tərifi Qaf dağına qalxan uğurlu və uzaqgörən xarici siyasətimizin niyə Azərbaycana təzyiqlər dövrünə gəldiyini soruşmuram…
Bizim günahımız nədir?
Jurnalist Idrak Abbasovun evini uçurub, doğmalarını amansızlıqla döyüblər. Bu azmış kimi, xəstə anasının yanına gələn qardaşını Bakı Təcili Yardım Xəstəxanasının mühafizəçiləri döyüb. Aşkar və gizli şəkildə bu hakimiyyətə qulluq edənlər onun necə döyülməsinə internetdəki videodan izləyə bilərlər. Görsünlər Azərbaycan xalqını Sem dayı döyür, yoxsa Ilham əmi. Görsünlər orada Idrakın qardaşı döyüldükdən sonra necə ağlayır, “bizim günahımız nədir?” deyərək, necə hayqırır. Baxıb görsünlər ki, necə çirkin işə qulluq edirlər. Görsünlər…
Bunu ki “Wikileaks” yazmayıb…
Bu da sizin xarici düşmənləri olan ölkədəki idarəçiliyiniz, səhiyyəniz və təhsiliniz. Durub “Wikileaks”dən danışırsınız. Deyəsən, bunu da Sem dayının ayağına yazacaqsınız. Təhsil nazirimizin düşmən bağrı çatladan bu çıxışını təzə oxumuşam: “Normal, ağlı başında olan insan 200 manata müəllim olub əsəblərini korlamaz!”.
Bunu da “Wikileaks” yazmayıb ki?! Bunu ki öz naziriniz deyir. Adam da ətrafı və içi düşmənlə dolu olan bu ölkədə müəllim olar? Normal, ağlı başında olan adam gedib nazir olar və müəllimin yuxusuna girməyən məbləği qazanar. Adam, ən azı nazir müavini olar, ən azı adi gömrük işçisi olar, polis serjantı, müğənni olar.