Sən Allah, vurma!

“Sənin danışdıqların adamı həyəcanlandırır”- bu sözü Ilham Əliyev deyirmiş. Özü də Əhmədinejada. Ağayi Mahmud bəy də deyib ki, həyəcanlanma, mən danışıram, neftin qiyməti qalxır, burada pis nə var ki? Özünü ağıllı sayır da. Adama deyərlər, sən səfirlik partladanda bizim rəhbər Moskvada geopolitika oxuyurdu. Nə olsun ki, öyrənməyib. Əsas odur ki, oxuyub. Mövzumuz bu deyil təbii ki.

Bəndəniz Vikiliks-dən yazmaq istəyir. Nədir bu Vikiliks? Son vaxtlar yadıma bir əhvalat düşür. Zalım şah bir xoruzu qoyur şəhər meydanına deyir ki, kim bunun nə olduğunu desə, özü ağırlıqda qızıl alacaq, deyə bilməsə, boynu vurulacaq. Yolnan ötən hərə gəlir bir söz deyir, xoruz deyənin də boynu vurular, cücə deyənin də. Toyuq deyən dünənnən ölüb. Yaşlı biri yaxınlaşır ki, bəxtini sınasın. Padşah deyir ki, nədir bu məxluq. Deyir ki, padşah sağ olsun, bu, bir Allah bəlasıdır, keçib boğazımıza. Zalım şah deyir ki, qocanın bəxşişini verin getsin. Indi bu Vikiliks də olub bir Allah bəlası. Nə saytdı, nə qəzetdi, nə jurnal.
Ilham Əliyev bu Allah bəlasının vasitəsiylə rüsvayi-cahan olur. Deməli, qardaş ABŞ-lılara deyirmiş ki, Iran planınız təhlükəlidir. Iranlılara deyirmiş ki, siz ABŞ haqda danışanda məni həyəcanladırırsız. Bir sözlə, rəhbərimiz ürək döyüntüsündən əziyyət çəkirmiş. Qalıb iki nəhəngin arasında, neynəsin. Hələ mənfur rusların əlindən nə zara gəlib, o bir ayrı dərddir. Səfər Əbiyev demişkən, ikinci butulkadan sonra özləri də bilmirlər nə edirlər, nə danışırlar. Ilham Əliyev isə dünyaya ağalıq etmək istəyən bu avantüristlərin hərəkətlərindən həyəcan keçirməsin, neynəsin? Siz elə bilirsiz ki, bizim rəhbər öz canından qorxur? Xeyr, o qorxsaydı Qarabağ müharibəsində öndə olmazdı. Gedib Türkiyədə, Rusiyada bizneslə məşğul olardı. Ilham Əliyevin nəcib ürəyi dünya üçün döyünür. Bəşəriyyət üçün təlaş keçirir. Indi görürsünüzmü bizim dövlət başçısının siyasi məharətini, dünya xalqlarının həyatındakı rolunu. Müxalifət də yapışıb ki, Azərbaycan batır. Adamlar nə qədər xırdaçıdırlar, ilahi. Burda bəşəriyyətin taleyi həll olunur, Əli Kərimli, Isa Qəmbər “demokratiyaya keçidin yol xəritəsi”ndən danışırlar. Adama deyərlər, gəl gör bu əjdahaların döyüş planını və bil ki, bu, həm də sənin üçün hazırlanıb, görüm özünü necə hiss edərsən? Özü açıqlamayıb ki, terrorçuların azadlığa çıxmasını Əhmədinejaddan başqa kimlər xahiş edirmiş. Gərək açıqlayaydı. Hamısına dərs vermək lazımdır bunların. Yoxsa, qardaş, adam nə qədər həyəcan keçirər, təlaş yaşayar. “Vurma-vurma” deməkdən dilində tük bitib axı.
Əlbəttə, Natiq Güləhmədoğlukimilər bilməzlər ki, Ilham Əliyev niyə müxalifətə meydan vermir. Mən son günlər bunun necə də gözəl bir niyyətlə edildiyini anladım. Müdrik davamçı bilir ki, Azərbaycanda müxalifətə meydan versən demokratiya-filan şüarları altında mitinqlər, digər aksiyalar keçirəcəklər. Tələb ortaya qoyacaqlar. Tələb də təklif yaradacaq. Təklif də inqilab olacaq. Bir sözlə, biz də olacağıq ABŞ kimi mənasız bir dövlət. Bizə bu lazımdı? Ilham Əliyevdən çox bilirik? Məsləhət olsaydı, villanı Dubaydan yox, Kaliforniyadan alardı.. Deməli, oralar kef çəkməli ölkələr deyil. Bizə nə lazımdı, kef, bir də həyəcan. Maşallah, ikisi də var…