Indi mətbuatda “ərəb baharı” ilə bağlı maraqlı yazılar dərc olunur. Insanlar əvvəlki siyasi təcrübələrlə o qədər də uzlaşmayan, daha doğrusu, məqsədi ilə uzlaşan, amma vasitələrilə xeyli fərqlənən siyasi prosesi dərk etmək və onu əxz etmək istəyirlər. Bu, tamamilə normal bir prosesdir. Amma mən bu proseslərin, yəni “ərəb baharı”nın əsas nəticələrini başqa şeydə görürəm.
Nədir bu nəticə? Ilk dəfə sübut olundu ki, elə bir müxalifət, struktur, institut olmadan belə azadlıq uğrunda mübarizəni və mücadiləni yüksək səviyyədə aparmaq və hətta qələbə çalmaq da mümkündür! Əgər cəmiyyət etiraz edir və bu etirazın ardınca gedirsə, onda heç kim bu prosesi dayandıra bilməz, o mütləq qalib gələcək. On səkkiz ildir ki, biz eynicə gileyi eşidirik: “müxalifət yoxdur!”, “hamısı satılıb!”, “müxalifət sözünü demir!”, “hər şey oyundur!”, “bunlar hamısı eyni adamdır!” və s. Etiraf edin ki, bu gileylərdən artıq cana yığılmışıq. Hər dəfə deyirsən ki, müxalifət satılıbsa, özünüzə yeni müxalifət yaradın! Hər şey oyundursa, siz bu oyuna girməyin, öz oyununuzu yaradın! Beləcə, on səkkiz ildir ki, polemika gedir. Lakin “ərəb baharı” hər şeyin çox sadə olduğunu göstərdi. Əgər müxalifət yoxdursa, onsuz da keçinmək olar! Əsas odur ki, cəmiyyət olsun və bu cəmiyyət ürəkdən etiraz etmək, sözünü əmələ çevirmək istəsin, onda güclü, institutlaşmamış müxalifət olmadan da keçinmək mümkündür! Bəli, ərəb inqilablarını rəngli inqilablar silsiləsinə də aid etmək çətindir, burada böyük itkilər oldu. Elə bu detal özü də bir ibrət və dərs hesab oluna bilər – azadlıq uğrunda bəzən itkilər, qurbanlar labüd olur.
Amma mən belə maraqlı özəlliyin gələcək fəsadlarını da görürəm. Azadlığı qazanmaq azdır, onu qoruyub saxlamaq, institutlaşdırmaq da lazımdır. Bəli, azad olduq, amma onu sosial-siyasi instituta çevirə bilmədiksə, deməli, çox problemlər yaşanacaq. Insanlarda siyasi vərdişlər olmalıdır, ilk siyasi qrup və komandalar olmalıdır, bu qrupların müəyyən idarəçilik təcrübəsi, vərdişi olmalıdır, seçki institutu yaranmalıdır, hökumətə nəzarət mexanizmi, qeyri-hökumət təşkilatlarının şəbəkəsi qurulmalıdır. Bir sözlə, problem çoxdur və onların sayını bir az da artırmaq olar. Amma mən yenə də nikbinəm, çünki o ölkələri Avropadan bir dəniz ayırır. Güman edirəm ki, proseslərin daha bir nəticəsi olacaq. Vaxtilə rejimin əlindən öz ölkəsini tərk etmiş, indi Avropada yaşayan siyasi mühacirlərin bir hissəsi geri dönəcək, özlərilə müəyyən bir siyasi vərdiş və təcrübə gətirəcəklər.
Yaxın Şərqin uzaq durumu
Hə, indi bunu heç kim təsəvvür edə bilmir. Çox çətindir. Mən Israili müdafiə etmirəm, belə hesab edirəm ki, bu ölkə Misirdən üzr istədiyi tək Türkiyədən də üzr istəyə bilərdi. Bircə anlığa təsəvvür etsək ki, gəmilərə müdaxilə hətta zəruri idi, hər halda baş vermiş hadisəyə, öldürülmüş insanlara görə Israilin Türkiyədən də, başqa ölkələrdən də üzr istəməsi zəruri idi. Mən hələ bu ana qədər görməmişəm ki, üzr istəmək kiməsə əskiklik gətirsin. Düzdür, dövləti adi insanlarla eyniləşdirmək olmaz, amma hər halda, dövləti də elə insanlar idarə edir və onlara müəyyən etik çərçivələr yad olmamalıdır. Ötən dəfə də bu haqda yazmışdım. Israil ətraf dövlətlərin hamısını özünün düşməninə və rəqibinə çevirib. Ən pis cəhət budur ki, bundan Iran kimi dövlətlər yararlana bilər və yararlanacaq. Azərbaycanın bu hadisələrə münasibətinə gəldikdə, o, təmkin nümayiş etdirməli və hadisələrə təmkinlə yanaşmalıdır. Iki dövlətin, Israilin və Türkiyənin arasında yaranmış vəziyyəti mən hələ də anlaşılmaz situasiya adlandırmaq istəyərdim. Hər halda, ümid edək ki, bu anlaşılmazlıq da aradan qalxacaq…
Kiçik sözardı
Bəli, böyük siyasət böyük səbr tələb edir. Amma insan ürəyi dözmür. Indilər çox maraqlı proses baş verir. “WikiLeaks” gündə bir açıqlama ilə çıxış edir. Elə təsəvvür yaranır ki, bütün bunlar ölkədə böyük rezonans yaradacaq. Amma hələ ki, sükutdur. Bunu necə başa düşək? Bəlkə bu da bir “oyun”dur? Insan şübhə edə bilər, amma, hətta şübhələrin də bir sərhədi olmalıdır axı!..


