kiv-df

Müşfiq ailəsindən daha bir repressiya qurbanı?

Folklorşünas Əlihüseyn Dağlı

O illər dəhşətli illər idi. Həm də ona görə dəhşətli idi ki, hədəfə alınan bir insanın heç bir yaxınına, doğmasına belə aman yox idi. Belə şəxslərdən bir də nakam şairimiz Mikayıl Müşfiqin dayısı oğlu olub – Əlihüseyn Həmidov. Xızıda anadan olduğuna görə ona “dağlı balası” deyirdilər. Elə ədəbi yaradıcılıq işlərini də “Dağlı” ləqəbi ilə yazırdı.

Əlihüseyn Dağlı – 1898-ci ildə Xızıda kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçüb. Əlihüseyn rus-tatar məktəbində 3 sinif bitirib. Ailə vəziyyəti ağır olduğundan, təhsilini davam etdirə bilməyib. 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində işləyib. Həmin illərdə sol-eser partiyasına daxil olub. 1918-ci ildə tif xəstəliyinə tutulub, sağalandan sonra “Müsavat” ordusunda sıravi əsgər kimi qulluq edib.

Sonralar Ə.Dağlı kommunist partiyasının üzvü olmaq qərarına gəlib. Ona görə də, 1919-cu ildə I qurultayın keçirilməsinə yaxın bir zamanda “Hümmət” təşkilatının katibi Həbib Cəbiyevə ərizə ilə müraciət edir. Qurultay bitəndən sonra Ə.Dağlını partiyaya qəbul edirlər.

Bakı komitəsi onu tezliklə şəhər komendantlığı nəzdində siyasi rəhbər təyin edir. Sonra o, Bakı qarnizonunun hərbi komendantı, xalq komissarlığında hərbi komissarlığın katibi, Azərbaycan Ali məhkəməsinin üzvü, 1924-25-ci illərdə Azərbaycan SSR Hərbi diviziya və Xəzər hərbi donanmasının hərbi prokuroru, 1926-cı ildə DTI-nin baş milisində rəis, 1932-ci ildə Balakən, Ağdaş rayonlarında icraiyyə komitəsinin sədri və bir çox məsul vəzifələrdə çalışıb…
Mikayıl Müşfiqi həbs edəndən sonra onun həyat yoldaşını, bacısını, bacısının ərini həbs etməklə ürəyi soyumayan bolşevik əlaltıları şairin dayısı oğlu Əlihüseyn Dağlını da təcili həbs etməyə göstəriş verirlər. Repressiya maşını bu ailənin ziyalılarını məhv etməyi qarşısına məqsəd qoymuşdu.Əlihüseyn Dağlının həbsi üçün 17 oktyabr 1937-ci ildə artıq order yazılmışdı. Artıq 29 oktyabr 1937-ci ildə Əlihüseyn Həmidov həbs edildi. Onun həbsi ilə bağlı tərtib edilən arayışda deyilirdi: “Azərbaycan SSR-də əksinqilabi, burjua-millətçi təşkilatının üzvü kimi həbs edilmiş Ruhulla Axundovun verdiyi ifadəyə görə Həmidov Əlihüseyn Ağdaş rayonunda işlədiyi müddət ərzində əksinqilabi, burjua-millətçiliyi yaydığı üçün Azərbaycan SSR cinayət məcəlləsinin 72-73-cü maddələri ilə həbs edilsin!”

Ə.Həmidova qarşı istintaqa ifadə verənlər arasında Dadaş Bünyadzadə, Həsən Səfərov, Rəşid Qayıbov və başqaları da var idi. Ə.Həmidov ilk istintaqa həbsə alınmasından bir ay sonra 25 noyabr 1937-ci ildə məsuliyyətə cəlb olunur. M.C.Bağırov Ə.Dağlının dərisini soydurub Suraxanı quyularına atmağı əmr vermişdi. Buna görə də, nəyin bahasına olur-olsun o, hər şeyi boynuna almağa məcbur edilməli idi.         
“Mən əksinqilabi təşkilatın üzvü olmamışam” 
Ə.Dağlı öldürülsə belə, o hər cür böhtanlara cavab verməyi üstün tuturdu. Gənclik illərindən bolşeviklər partiyasının üzvü, inqilabın qələbəsində xidmətləri olan Ə.Dağlının istintaq protokolunda öz əli ilə qorxmadan yazdığı fikirlər onun inqilaba sadiqliyinin bir daha nümunəsidir:
1. Mən əksinqilabi təşkilatın üzvü olmamışam və əks-inqilabi iş aparmamışam. 
2. Əksinqilabçı millətçi təşkilata heç kim məni cəlb etməyib və heç bir əksinqilabi iş aparmamışam.Bu dindirilmə qane etmədiyindən, müstəntiq onu haqqında ifadə verənlərdən biri – inqilabçı Dadaş Bünyadzadə ilə üzləşdirmək qərarına gəlir. Dağlı D.Bünyadzadənin yalvarışlarına baxmayaraq – onun “məni əksinqilaba cəlb etdiyi ilə heç cür razılaşmıram” deyir. Sonra da sözünə davam edərək: 
– Qoy Bünyadzadə iki oğlunun canına and içsin ki, o məni əksinqilaba cəlb edib.
Bu zaman D.Bünyadzadə üzünü Ə.Dağlıya tutub, yalvara-yalvara: 
– Əlihüseyn, niyə yalan deyirsən, sonra sənə pis olacaq… 
Doğrudan da, gecələr beş nəfər gəlib Ə.Dağlıya əziyyət, işgəncələr verir, gözünü də qırpmağa belə, imkan vermirdilər. Rezin dubinka, dəmir çubuqla necə vururdularsa, çığırtısı ərşə qalxırdı. Taygöz əlindəki kağızı yuxarı qaldırıb D.Bünyadzadənin onu inqilaba cəlb etdiyi haqqında yazıya qol çəkməyi Dağlıdan tələb edirdi. Bir neçə nəfəri üzünə durdurmağa çalışdırsalar da, hər cür əzab və işgəncələrə dözən Ə.Dağlı bu haqsızlıqlara mətanətlə sinə gərirdi. Müstəntiq üzləşmədə H.Səfərov, R.Qayıbovdan da istifadə etməyinə baxmayaraq, o, heç bir inandırıcı məlumat əldə edə bilmədi.

Sənədlərdən məlum olur ki, ümumiyyətlə, partiya işçilərinin, ədəbiyyat və incəsənət xadimlərinin dindirilməsində, xüsusilə R.Axundov faktorundan geniş istifadə olunub. 
Uzun, ağır işgəncələrə baxmayaraq R.Axundovu sındırmaq o qədər də asan olmayıb. Lakin ondan fərqli olaraq, D.Bünyadzadənin son dəfə “nəyə istəyirsiniz imza atım, lakin tezliklə məni öldürün” deməsi M.C.Bağırovun qeyri-insani xislətini bir daha sübuta yetirir. Nəhayət 18-19 aylıq ağır, işgəncəli günlərdən sonra Ə.Dağlıya 8 il həbs cəzası kəsilir.

Ali Məhkəmənin 5 iyun 1939-cu il, 13 saylı protokolundan çıxarışdan məlum olur ki, Həmidov Əlihüseyn (Dağlı) Həmid oğlu antisovet, millətçi təşkilatında iştirakına görə 8 il müddətində azadlıqdan məhrum edilir.

Məhkəmədən dərhal sonra Ə.Dağlı DIN-in Kalımada olan düşərgəsinə sürgün edilir. Dörd il burada qalandan sonra 1943-cü ilin iyulunda Xabarovski vilayətinin Svodnıy şəhərində fəhlə, bir qədər keçdikdə isə kənd təsərrüfatı maşınlarının təmiri ilə məşğul olur. Sonu görünməyən təqib…

19 oktyabr 1945-ci ildə həbs müddəti bitməyinə baxmayaraq, Vətən müharibəsini əsas gətirərək Ə.Dağlını azad etmirlər. Halbuki, Vətən müharibəsi altı aya yaxın idi ki, bitmişdi. Yalnız 10 fevral 1947-ci il tarixdə Ə.Dağlı azad edilir, mühafizə altında yaşayış yerini dəyişməli olur və Şamaxıya gedir. Aprel ayında artıq Ə.Dağlı Şamaxıda məskunlaşır. O, ikinci həbsinə qədər Şamaxının Rılazi stansiyasında yaşayırdı. Ə.Dağlı Şamaxıda yaşadığı illər ərzində bacısına dəymək üçün gizlicə Bakıya gəlir və tezliklə də geri qayıtmağa məcbur olurdu.

Bir müddət Şamaxıda Kirov adına sovxozda işləyir. Az sonra məlum olmayan səbəbdən Ə.Dağlını 10 gün müddətinə həbs edirlər. Haqsız həbs olunmağı haqqında rayon DTK-nın podpolkovniki Məmmədliyə müraciət edir. O da öz növbəsində M.C.Bağırovun gəlməyindən xəbər tutub, Ə.Dağlını 1948-ci ilin yanvarında Şamaxı rayon daxili işlər idarəsinə çağırır və 24 saat müddətində rayonu tərk etməyi əmr edir. Bundan sonra o, məcburiyyət qarşısında qalıb Xızıya köçməlı olur. Ə.Dağlı Xızının Altıağac kəndində olan kombinatda işə düzəlir. Bir müddət sonra MTS-in direktoru Ə.Dağlını yanına çağırır “mən ordenliyəm, sən mənim başçılıq etdiyim idarədə işləyə bilməzsən”  deyib, işdən çıxarır.

Nəticədə addımbaaddım izlənən Ə.Dağlı nəhayət ki, 1949-cu ilin yanvar ayında əksinqilabçı, millətçi kimi yenidən həbs edilir.

Həmişəki kimi əvvəlcədən Ə.Dağlıya həbsi üçün order yazılır. 3 yanvar 1949-cu ildə Ə.Dağlıya order təqdim olunur və DTK-nın daxili həbsxanasında saxlanılır. Ə.Dağlı 12 sentyabr 1954-cü ildə SSRI Nazirlər Sovetinin sədri Malenkova azad olunması haqqında ərizə ilə müraciət edir. Müraciətdə iki dəfə həbs olunduğunu və hər ikisində də açıq-aydın şər atıldığını qeyd edir. Ərizədə, həmçinin Şimalın havasından ayaqlarının tutulduğunu, artıq 56-57 yaşı olduğunu və azad edilərsə, müalicə olunacağını qeyd edir. Buna görə də, gələcək müalicəsinə şərait yaradılmasını da xahiş edir.

Əlihüseyn (Dağlı) Həmid oğlu Həmidov yalnız 15 noyabr 1955-ci ildə həbsdən azad olur və elmi-bədii yaradıcılığını davam etdirməyə müvəffəq olur. Ə.Dağlı bir sıra kitabların və neçə-neçə nəşr olunmamış əlyazmaların müəllifidir. 
O, 1981-ci ilin yanvar ayının 28-də 83 yaşında dünyasını dəyişmişdir…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir