Irandakı həbslərlə bağlı Əli Həsənovun səmimi qəlbdən mötəbərliyinə inandığı televiziyalar və informasiya agentlikləri də məlumatlar yayırlar. Bəlli olur ki, fars rejimi dəhşətli repressiyalar həyata keçirir, Urmu gölünün qurumasına qarşı heç bir tədbir görməyən hakimiyyət orqanlarına etiraz etmək istəyən insanları həbs edir, mitinqləri zorakılıqla dağıdır.
Məsələn, ETTELAAT Urmiya sakini Firudin Ağazadəni (Atilla) aksiyaya qatıldığına görə həbs edir.
Təsəvvür edirsinizmi, nə qədər alçaq, antihumanist, insan haqlarına hayqırı bir hərəkətdir. Belə dəhşəti eşidəndə Irandakı totalitar rejim bütün vahiməsi ilə adamın gözləri qarşısında canlanır. Heç adamı da etiraz aksiyasına qoşulduğuna görə həbs edərlər?
Görün, ETTELAAT-ın həyasızlığı, vəhşiliyi, qaniçənliyi hara çatıb ki, Ərdəbil Azad Islam Universitetinin tələbəsi Həmid Qüvvətini də tutur, evində axtarış aparır. Hələ onu demirəm ki, 22 yaşlı Cavad Fəthini, 18 yaşlı Məhəmmədrza Əqdəsi, 24 yaşlı Cəlal Əmirini də saxlayırlar.
18 yaşlı gənci hansı şərəfsiz hakimiyyət azad fikrinə görə həbs edər?
21-ci əsrdə, bütün dünyanı demokratiya dalğası bürüdüyü bir məqamda qadın hüquq müdafiəçisi, tanınmış ictimai fəal Fəranək Fəridinin həbsi Iran rejiminin sivil cəmiyyətə meydan oxumasından başqa bir şey deyil.
Bütün bunlar cəhənnəm; ancaq aksiyalarda istifadə edilən plastik güllənin Urmiyadan olan 15 yaşlı gəncin gözünü çıxarmasını nə Allah götürər, nə də bəndə!
Elə deyilmi, hörmətli YAP-istlər? Doğru demirəmmi?
Bəs, bu xaraba məmləkətin azadlığı uğrunda vuruşan, ölkənin Müstəqillik Aktının müəlliflərindən olan Arif Hacılı Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümündə məhz aksiyaya çıxdığına görə həbsdədirsə, bunun adı nədir?
Iranda 18 yaşlı Məhəmmədrzanın həbsindən dəhşətə gəlirik, bəs, 19 yaşlı tələbə Cabbar Savalanlının tutulmasına nə ad qoyaq? Hələ Cabbara baxanda Məmmədrzaya şükür – onun cibindən narkotik maddə çıxmayıb. Var olsun ETTELAAT, sağ olsun Iran rejimi, heç olmasa, bu binəva gəncin cibinə nəşə atmağı şərəf və ləyaqətlərinə sığışdırmayıb!
Hələ vəhşətlə bağırdığımız bu xəbəri də oxuyun: tutulanların ailə üzvləri Urmiya şəhər prokurorluğuna gedərək, yaxınlarının buraxılması üçün girov qoyublar, lakin qəddar, qaniçən fars rejiminin məmurları girova yaxın durmayıblar.
Azərbaycanda hansı siyasi məhbus girov müqabilində məhkəməyə qədər azadlığa buraxılıb? Bircə fakt varmı ki, fars rejiminin YAP iqtidarından daha dəhşətli olduğunu bəyan eləyim?
Əvəzində isə baxın: aksiyaları dağıtmaq üçün zor tətbiq edən molla rejiminin atdığı plastik güllə təsadüfən 15 yaşlı uşağın gözünü çıxarırsa, Azərbaycanda bu ölkənin işğaldan azad olunması, torpaqlarının bütövlüyü uyğurda ermənilərlə savaşan və yaralanan, əlil olan iş adamı Maşallah Cəbiyevin gözünü döyə-döyə çıxarır bizim polisimiz. Ermənilər onun ayağını yaralamışdısa, Azərbaycan polisi bu Qarabağ mücahidinin gözünü tökdü! Səbəb nəymiş? Qarabağ əlili M.Cəbiyevin icarədarı olduğu daş karxanasını əlindən almaq!
Azərbaycanda demokratiya naminə keçirilən mitinqlərə çıxdığına görə hazırda nə qədər adam həbs olunub? Neçəsinə məhkəmədə qanunsuz olaraq iş kəsilib? Hətta tutulan aksiya iştirakçılarının hüquqlarını müdafiə edən vəkillər təzyiqlə üzləşirsə, onların həbs təhlükəsi yaranırsa, fars-molla rejimindən YAP iqtidarının fərqi nədir?
Var fərqi: Azərbaycandakı rejim daha amansız, daha qəddar, daha antidemokratik, daha əzazildir və dərd odur ki, Iranda bunları fars rejimi türklərə qarşı edir, burada isə qənim özümüzünkülərdir.