Diaspor, yoxsa Əliyevşina qurbanları?

Birinci köç (1970-1990)

(II yazı)

90-cı illərin əvvəllərindən başlayaraq keçmiş sovet respublikalarında yaşayan soydaşlarımız təşkilatlanmağa başladılar. Proses çox sürətlə gedirdi və ədalət naminə deyək ki, Azərbaycan hökuməti bu işdə soydaşlarımıza lazımi diqqəti ayırmaq iqtidarında deyildi. Ölkə Ermənistanla faktiki olaraq müharibə vəziyyətində idi və bu sahəni ölkədəki ictimai təşkilatlar koordinasiya edirdilər. Bu dövrdə o zaman diaspor adlanmayan, “28 may”, “Azəri”, “Novruz”, “Odlar yurdu”, “Dalğa” kimi müxtəlif adlarla fəaliyyət göstərən onlarla cəmiyyətlər Azərbaycan ordusuna, şəhid ailələrinə, müdafiə fonduna etdikləri qarşılıqsız yardımlar hamımızı duyğulandırırdı. Bundan başqa, Rusiyanın iri şəhərlərində müxtəlif aksiyalar keçirir, Rusiyada fəaliyyət göstərən ictimai təşkilatlarla iş aparırdılar. Hətta antierməni təbliğatı o qədər güclü aparılırdı ki, Qarabağda və Ermənistanda xidmət edən əsgər anaları güclü bir təşkilat yaradaraq, övladlarının geri qaytarılmasını israrla tələb edirdilər. Bu işləri görən soydaşlarımız həqiqətən də əsl vətənpərvərlik nümunəsi göstərirdilər. Ermənistan o dövrdə təbliğatda açıq-aşkar bizə uduzurdu. Hətta Rusiya prezidenti B.Yeltsin Azərbaycanın o vaxtkı dövlət başçısı Əbülfəz Elçıbəylə görüşmək üçün hətta Dərbəndə, yaxud Mahaçqalaya gələ biləcəyini söyləmişdi. Bu, böyük diplomatik uğur idi və bu işdə orada yaşayan soydaşlarımızın haqqını danmaq ədalətsizlik olardı…

…Heydər Əliyev dönəmindən bu günədək isə diaspor haqqında (xüsusən də keçmiş sovet respublikaları olanları) danışarkən, elə məqamlar var ki, biz onları vurğulamağa məcburuq…

1993-cü ildən sonra, təxminən bir neçə il bu sahədə durğunluq oldu…

Istər xaricdə yaşayan həmvətənlərimiz, istərsə də, hakimiyyət sanki gözləmə mövqeyinə keçdilər. Nəhayət, müvafiq nazirlik yarandı və güman etmək oardı ki, bu sahədə irəliyə doğru addımlar atılacaq… Lakin təəssüflər olsun ki, düzgün siyasət aparılmadı və iqtidar öz xarakterinə uyğun olaraq bu sahədə də inzibati amirlik üsullarını tətbiq etməyə başladı. Soydaşlarımız vaxtilə baş götürüb qaçdıqları qürbətdə tanış səhnələrlə qarşılaşmağa başladılar. Bu təşkilatlar yenidən qurulmağa başlayanda ədalətsizliklər baş alıb getməyə başladı. Illərlə bu qurumların başında duranlara yol göstərildi, yaxud da ağır şərtlərlə işləməyə məcbur edilməyə başlanıldı. Yeni açılmış səfirliklər və konsulluqlara “işləmək” və onların kaprizlərinə dözmək, aylıq haqq (təyinatı göstərilmədən), dövlət xətti ilə ora səfər edənlərə “qayğı” (!) və.s. Hazırda isə, buna Rusiya vilayətlərində H.Əliyevin heykəli və adına salınacaq park tələbi və məlum fondun hesabına köçürüləcək məbləğ də əlavə olunub. H.Əliyevlə bağlı bayramlar zamanı yığıncaq və konsertlərinin təşkilini də yada salsaq, onların halına acımamaq mümkünsüzdür.

Əsas özəyini 70-90-cı illərdə gedən soydaşlarımızın təşkil etdiyi bu qurumlarda vəziyyət belədir. Qəribədir, vaxtilə qaçdığın rejim yenidən səni vətəndən kənarda yaxalayır və üzr istəmək əvəzinə, heç bir mənəvi haqqı olmadan ədalətsiz şərtlərə işbirliyi təklif edir. Doğrudur, çəkilib kənarda duranlar da olur, lakin bu böyük risk tələb edir. Bu zaman elə orada yaradılan problemlərlə yanaşı, vətəndəki yaxınlarını da düşünməlisən…

Buna etiraz edənlərin bir çoxu artıq Avropa və Amerika ölkələrində məskunlaşıblar. Elə bu mövzuda yazmağımı da hazırda Amerikada yaşayan, vaxtilə Rusiyada böyük nüfuza sahib, keçmiş diaspor rəhbərlərindən biri xahiş etdi. Sadə bir ömür yaşayan, artıq ikiqat qürbətçi(!) statusu olan bu soydaşımız tək deyil. Onlarla, bəlkə də yüzlərlə azərbaycanlı bu təyziqlərə etiraz edərək yenidən daha uzaq ölkələrə getməklə canlarını qurtara bilirlər…

…Bu insanların qəribəliyi ondan ibarətdir ki, onlar heç vaxt Vətəndən küsmürlər və inanırlar ki, bir gün yenə Azərbaycana xidmət edəcəklər.
Bu, 1970-90-cı illərdə vətəndən umduqlarını qürbətdə tapanların taleyidir və onlara biganə qalmamaq mümkün deyil…