Hakimiyyət daxilində “2013 savaşı”

Ramiz Mehdiyev niyə Heydər Əliyev Mərkəzinə getməyib?

“Wikileaks” saytının Azərbaycanla bağlı yaydığı yeni materiallarda hakimiyyətdəki güc mərkəzlərindən bəhs edilir. Həmin materiallarda Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan hakimiyyətindəki əsas güc mərkəzləri kimi göstərilirdi.
Əslində “Wikileaks”in ictimailəşdirdiyi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Rino Harnişin hesabatlarında əks olunan bu məlumatlar zaman-zaman “Azadlıq” və digər mətbuat orqanlarında dərc olunub. Iqtidarın monolit olmadığı, bir neçə klan arasında hakimiyyətə nəzarət uğrunda qızğın mübarizə getdiyi vurğulanıb. Bu mübarizə bu gün daha kəskin formada davam edir. Ona görə də hakimiyyətin daxilinə yenidən nəzər salmaq yaxşı olardı.
Heydər Əliyevin dövründə hakimiyyətin üst qatı Naxçıvan və Qərbi Azərbaycanlılardan təşkil olunmuşdu. Naxçıvan və Qərbi Azərbaycan ayrı-ayrı regionlar olsa da, Heydər Əliyev bu iki bölgədən vahid klan yarada bilmişdi. Doğrudur, hakimiyyətdəki naxçıvanlılar və qərbi azərbaycanlılar arasında müəyyən ziddiyyətlər var olub. Lakin ata Əliyev buna rəğmən klanın parçalanmasına imkan verməyib. Heydər Əliyev öldükdən sonra vəziyyət tamamilə dəyişdi.
Naxçıvan-Qərbi Azərbaycan klanı iki qrupa parçalandı. Və bu qruplar arasında ziddiyyətlər qarşıdurma müstəvisinə keçdi. Nəticədə Qərbi Azərbaycan qrupunun liderlərindən sayılan sabiq səhiyyə naziri Əli Insanovun həbsilə Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan qrupu qalib gəldi. Mövzu ilə bağlı söhbətləşdiyimiz siyasi ekspert Ibrahim Ibrahimli hesab edir ki, əslində Qərbi Azərbaycan qruplaşmasının zəiflədilməsi, nəticə etibarilə Naxçıvan klanı üçün mənfi nəticələrə səbəb oldu: “Əvvəla, Naxçıvan klanının özü Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun timsalında iki yerə parçalandı. Və indinin özündə də bu iki qruplaşma arasında münasibətlər ürəkaçan deyil. Bundan başqa, Naxçıvan və Qərbi Azərbaycan klanının iki qrupa parçalanması, daha sonra Ramiz Mehdiyevin rəhbərliyi ilə Qərbi Azərbaycan qrupunun küncə sıxılması hakimiyyətdə başqa bir klanın güclənməsinin əsasını qoydu”.
Ibrahim Ibrahimli deyir ki, bu klan Paşayevlərin rəhbərlik etdiyi Bakı-Şirvan klanıdır. Heydər Əliyevin dövründə kölgədə qalan Paşayevlər Ilham Əliyevin hakimiyyətə yiyələnməsindən sonra önə çıxmağa başlayıb. Ibrahim Ibrahimlinin fikrincə, Paşayevlərin sürətli inkişaf dövrü əsasən 2005-ci ildən sonraya təsadüf edir. 2008-ci il prezident seçkilərindən sonra isə Paşayevlər hakimiyyəti tam nəzarətə götürmək iddiasına düşüb. Demokratik Azərbaycan Dünyası Partiyasının bazasında YAP-a alternativ yaradılması, Mehriban Əliyevanın 2013-cü ildə prezident seçkilərinə qatılması məsələsinin gündəmə gəlməsi Paşayevlərin güc nümayişi kimi dəyərləndirilə bilər. Bakı-Şirvan klanının artıq təhlükəyə çevrildiyini anlayan Ramiz Mehdiyev onların 2013-cü illə bağlı planlarının qarşısını almaq məqsədilə referendum keçirilməsini ortaya atıb.
Paşayevlər referendumdan sonra iddialarından geri çəkilibmi? Ibrahim Ibrahimlinin qənaətincə, xeyr: “Paşayevlər 2013-lə bağlı planlarından geri çəkilməyib. Mən xüsusi olaraq diqqəti ”Eurovision 2012” Mahnı Müsabiqəsinə yönəltmək istəyirəm. Bu müsabiqənin keçirilməsi ilə bağlı təşkilat komitəsinin rəhbərliyinə Mehriban Əliyevanın gətirilməsi təsadüfi deyil. Paşayevlər bu müsabiqədən tramplin kimi istifadə etmək niyyətindədir. Lakin onların bu niyyətinin baş tutacağı inandırıcı görünmür. Çünki bu, hakimiyyətin parçalanması ilə nəticələnə bilər. Yeri gəlmişkən, məndə olan məlumata görə, Ramiz Mehdiyevin istefası gündəmə gələndə o, Heydər Əliyev Mərkəzinin rəhbərliyinə keçməyə razılıq verib. Lakin sonradan bəlli olub ki, onun yerinə Hafiz Paşayevin gətirilməsi planı var. Bundan sonra Ramiz Mehdiyev niyyətindən daşınıb. Bu isə Paşayevlərlə onun arasındakı ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olub”.
Beləliklə hazırda hakimiyyət daxilində Bakı-Şirvan klanı ilə Naxçıvan-Qərbi Azərbaycan klanının dağınıq qrupları arasında qızğın savaş gedir. Növbəti saylarımızda bu savaşın tam təfərrüatlarını oxucuların diqqətinə çatdırmağa çalışacağıq.

Analitik şöbə