Wikileaks hökumətin Türkiyə siyasətini ifşa etdi

Elxan Şahinoğlu: «Rəsmi Bakı dolayı yolla özünün elan etdiyi balanslaşmış xarici siyasətinin iflasa uğradığını göstərir»

Türkiyənin Israillə münasibətlərin gərginləşməsi fonunda Azərbaycanın hansı mövqeyi tutacağı hələ açıqlanmayıb. Lakin hakimiyyətə yaxınlığı ilə seçilən ekspertlərin rəyi artıq müəyyən nəticə çıxarmağa imkan verir. Çünki bir çox hallarda hakimiyyət məhz onların dilindən öz mövqeyini ifadə edir. Belə ekspertlərdən bir neçəsi Azərbaycanın Türkiyə-Israil münasibətlərində qardaş ölkənin mövqeyindən çıxış etməyəcəyini deyib. Görünür, rəsmi Bakının dar məqamda ona arxa olan Ankaraya münasibətdə eyni addımı atmaq niyyəti yoxdur.
Yeri gəlmişkən, bu günlərdə Wikileaks-in açıqladığı sənədlərdə də Əliyevin Ankaraya münasibətdə qeyri-səmimi olduğu bir daha ortaya çıxıb. Belə ki, Brayza ilə görüşdə I.Əliyev Türkiyədəki AKP hökumətinin siyasətindən narazılıq ifadə edib. O, Türkiyə hökumətinin siyasi Islama doğru getdiyini və dünyəvi demokratiyadan uzaq olduğunu deyib. Əliyev bildirib ki, Ərdoğanın Qəzza məsələsi ilə bağlı Israilə kəskin hücumlarını anlaya bilmir. Misir, Səudiyyə Ərəbistanı və Iordaniyanın səsini çıxarmadığı vaxtda. Əliyev qeyd edib ki, Türkiyə Fələstində əsasən Irana bağlı qüvvələri müdafiə edir, HƏMAS-a meyl göstərir. Türkiyənin bu mövqeyi Azərbaycanın onunla vahid xarici siyasət aparmasına da çətinləşdirir.
Əliyevin bu mövqeyi nədən xəbər verir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Wikileaks-in əvvəl açıqladığı sənədlərində də Ilham Əliyevin Türkiyə barədə söylədiyi fikirlərin yer aldığını xatırlatdı: “Bu vaxta qədər açıqlanan sənədlərdə Ilham Əliyevin Türkiyə siyasətinə dair neqativ ifadələri yer almışdı. Sonra  Qazaxıstanda Ilham Əliyev Abdulla Gülə yaxınlaşaraq o sənədlərlə onun Türkiyə haqqında dediklərinin yalan olduğunu izah etməyə çalışdı. Abdulla Gül da qarşılığında bu sənədə inanmadığını söyləyib. Görünür, Ilham Əliyevin Türkiyə haqqında dedikləri yenə də təkrarlanır”.
Ekspert deyir ki, son sənəddə Ilham Əliyevin Qərb, Türkiyə, Rusiya və Irandan narazı qaldığı əks olunub: “Qərbdən narazıdır, çünki onu sıxırlar. Irandan narazıdır ki, çünki bunun əleyhinə işlər görür. Türkiyə-Israil münasibətlərinin gərginləşməsinə görə bütün məsuliyyəti qoyur Ankaranın üzərinə. Əgər bu istiqamətlər üzrə Azərbaycanın xarici siyasətində problemlər varsa, bu o deməkdir ki, rəsmi Bakı dolayı yolla özünün elan etdiyi balanslaşmış xarici siyasətinin iflasa uğradığını göstərir. Bu sənəddən də belə qənaətə gəlmək olar”.

Fizzə