Ad gününü məhbəsdə qarşılayan vicdan məhbusu – Məhəmməd Məcidli
“O, daim narazıdır. Ölkədəki islahatlara öz nöqteyi-nəzərindən baxır. Qanunlardan və qanunların icrasından daim narazıdır. Kütləvi aksiyalarda iştiraka meyllidir. Yaşadığı qəsəbədə daim müxalif fikirlər yayır”. Bu, Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan vicdan məhbusu Məhəmməd Məcidliyə Cəbrayıl Rayon Icra Hakimiyyətinin verdiyi mənfi xarakteristikadan götürdüyüm qeydlərdir.
2 aprel aksiyasına görə həbs olunan 15 nəfərdən yalnız Məhəmməd Məcidliyə mənfi xarakteristika verilib. Görünür ki, Məhəmməd bəy ötən parlament seçkisində yerli icra hakimiyyətinin yaddaşında güclü iz buraxa bilib.
Məhəmməd Məcidli gəncliyinin ilk günlərindən milli azadlıq hərəkatına qoşulan, heç zaman siyasi kimliyini gizlətməyən, torpaqların azadlığı uğrunda döyüşən bir AXCP yetkilisidir. Məhəmməd Məcidli ölkənin inanclı kəsimi və elmi auditoriyası içərisində ciddi imic və xarakteri ilə seçilən şəxslərdəndir. Lakin icra hakimiyyəti onun müsbətdən də ötə sayılacaq keyfiyyətlərini görmədən bir xarakteristika yazmağı özünə rəva bilib. Əlbəttə, icra nümayəndəsinin dayaz təfəkkürünün nəticəsi kimi ortaya çıxan “xarakteristika” adlı cızma-qaraya görə Məhəmməd Məcidlinin işi nə azaldılacaq, nə də çoxaldılacaq. Ancaq kiçik bir nüans Azərbaycan inzibati aparatının necə dayaz düşüncəli, demokratiyadan uzaq, vətəndaşlarına qarşı necə qərəzli və kinli olduğunu üzə çıxarır.
Müxalifət partiyasının üzvü olmaq, qanunların icrasına etiraz etmək, onları bəyənməmək nə zamandan cinayət, insanı mənfi səciyyələndirən hal olub? Hamı, hər şeyə əl çalmalıdır – bu, ancaq totalitar rejimlərin tələbi ola bilər. Və Məhəmməd Məcidliyə yazılan xarakteristika da bu tələbin məhsuludur.
Müxalif düşüncəlisənsə, deputat, nazir, məmur, biznesmen ola bilməzsən, bunu bilirdik, yeniliyi isə, sağ olsun, Cəbrayıl Rayon Icra Hakimiyyəti bizə öyrətdi: müxalifətsənsə, mənfi insansan!
Bir dəfə Cəlal Əliyev parlamentdə o zamanın müxalifətçisi sayılan deputat haqqında balaca bir xoş söz işlətmişdi. Həmin şəxs mətbuata bu halı məyusluqla şərh etmişdi: “Görəsən, nə qəbahətim var ki, Cəlal Əliyev məni bəyənib”.
Niyyət pis olmasaydı Məhəmməd Məcidliyə verilən o xarakteristikaya sevinmək də olardı. Xalqın malını ata malı kimi yeyib talayanlardan necə razı qalmaq olar; ancaq məzlumları istismar etmək üçün yaradılan qanunları necə bəyənmək olar; bütün seçkiləri saxtalaşdıran, ədalətsizliyi pik həddə çatdıran rejimə qarşı bir ziyalı necə müxalifətdə dayanmaya bilər? Məhəmməd bəy bunların hamısını edib və buna görə də həbsdədir.
Biz hamımız Məcidli kimi hakimiyyətin gözündə “pis oğlanlar”ıq. Yaxşı oğlan olmaq üçün ən azı 1 milyon manata ayı alıb kəsmək lazımdır.
Bu gün Məhəmməd Məcidli məhbəs divarları arasında ad gününü qarşılayır. O, bütün “pis oğlan”lara yaxşı gün istədiyi üçün ordadır. Məhəmməd bəyin məhkəmə proseslərini izləyən biri kimi əminlikdə deyirəm ki, bu ad günü onun üçün son dərəcə əlamətdardır. Heç bir ad günündə o, üzərində indiki kimi ictimai diqqət görməyib. Zarafat deyil, 2 aprel kimi nəhəng etirazın məsuliyyətinin dörddə birini Məhəmməd bəyin çiyinlərinə qoymaq istəyirlər. Məhbəs divarları arasında olmaq çox acıdır, yaxınlarından, sevdiklərindən ayrı düşməkdir. Ancaq sevdiyin dəyər səninlədirsə, ürəyində, beynindədirsə, yerləşdiyin şəraitin məhrumiyyətləri heç vaxt səni sıxa bilməz. Biz bunu hər məhkəmə prosesində Məhəmməd bəy və o biri vicdan məhbuslarımızın simasında görürük.
Məhəmməd Məcidlinin əlində hər məhkəmədə bir kitab görürəm. Daha çox 37-ci il repressiyalarını mütaliyə etdiyi hiss olunur. Məhkəmədə çıxışlarında da 37-ci il repressiyalarından tez-tez sitatlar səslənir. Mən dostlarıma bu məqamla bağlı narahatlığımı bölüşdüm; dedim ki, illər ötdü, 37-ci il repressiyaları bizim üçün qürur, güc mənbəyi oldu. Xalqımızın qaymaqlarını qıranların günahını iki-üç erməni hakim, prokuror tapıb bütün alçaqlıqları onların üstünə yıxdıq. Soruşdum: bəs illər ötəndən sonra biz vicdan məhbuslarımıza iş və hökm oxuyan bu hakim və prokurorları necə “erməni” çıxaracağıq? Bu dəfə ki Moskva yoxdur, indi heç bir hakimin başına güllə dirəyib saxta hökm verilməsini istəmirlər? Saxta hökmdə imzası olan hakim və prokurorların qayğısını qoy onların balaları, yaxınları çəksin, biz isə öz arxadaşlarımızdan arxayınıq. Onlar növbəti on illiklər üçün insanlarımıza qürur və cəsarət mənbəyi yaradırlar.
Təbriklər, Məhəmməd bəy!