Əli İnsanovla general arasında insident baş verib?

Sabiq nazirin Mədət Quliyevi hədələdiyi bildirilir

Sabiq səhiyyə naziri, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əli Insanovla Penitensiar Xidmətinin rəisi, general Mədət Quliyev arasında insident yaranıb. Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Mədət Quliyev bir neçə gün əvvəl Əli Insanovun saxlanıldığı cəzaçəkmə müəssisəsində olub.
Məhbusların problemləri ilə maraqlanan general qəfildən sabiq nazirin sərt ittihamlarına tuş gəlib. Əli Insanov Penitensiar Xidmətin rəhbərliyini məhbusların hüquqlarını pozmaqda ittiham edib. Sabiq nazir həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, bu günə qədər müalicə müəssisəsinə köçürülmədiyinə görə ədliyyə naziri Fikrət Məmmədovun da ünvanına sərt ittihamlar səsləndirib.
Mədət Quliyev məhbusların qarşısında Əli Insanovun ittihamlarını həzm edə bilməyib və ona kobud cavab verib. General sabiq naziri cinayətkar adlandırıb və bildirib ki, o, daha ağır cəzaya layiqdir.
Əli Insanovun da cavabı kifayət qədər sərt olub. Sabiq nazir əlindəki əsanı yerə döyəcləyərək deyib ki, Ədliyyə Nazirliyinin rəhbərliyini bir gün şəxsən özü həbsxanaya göndərəcək. Bu yerdə Mədət Quliyevin mühafizəçiləri zorla Əli Insanovu görüşün keçirildiyi salondan çıxarıblar.
Penitensiarın xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə xəbəri təkzib edib.