Əli Kərimlidən Güney Azərbaycana dəstək

«Heç bir avtoritar və totalitar hakimiyyətin gələcəyi yoxdur»

AXCP sədri: “Urmiya gölünün qurumasının qarşısını almaq mümkündür, amma Iran hakimiyyəti burada kompakt yaşayan azərbaycanlıları köçürmək məqsədi ilə bunu etmir”

“Biz gərək bütün imkanlardan istifadə edib Urmiya gölünün qurumasının yaradacağı ekoloji fəlakətin miqyasını dünyaya çatdıraaq. Çox böyük ekoloji fəlakətdir. Bu göl qurusa, 500 klometr radiusda ərazilər şoranlaşar və 10 milyondan artıq insan ev-eşiyindən olar. Bu, əslində təkcə Cənubi Azərbaycanın deyil, regonun problemidir” bu sözləri AXCP sədri Əli Kərimli GünAz TV-yə müsahibəsində deyib. AXCP sədri vurğulayıb ki, gölün qurumasının qarşısını almaq mümkündür, amma Iran hakimiyyəti burada kompakt yaşayan azərbaycanlıları köçürmək məqsədi ilə bunu etmir, bu, həm də bir assimilyasiya siyasətidir. Güney azərbaycanlılar da bunu duyduqları üçün haqlı etiraz edirlər.
Əli Kərimli başlanan mübarizəni dünyaya nümunə olacaq dinc hərəkat adlandırıb. O deyib ki, Azərbaycan türklərinin öz torpaqları və milli sərvətləri uğrunda heç kimə ziyan vermədən mücadilə apardıqlarını bütün dünya görür. Və bizim dəstəyimiz bu məsələdə öz soydaşlarımıza sona qədər və tərəddüdsüzdür. Biz öz haqqımızı səbrlə dünyaya çatdıra bilərik. Ona görə də nüfuzlu beynəlxalq televiziyalar bu mövzunu diqqətdə saxlayırlar.
Əli Kərimli Suriyadakı demokratikləşmə prosesinə də münasibət bildirib. O deyib ki, suriyalıların əzmi Misir inqilabını bəşəriyyətin ən böyük inqilabı olmaqdan məhrum etdi: “Həqiqətən də Suriyada böyük bir demokratiya savaşı gedir. Amma orada insanların canı bahasına aparılan mücadiləyə böhtan atırlar. Kim xaricdə oturan birinin sözü ilə ölümə gedər? Insanlar sadəcə 40 illik əsarətdən beziblər və yaranmış fürsətdən istifadə edib azadlıqlarına qovuşmaq istəyirlər” deyə Əli Kərimli bildirb.
Neft diktatorları üçün faciənin yaxınlaşdığına işarə edən AXCP lideri AB ölkələrinin Suriyaya embarqosunu misal gətirib: “Baxın, dünyanın 27 inkişaf etmiş ölkəsi Suriyadan neft-qaz alamağa embarqo tətbiq etdi. Indiyə qədər neft diktatorları demokratiya tələb edən ölkələri təhdid edirdilər ki, sizə neft satmaram. Amma indi bunlar anlasınlar ki, onlardan neft alan da yoxdur və neft sata bilməyəndə nə günə düşərlər, məgər neft bir-iki ölkədən çıxır. Bu, bütün diktatorlara bir mesajdır”.
“Suriyadan sonra növbə kimindir” sualına cavab verərkən Əli Kərimli belə deyib: “Mən xatırlayıram ki, ərəb inqilabları başlayanda ABŞ konqresində kəşfiyyat rəhbərləri ilə birgə dinləmələr oldu. Konqresmenlər onlardan hesabat istəyirdilər; necə oldu ki, bu boyda inqilablar oldu, bizim xəbərimiz olmadı? Bu boyda kəşfiyyatı biz niyə saxlayırıq. Kəşfiyyat şefləri dedilər ki, biz narazılığı bilirdik, amma partlayışı bilmirdik. Bu dalğa şübhəsiz ki, regionu və Iranı əhatə edəcək”.
Əli Kərimli qəti əmin olduğunu bildirib ki, heç bir avtoritar və totalitar hakimiyyətin gələcəyi yoxdur. Xalqımız gərək ayıq sayıq olsun, öz maraqlarını təmin etsin, haqlarını qorusun: “Azərbaycan hakimiyyəti nail olub ki, Azərbaycan balanslı şəkildə bütün ölkələrlə düşmənçilik siyasəti aparır. Bizə təhlükəsizlik təminatını AB verir, NATO verir, amma Azərbaycanın hakimiyyət başçısı buna getmir. Deməli, kürsü mənafeyi Qarabağın mənafeyindən qabağa çıxır. Çünki AB demokratik seçki istəyir. Adını xatırlamaq istəmədiyim generalın artıq-əskik bəyanatı bundan qaynaqlanır. Azərbaycanı təhdid edən, milli kimliyinə dil uzadan, əl uzadan hər bir şəxs bizi – Xalq Cəbhəsini qarşısında görəcək”.
Güneylilərə Bakıda olan münasibətə gəlincə, Əli Kərimli vurğuladı ki, Azərbaycan heç kimlə mübahisəyə girməməlidir, heç kimə də haqqımızı yedirtməməliyik: “Ən böyük yanlışlıq odur ki, Azərbaycan hakimiyyəti öz soydaşlarımıza sahib çıxmır. Ehtiyatlılığı qorxaqlıq kimi anlamaq olmaz. Azərbaycan hökuməti bu sərhədi tapa bilmir təəssüf ki. Mən burada oturub Suriya ərəblərinin haqqını qoruya bildiyim kimi, öz soyumdan olanları da qorumalıyam. Bizi təhdid edən Iranla bizi qoruyan Türkiyə arasında balans gözləmək dövlətçilik deyil”.
Müsahibədə Azərbaycan hakimiyyətinin dünyagörüşünə toxunan Əli Kərimli deyib ki, bu siyasətin kökü odur ki, indiki hakimiyyətdə olanlar müstəqillik mücadiləsində, xalq hərəkatında olmayıblar: “Azərbaycan hakimiyyəti Irandan olan soydaşlarımızdan onların sərbəstliyinə görə ehtiyat edirlər, azad düşüncələrindən narahatdırlar. Çünki özləri düşüncə etibarı ilə demokrat deyillər, müxtəlifliyi qəbul etmirlər, onlara elə gəlir ki, bütün zalımlar da onlar kimi vətəndaşlara nə istəsələr edə bilərlər. Bu, bizə utanc verir ki, güneylilər burada qala bilmirlər, qaçaq düşürlər”.

 

Seymur