«Məmurlar ölkədə ət və taxıl istehsalı ilə məşğuldur»
Vahid Məhərrəmov: “Məmurların öz təsərrüfatlarının olması üzündən taxıl və ət bazarında yüksək qiymətin saxlanması onlara sərf edir”
Avqustda ətin qiymətinin bahalaşmasını ilk günlərdən “Azadlıq” olaraq diqqətdə saxlamışıq. Ətin qiymətinin bahalaşması müxtəlif səbəblərlə izah olunur. Ətin qiymətinə təsir edən faktorlardan biri də ölkəyə gətirilən ətə gömrükdə alınan qeyri-rəsmi haqdır. Bir neçə gün əvvəl Bakıdakı məşhur ət mağazalarından birinin direktoru Qurban Məhərrəmov maraqlı etirafda bulunub. Onun sözlərinə görə, bahalanmaya əsas səbəb sərhəddəki korrupsiyadır.
Belə ki, iri buynuzlu mal-qaranın böyük hissəsi Azərbaycana Rusiya və Gürcüstandan gətirilir. Əvvəllər 17 malın yerləşdiyi bir lafetə görə yarımleqal şəkildə 500-600 manat ödəyirdiksə, indi qiymət 10 dəfə bahalanıb və hazırda 5 min manatdır. Bu isə ətin qiymətinə mənfi təsir edir. Əgər əvvəllər hər mala görə gömrükdə əlavə 35 manat qeyri-rəsmi haqq alınırdısa, indi bu rəqəm 294 manatdır. Bəs görəsən ətin qiymətinə ciddi təsir edən gömrük faktoru ilə hakimiyyət niyə bacarmır?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, ətin qiymətinin bahalaşmasına səbəb məmurların ət satışına ciddi müdaxilə etməsidir. Xeyli məmur və onlara yaxın olan adamların ölkədə ət və taxıl istehsalı ilə məşğul olduğunu deyən V.Məhərrəmov vurğuladı ki, artıq o da məlumdur ki, bu şəxslər kököltmədə mal da yetişdirirlər. Bu üzdən məmurların öz təsərrüfatlarının olması üzündən onlara həm taxıl, həm də ət bazarında yüksək qiymətin qalması sərf edir: “Məmurlara idxala böyük qeyri-rəsmi rüsumların tətbiqi sərf edir. Çünki belə olan halda onların yetişdirdikləri mal-qaraya daha çox təlabat olacaq. Digər tərəfdən ətin qiymətinin yüksək olması da onlara sərf edir. Çünki məmurların hazırda yetişdirdikləri mal-qaranan sayı olduqca çoxdur”.
Belədə bazardakı qiymətlərin məmurların diqtəsi ilə formalaşdığını deyən V.Məhərrəmov bütün yükün isə sadə vətəndaşların çiyninə düşdüyünü söylədi.
Xəyal


