Fəzail Ağamalının niyə testə qarşı olduğunun sirrini çözdüm

Fəzail Ağamalı növbəti dəfə TQDK-nı hədəf seçib. Bu hakimiyyətin sayəsində ölkədə korrupsiyanın batırmadığı ocaq başı qalmayıb. Rüşvət, fırıldaqçılıq hər yerdə, hər addımdadır. Belədə TQDK-nın istisna olması da gülünc görünərdi.

Amma gəlin etiraf edək ki, ölkədə korrupsiya deyəndə ən son yada düşən məhz TQDK-dır. Azərbaycanda milli sərvətlərin, büdcə pullarının dağıdıldığı daha böyük ünvanlar var, onlar qarşısında səssiz qalıb TQDK-dan yapışmaq gülməlidir.
TQDK bu ölkəyə demokratik, dürüst Elçibəy hakimiyyətinin mirasıdır. Mayası halallıqla yoğrulub. Elə ona görə də Əliyevçi rejim 18 ildir onu tamamilə korrupsiyalaşdıra bilməyib, bu qurumda hələ də işıqlı, təmiz şeylər qalır.
Ümumiyyətlə, bu hakimiyyətin TQDK-nı sinirmədiyi çox açıqdır. Bu ölkəyə testi gətirənlərə ürəklərinin ən dərin yerində nifrət etdiklərinə şübhəm yoxdur. Test imtahanları olmasaydı, indi təhsildən daha çox “yun qırxırdılar”. Qəbul imtahanlarından qazanacaqları pul bəlkə də neft pulları ilə müqayisə olunmazdı, amma vergidən, gömrükdən gələn pullardan da geri qalmazdı.
Ona görə də hər addımda test imtahanlarının ədalətliliyini, obyektivliyini şübhə altına almaq istəyirlər. Özlərinin yaratdığı Neft Fondunda hansı nəhəng maxinasiyaların döndüyünə kor olub, Elçibəy hakimiyyətinin qurduğu, mayasındakı dürüstlüyü az-çox qoruyub saxlayan TQDK-nı hədəf seçirlər.
Test imtahanları olmasaydı, biz bu gün Azərbaycan təhsilinin gerçək, utancverici səviyyəsini də bütün çılpaqlığı ilə görməzdik. Test imtahanlarının nəticələri, TQDK-nın məcburi hesablamaları sayəsində bunlar özləri hər il özlərini ifşa etmək məcburiyyətində qalırlar. Etiraf etməli olurlar ki, Azərbaycanda savadsızlığın, bilgisizliyin sərhədləri nə boyda böyüyüb, cəhalət nə qədər çiçəklənib.
Testə, TQDK-ya qıcıqlarının bir səbəbi də budur.
Hakimiyyətin münasibəti ilə bu qədər. Gələk şəxsən Fəzail Ağamalının test və TQDK-ya az qala 10 ilə yaxındır davam edən allergiyasına…
Yenə də deyirəm, nə TQDK süddən çıxmış ağ qaşıqdır, nə də onun sədri adından fərqli olaraq məleykədir. Amma hər halda TQDK Gömrük Komitəsi də deyil, Neft Fondu, ARDNŞ, Vergilər Nazirliyi, Bakı şəhər Icra Hakimiyyəti də deyil. Bəs indi Fəzail Ağamalının onları qoyub, onlara güldən ağır söz deyə bilməyib TQDK-ya qıcıq olmasının, test imtahanlarının ədalətliliyinə kölgə salmaq istəməsinin əsl səbəbi nə ola bilər?
Məncə, bunun çox sadə səbəbi var: əgər onun gəncliyində, orta məktəbdən məzun olduğu vaxtlarda ölkədə TQDK olsaydı, ali məktəbə qəbul isə test imtahanı ilə keçirilsəydi, yüzdəyüz Fəzail müəllim keçid balını belə toplamazdı, universitet üzünə ömürlük həsrət qalardı. Çünki hansı üzünə çevirsəniz, testlə qəbul imtahanında bilik, savad bir nömrəli şərtdir.
Bunu özü də bilir və ona görə də həzm etməyə çətinlik çəkir. Düzdür, Fəzail Ağamalının bəxti gətirib ki, TQDK-nın, test imtahanlarının olmadığı dövrdə orta məktəbi bitirib və ali məktəbə qəbul olub, amma şüuraltı xof, qorxu hələ də qalır axı. Hərdən düşünür ki, ey dadi-bidad, birdən o da zamanında universitetə daxil olmaq üçün test imtahanı verməli olaydı, nə olardı halı?
Yəqin yaşıdlarının tələbəlik xatirələrini həsədlə, qibtə ilə dinləməkdə keçərdi ömrü.

Iki Anarın ortaq xəstəliyi

ITV-nin departament direktoru Anar Yusifoğlunun qəzetlərdən birində oxuduğu kitablar haqqında yazısına rastladım.
Bilirsiniz ki, ITV-nin açması gerçəkdə “Ictimai Televiziya” olmalıdır. Amma bizim ITV-yə “Ilhamın televiziyası”, “Ismayılın televiziyası” demək olar, ancaq “Ictimaiyyətin televiziyası” demək əsla – adamın ağzı əyilə bilər.
Indi belə bir telekanalın departament direktoru mütaliə etdiyi kitablar haqqında yazısının bir yerində görün nə yazır: “”Yaxşı padşahın nağılı” idarəetmənin eybəcərliyini göstərən çılpaq mənzərə kimi xəyalımdan getmirdi”. Görürük necə getmirmiş, axırda ITV-yə gedib çıxdın…
Ümumiyyətlə, bu Anarların “Yaxşı padşahın nağılı” söhbəti get-gedə əcaibləşir. Bir Anar “Yaxşı padşahın nağılı”nı yazıb pis padşahın quluna çevrilir, digəri isə onu oxuyub.
Doğrudan da, məəttəl qalmalı işdir.
Xalqa riyaziyyat dərsi keçmir, amma vəzifə dərsi keçir
Misir Mərdanovun dünənki açıqlamaları Azərbaycanda lətifə yaradıcılığının yeni çiçəklənmə dövrü yaşamağa başladığını göstərdi. Adamın söylədiklərini təbəssümsüz, bəzən isə lap şaqqanaq çəkərək, uğunub gedərək oxumamaq mümkün deyil.
Oxumusunuzsa, yəqin mənimlə razılaşarsınız. Oxumamısınızsa, mütləq tapıb oxumağınızı məsləhət görürəm.
Mən isə həmin anekdot-açıqlamalardan indi sadəcə, birindən danışmaq istəyirəm. Adam deyir: “Bəzən mənə sual verirlər ki, sizin özünüzün də 65 yaşınız tamam olub, niyə vəzifədən getmirsiniz”. Heç kəs vəzifəsində əbədi deyil və heç kəs vəzifədən getməyi faciə hesab etməməlidir”.
Əcəb zibilə düşmüşük. 20 ildir biz vəzifəni tutub buraxmayan da bu, bizə vəzifə haqqında mühazirə oxumağa qalxan da!
Misir müəllim, birincisi, sənə bu 65 yaş məsələsi ortaya çıxandan elə sual verirlər, ondan əvvəl isə az qala hamı sual verir ki, adam da heç 20 il nazir olarmı? Bəs bu sualı niyə həmişə ötüşdürmüsən, heç vaxt cavab verməmisən, yenə də cavab vermirsən? Üstəlik, səndən soruşan yoxdur ki, vəzifədən getmək faciədir, ya yox, səndən soruşurlar ki, 20 ildir bir vəzifədə oturmaq faciədir, ya yox?
Ikincisi, Misir müəllim, xalqa vəzifənin əbədi olmadığı barədə dərs keçmək lazım deyil. O dərsi özünə və on illərdir hakimiyyəti qamarlayıb oturmuş vəzifədaşlarına saxla.
Xalqa, onun övladlarına isə riyaziyyat, fizika, kimya-zad dərslərini düz-əməlli keçin, başqa şey istəmirik.