“WikiLeaks” müxalifətin də sirlərini yaydı

İlham Əliyev nəyə görə İsa Qəmbərdən razı qalıb?

ABŞ diplomatlarına aid məxfi yazışmaları açıqlamaqla dünya diplomatiyasında “zəlzələ” effekti yaradan “WikiLeaks” saytı Azərbaycanla bağlı silsilə sənədlər yaydığı haqda məlumat vermişdik. Müxtəlif illəri əhatə edən həmin sənədlərdə ABŞ-ın ölkəmizdəki səfirlərinin, diplomatik korpusun yüksək vəzifəli əməkdaşlarının Vaşinqtona ünvanladığı “məxfi” və “tam məxfi” şriftli məktublarda Azərbaycanda baş verən ictimai siyasi proseslər, olayların pərdəarxası məqamları öz əksini tapıb.
ABŞ-ın ölkəmizdə səfiri olmuş Rino Harnişin “mərkəz”ə göndərdiyi 21 mart 2006-cı il tarixli məxfi məktubunda ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Daniel Fridin Azərbaycana səfəri, onun Ilham Əliyevlə görüşü, aparılan danışıqların gizli detalları qeyd olunur.
Harniş məktubunda yazır: “Ilham Əliyevin martın 14-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Daniel Fridlə görüş zamanı Azərbaycanın daxili və xarici siyasəti müzakirə olunub. Görüş zamanı Ilham Əliyev bildirib ki, Azərbaycan ABŞ-la əməkdaşlıqda maraqlıdır və rəsmi Bakının Qərbmeylli oriyentasiyası qüvvədə qalır. Ilham Əliyev müzakirələr zamanı Gürcüstanda yaşayan azərbaycanlıların durumundan narahatlıq keçirdiyini də ABŞ rəsmisinin diqqətinə çatdırıb”.

Əliyev Daniel Fridə hansı sözü verib?

Daniel Fridlə Ilham Əliyevin görüşündə Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti, hökumətin atdığı addımlar, geridə qalan parlament seçkiləri müzakirə olunub. Daxili siyasət məsələlərinin müzakirəsi zamanı Ilham Əliyev qeyd edib ki, enerji sektorunun inkişafından sonra ölkəyə daxil olan gəlirlərdən düzgün istifadə olunması, yoxsulluq səviyyəsinin azaldılması nəzərdə tutulur. Daniel Frid Ilham Əliyevə söyləyib ki, Azərbaycanda demokratiya və insan haqlarının inkişafı qaçılmazdır. Bununla yanaşı həbs olunan eks-nazirlər Əli Insanovla Fərhad Əliyevin məhkəmə prosesinin şəffaf keçirilməsi vacibdir. Ilham Əliyev də öz növbəsində söz verib ki, keçmiş nazirlərin məhkəmə prosesi şəffaf və açıq keçiriləcək: “Azərbaycanın daxili siyasətinin müzakirəsi zamanı Ilham Əliyev söyləyib ki, o, ötən il keçirilən parlament seçkiləri nəticəsində Müsavat partiyasının namizədlərinin bir neçə yer qazanmasından və onların parlamentə getmək haqda qərar verməsindən məmnun qalıb. Əliyev Fridin nəzərinə çatdırıb ki, o, Isa Qəmbərə qarşı şəxsi antipatiyası olsa da, Müsavat başqanının parlamentə getmək haqda qərarı verməsinə sevinir. Eks-nazirlər Fərhad Əliyev və Əli Insanovun həbsinə toxunan Əliyev əlavə edib ki, nəyə görə Qərb Fərhad Əliyevin işinə belə diqqət ayırır. Halbuki həmin nazirlər siyasi hakimiyyətin yox, hökumətin üzvləri olublar”.

“Azadlıq bloku”na daxil olan partiyalardan 2005-ci il seçkilərinə dair fərqli qərar

“WikiLeaks”ın Azərbaycanla bağlı açıqlanmış başqa bir məxfi yazışma isə 2005-ci ildə keçirilmiş parlament seçkilərindən sonra “Azadlıq bloku”na daxil olan partiyaların seçkilərlə bağlı mövqeyi, Müsavat partiyasının parlamentə getmək, AXCP və ADP-nin isə parlamentin işinə qatılmamaq haqda qərarlarından bəhs edir. Rino Harniş 7 fevral 2006-cı il tarixli məxfi məktubunda yazır: “Fevralın 5-də Müsavat Partiyasının üzvləri toplantı keçirərək noyabr seçkiləri zamanı qələbə qazanmış namizədlərin parlamentə getməsi və mayın 13-də keçiriləcək əlavə seçkilərdə iştirak etmək barədə qərar verdi. Müsavat partiyası əlavə seçkilərdə irəli sürəcək namizədlərin adlarını açıqlamasa da, partiyanın rəhbərliyində təmsil olunan Arif Hacılı və Rauf Arifoğlu təkrar seçkilərə qatılmaq istəklərini gizlətmirdilər.  Müsavat partiyasının başqanı Isa Qəmbər parlamentə getmək və əlavə seçkilərə qatılmaq barədə qərarın parlamentin legitim olmasına dəlalət etmədiyini bildirərək bu addımların partiya maraqlarına uyğun atıldığını söyləyib”.
Diplomat Vaşinqtona ünvanlanan gizli teleqramında “Azadlıq bloku”na daxil olan digər iki nüfuzlu müxalifət partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Azərbaycan Demokrat Partiyasının (ADP) seçkilərdə qalib gəlmiş namizədlərinin parlamentə getməməsi haqda qərar verdiyini yazır. Səfir onu da əlavə edir ki,  AXCP-dən olan Cəmil Həsənli deputat mandatı qazansa da, o, parlamentə gedib getməmək barədə konkret qərarını açıqlamayıb: “Hər iki partiya rəhbərinin namizəd olduqları dairələrdə seçkilərin nəticələri ləğv olunub. AXCP və ADP-nin mayın 13-də baş tutacaq əlavə seçkilərdə iştirak etməyəcəyi güman olunur. Liberal Partiyasının lideri Lalə Şövkət parlamentə mandat qazansa da bundan imtina edərək, partiyasının əlavə seçkilərə qatılmayacağını bəyan edib”.
Rino Harniş məktubunda “Azadlıq bloku”na daxil olan Musavat partiyasının parlamentə getmək və mayın 13-də baş tutacaq əlavə seçkilərə qatılmaq haqda qərarının gözlənilməz olmasa da, bu blokun daxilində gərginliyə və blokun tənəzzülünə yol açacağının istisna edilmədiyini yazıb: “AXCP rəhbərliyi açıq və dolayı şəkildə partiya üzvlərinin mayın 13-də keçiriləcək əlavə seçkilərə qatılmayacağı mövqeyini ortaya qoyub. AXCP sədrinin müavini Fuad Mustafayev fevralın 2-də bəyan edib ki, ”Azadlıq bloku” fəaliyyətini davam etdirəcək. Müsavat partiyasının blokdan getməsi istənilən halda blokun gücünün azalmasına yol açacaqdır”.

Siyasət şöbəsi