Türkiyə İsrailə müharibə elan etdi?

Ankara Təl-Əvivin Qəzza bölgəsinə embarqosunu tanımadığını elan etməklə hərbi qarşıdurmanın mümkünlüyünü bəyan edib

Türkiyə Israil səfirini “arzuolunmaz şəxs” elan etdi. Bu ölkə ilə bütün hərbi əlaqələri kəsdi. Diplomatik münasibətləri ikinci dərəcəyə endirdi. Qəzza bölgəsinə Israil tərəfindən tətbiq edilən embarqonu tanımadığını elan etdi.
Nə baş verir? Türkiyə uzun illərdir müttəfiq olduğu Israillə münasibətlərini niyə belə kəskin şəkildə korlamağı gözə aldı? Yaxud, bu olay təkcə Türkiyə-Israil münasibətlərinin ifadəsidirmi, yoxsa Israilə qarşı beynəlxalq mövqenin icrasının Türkiyədən başlamasıdır? Hər halda, rəsmi Ankara mövqeyində xeyli prinsipial görünür. Təl-Əviv isə sadəcə, tərəddüdün qurbanıdır. Beləliklə…

ABŞ və NATO Türkiyədə

Məlum olduğu kimi, ABŞ və NATO Türkiyədə yeni raketdən müdafiə (radar) sistemi quracaq. Bu razılaşma bölgədə yeni tarazlıqlar yaradacaq. Bu tarazlığın bir tərəfi NATO-Türkiyə münasibətlərinin yenidən düzəlməsidirsə, başqa tərəfi Türkiyənin Sovet dönəmindən də bir qədər əvvələ gedən regional səlahiyyətlərini tənzimləyən razılaşmanın və ya şəraitin formalaşdırılmasıdır. Türkiyə indi təkcə Iran və Rusiyanın yaxınlığındakı ölkə deyil. O, həm də Ərəb dünyasına açılan sülh və dostluq qapısı, Yaxın Şərqin xoşməramlı jandarmı olmağa ən yaxın və ciddi namizəddir.
Bu istiqamətdəki çalışmalar isə diqqəti həm də Türkiyənin müasir milli dövlət olmaqdan çıxdığını sezdirməklə cəlb edir. Türkiyə artıq yeni dövrün ORTA ŞƏRQ PATRONUdur. Bu patronajlığın yaranmasına qədərki proseslər isə hələ başa çatmayıb. Amma həlledici mərhələdədir.

Türkiyə təkdirmi?

Türkiyə son vaxtlar Israil diplomatını ölkədən qovan ikinci ölkədir. Birinci addımı isə Böyük Britaniya Krallığı atmışdı. Avstraliyadan sonra Türkiyə həm də Israillə iqtisadi münasibətləri yenidən götür-qoy edən ikinci dövlət oldu. Amma hərbi əməkdaşlığı tam dayandıran birinci NATO ölkəsidir. Israil isə bu il beynəlxalq birlikdən və qonşularından sərt tənqidlər görən ölkələr siyahısında az qala, liderlərdəndir. ABŞ-la münasibətlərinin tək ifadəsi kimi Jozef Baydeni təhqir etməsini göstərmək olar. Təl-Əviv öz siyasətinin sonunu görür və əsəb gərginliyindən bu sonu sürətlə yaxınlaşdırır. Ankara isə daha təmkinlidir. Görünür, bu arxayınçılığa zəmanət verən beynəlxalq şərait də təmin edilib.

Iranı vurmaq reallaşırmı?

Israilin bu cür küncə sıxılması həm də Obama hakimiyyətinin Irana dair daha sərt addımlar atacağının göstəricisidir. Özündən əvvəlki hökumətlərdən fərqli olaraq, ABŞ-ın hazırkı rəhbərliyi heç bir dövlətə digərilə münasibətlərinin təsir göstərməsini qəbul etmir. Məsələn, onlar eyni zamanda, iki bir-birilə düşmən olan klerikal dövlətlə – Iran və Israillə sərt siyasət aparırlar. Ona görə də Tehran ABŞ-a “sionist” ittihamları ünvanlamaq üçün bir əsas tapmır. Türkiyə üçün Fələstin, ABŞ üçün Iran önəmlidir. Hər ikisinin ortasında isə Israil var. Hadisələr göstərir ki, Israil Irana qurban verildi. Deməli, Iranla bağlı yaxın zamanlarda real addımların şahidi olacağıq.

Bu, müharibə elanıdırmı?

Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq. Həmçinin Türkiyə bəyan edir ki, Qəzzaya Israil tərəfindən tətbiq olunan embarqonu tanımır.
Bu cümlələr Türkiyənin Israillə münasibətlərinin yeni addımlarını təyin edən şərtlərdəndir. Aydın görünür ki, Türkiyə Israillə hərbi qarşıdurmalardan çəkinməyəcək. Əksinə, özü əvvəlcədən belə vəziyyətin yaranması üçün hüquqi izahlar da verir. Bu isə dolayı yolla Türkiyənin Israilə müharibə elan etməsidir. Israil isə Türkiyəyə münasibətini bir an öncə müəyyən etməli və daxili tərəddüdlərin ziyanından çıxmağa cəhd etməlidir. Əks halda, bu qeyri-müəyyən mövqe onun düşmənlərinin sayını artırmaqdan başqa bir nəticə verməyəcək.

Seymur Həzi