Naxçıvanda baş verənlər partlayışla bitəcək

Asəf Quliyev: «Oradakı proseslərin hamısı Ilham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilir»

«450 min əhalisi olan Naxçıvanda 150 min nəfər qalmayıb»

 

Naxçıvanda baş verən olaylar daim mətbuatın diqqət mərkəzində olub. Xüsusilə də, son günlər Turac Zeynalovun MTN-də işgəncə ilə öldürülməsi ölkə gündəminin əsas mövzularından biridir. AXCP sədrinin müavini, xeyli müddət partiyanın Naxçıvan təşkilatının rəhbəri kimi buradakı qanunsuzluqlarla mübarizə aparan, hətta uzunmüddətli həbslərdən çıxıb əyilmədən, sınmadan yenə də mübarizə meydanında olan Asəf Quliyevlə bu dəfəki müsahibəmizi də muxtar respublikadakı duruma həsr etdik.

– Bu gün (dünən) Heydər Əliyevin Naxçıvan Ali Məclisi seçilməsinin ildönümüdür. Bu, Naxçıvana nə verib və hazırda orada baş verənlərlə nə kimi əlaqəsi var?
– O vaxtdan böyük vaxt keçir. Heydər Əliyevin o posta seçilməsi çox səhv bir addım idi. Onun sonrakı fəaliyyəti sübut etdi ki, bu, yanlış bir xətt idi. O dövr belə bir şayiə yayılmışdı ki, guya, Heydər Əliyevi Moskvada ermənilər incidir. Camaatın içində belə bir istək var idi ki, bu millətin övladıdır və onu ermənilərin əlindən qurtaracağıq. Kimsə düşünmürdü ki, Heydər Əliyev Naxçıvanda yenidən vəzifəyə gələcək. Sonrakı proseslər də göstərdi ki, onun Naxçıvana gəlməsi təkcə ermənilərdən can qurtarmaq deyildi. Heydər Əliyevin ümumiyyətlə, hakimiyyət iddiası vardı. Çox keçmədən bu iddianı ortaya qoydu və istəyinə nail oldu. O dövrdə deyirdi ki, Azərbaycanı bütöv görür. Ancaq Naxçıvan haqqında yanlış təsəvvürlər də vardı. Naxçıvanlılar bunu görür. O dövr Naxçıvanda ziyalı təbəqəsi, insanlar arasında birlik var idi. Mənəvi-əxlaqi dəyərlər var. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Naxçıvan bu dəyərləri itirdi, ziyalıları məhv edildi, bura Azərbaycanın ən ağır güşəsinə çevrildi. Azərbaycan cəmiyyətində naxçıvanlılara qarşı xüsusi antipatiya yarandı. 80-ci illərin sonunda Naxçıvan barəsində camaatın içində müsbət fikir var idi. Döyüşkən bir bölgə hesab olunurdu. Ancaq baxın, görün indi Naxçıvan nə gündədir. Naxçıvanda bu gün camaat bir parça çörəyə möhtacdır. Naxçıvanın 450 min əhalisi var. Ancaq bu gün orda onun 150 mini qalmayıb. Hamısı köçüb gedib. O dövrdən sonra Naxçıvan ümumi bəlalara duçar oldu.

Qanunsuz söküntülər Naxçıvanda 5 il öncə başlayıb

– Azərbaycanda bütövlükdə avtoritar rejim hökm sürür. Ancaq Naxçıvanın sınaq laboratoriyası olması ilə bağlı da fikir var. Yəni, orada tətbiq edilənlər sonradan bütün ölkəni bürüyür. Bu fikirlə bölüşürsünüz?
– Çox təəssüf ki, bu, belədir. Doğrudan da, Naxçıvanda baş verən proseslər yavaş-yavaş Azərbaycanın digər bölgələrində də həyata keçirilir. Bir ay əvvəl Gəncədən keçirdim. Şəhər müharibədən çıxmış vəziyyəti xatırladırdı. Hər yerdə söküntü işləri aparılır. Ancaq Naxçıvanda o proses beş-altı ildir gedir. Naxçıvanda elə insanlar var idi ki, evləri satıb dükan açdı, onunla ailəsini dolandırsın. Sonra o dükanlar söküldü. Insanlar evsiz qaldı və dilənçi vəziyyətə düşdülər. Naxçıvanda bir neçə il əvvəl baş verən bu proses indi digər yerlərdə də həyata keçirilir.

30 ilin müəlliməsini dəlixanaya saldılar

– Ölkənin digər regionlarından fərqli olaraq Naxçıvanda xüsusi qadağalar da mövcuddur. Onları sadalamağınızı istərdik.
– 85 min əhalisi olan Naxçıvan şəhərində cəmi 4-5 çayçı var. Kəndlərdə ümumiyyətlə çayçılar, ərzaq mağazaları, adi bərbərxanalar, pinəçi emalatxanaları söküldü. Bununla insanların bir araya gəlməsinə imkan verilmir. Bunlar düşünür ki, əgər insanlar çayçıya getsə, orda bir araya gələcəklər. Əslində, sərhəd bölgəsindəki kəndlər gücləndirilməlidir. Ancaq Ermənistanla sərhəd kənddə dükanı da, çayçını da sökdülər. Çörək almaq üçün kənddə on beş kilometr aralıya getmək lazımdır. Bu da insanların məcburən o kəndləri boşaltmasına səbəb olur. Insanlar öz həyətindən meyvəni yığıb bazarda sata bilməz. Yaxud kəndli süd, qatığı sata bilmir. Satanları qeyri-qanuni adlandırıb bəzilərini atırlar dəlixanaya. Ən böyük bəla da bundadır ki, polis şöbəsinə yox, birbaşa dəlixanaya salırlar. Yaxud biri evinin balkonunda paltar asıb, onu aparıb salırlar dəlixanaya. 30 ilin tanınmış müəlliməsini dəlixanaya atıblar. Qadının bir ayağı da olmayıb. Ordan çıxandan sonra ürəyi partlayıb ölüb. Naxçıvanda bu cür qanunsuzluqlar baş verir. Insanların mətbuatı oxumasına icazə yoxdur. Qəzet oxuyan görsələr, tutub aparırlar polisə. O qədər qanunsuzluqlar var ki, bunları sadalamaqla qurtarmır.

Yazılanlar baş verənlərin çox az hissəsidir

– Naxçıvanda MTN-də son ölüm hadisəsi ondan əvvəl baş verən olayların məntiqi davamı kimi qiymətləndirilir. Bundan əvvəl Bənənyar hadisələri oldu, Ələsgər həkim dəlixanaya salındı, Bağırsoy qardaşları həbs olundu, Rza Nuriyev öldürüldü. Sanki məntiqi ardıcıllıq var…
– Naxçıvanda uzun illərdi bu proses davam edir. Bəzilərinin, rəhmətlik Rza müəllim, Ələsgər həkim, Bağırsoy qardaşlarının partiya mənsubiyyəti var idi. Bu məsələləri mətbuatda qaldırdıq. Ancaq təkcə bunlar deyil. O qədər insanlar dəlixanaya salınıb, döyülüb, öldürülüb ki. Bunların böyük əksəriyyətinin heç səsi çıxmayıb. Əgər Naxçıvanda bu dəlixanaya salınanların siyahısını çıxarsanız, görərsiniz ki, orda nə qədər insanın adı var. Dəlixana məsələsi bir neçə ildir ortalığa çıxıb. Indi baş verənlər də onun məntiqi davamıdır. Yerli hakimiyyət deyir ki, öldürülən Turac Zeynalov hansısa xarici kəşfiyyat qüvvələrinə işləyib.
Bunu kimsə deyə bilməz. Çünki istintaq getməyib. Beş gün müddətində onu döyüb öldürüblər. Əgər xarici kəşfiyyata işləyirdisə, bunun qanuni cəzası var idi. Istintaq aparıb günahını sübuta yetirmək lazım idi. Yoxsa, insanı aparıb döyüb öldürmək qanun pozuntusudur. Indiki dövrdə bu cür vəhşiliyə əl atmağa ad tapa bilmirəm. Naxçıvan Ali Məclisinin rəhbəri ya dünyada baş verən hadisələrdən xəbərsizdir, ya Azərbaycanın beynəlxalq öhdəliklərini bilmir, ya da Naxçıvan idarəolunmaz səviyyədədir. Naxçıvanda baş verənlər göstərir ki, proseslər birbaşa Bakıdan idarə olunur. Bəzən deyirlər ki, Ilham Əliyevin bundan xəbəri yoxdur. Naxçıvanda baş verən proseslərin hamısı Ilham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilir. 2002-2004-cü ildə bunlar düşünürdü ki, Azərbaycanda hakimiyyət dəyişikliyi olsa, vəzifəlilər Naxçıvana gedib oranı qala kimi istifadə edəcək. Ancaq bu gün artıq dünya siyasətində dəyişikliklər var. Beynəlxalq aləmdə baş verən proseslər onu göstərir ki, artıq o məsələ də gündəmdən çıxıb. Artıq bu hakimiyyətin getməsi labüddür. Ona görə məmurların Naxçıvana yığışıb oranı qalaya çevirməsi mümkün deyil. Bunlar öz talelərini düşünməlidir. Naxçıvanda ölüm hadisələrini ört-basdır etmək üçün pul xərclənməsi halları çox olub. Ancaq nə vaxtsa bu məsələlərlə bağlı cinayət işi qaldırılacaq. Naxçıvana rəhbərlik edənlər də bu barədə fikirləşməlidir.

PKK-nın maliyyə qaynaqlarından biri Azərbaycandır

– Naxçıvanda PKK-ya geniş meydan verilməsi fikirləri var. Hətta orda Öcalanın yaxın adamı olan Emin Uçarın tikinti biznesinə nəzarət etdiyi bildirilir. Bu barədə nə deyə bilərsiniz?
– O məsələ uzun illərdir var. Artıq Türkiyənin rəsmi dairələri bunu etiraf ediblər. Azərbaycan qarşısında da bu məsələ qaldırılıb. Emin Uçarın qohumlarının PKK-ya bağlılığı açıq-aydındır. Emin Uçar adi Türkiyə vətəndaşı olsaydı, bundan sonra Azərbaycanda fəaliyyət göstərə bilməzdi. Heç kim onu müdafiə etmək məsuliyyətini üzərinə götürməzdi.
Emin Uçarın PKK ilə əlaqəsi olmasaydı, o uzun müddətdə Naxçıvanda qalmazdı. PKK-nın əsas maliyyə qaynaqlarından biri Azərbaycandır. Sözsüz ki, Emin Uçarın da PKK ilə əlaqəsi var. Türkiyə tərəfinin də bu məsələni qaldırması bunu deməyə əsas verir.

– Vaxtaşırı belə məlumatlar yayılır ki, Azərbaycanın iri ranqlı məmurları Naxçıvana nüfuz edə bilmir. Orda biznes qurmaq cəhdlərinin qarşısı alınır. Bununla bağlı xüsusi qadağa varmı?
– Azərbaycanda vəzifədə olan kifayət qədər naxçıvanlı var. Ancaq bunların heç biri Naxçıvana investisiya qoymayıb. Son iki ildə Bakıda işləyən məmurlar orda özünə villa tikdirib. Bu da bir göstəriş idi, Bakıdakı naxçıvanlılar Naxçıvanda villa tiksin. Ancaq ondan başqa Naxçıvana heç bir yatırım qoyulmayıb. Bu, təkcə Vasif Talıbovun məsələsi deyil. Bu, birbaşa Prezident Administrasiyasına bağlıdır. Bundan Ilham Əliyevin də xəbəri var. Çünki ola bilməz ki, Azərbaycanda hər hansı bir nazir Naxçıvanda fəaliyyət göstərə bilməsin. Prezidentin birbaşa tapşırığı olmadan Vasif Talıbov belə bir addım ata bilməz. Burda Ilham Əliyev və Ramiz Mehdiyevin xüsusi rolu var. Ancaq Vasif Talıbovu verirlər qabağa.

Bakıda naxçıvanlıların birliyi yaranacaq

– Bakıda kifayət qədər naxçıvanlı ziyalılar var. Müxalifət düşərgəsində də, hakimiyyətdə təmsil olunmayanlar da var. Onların Naxçıvan məsələsini, orada baş verənləri gündəmə gətirməsinin vaxtı çatmayıbmı?
– Bu məsələ müzakirə olunur. Müəyyən dərəcə naxçıvanlı var ki, onların hansısa qohumu vəzifəyə yerləşdirilib. O da səsini çıxaran kimi, qohumlarını göndərirlər üstünə. Bu cür təsir olur. Ancaq məsələ gündəmdədir və düşünürəm ki, yaxın günlərdə həllini tapacaq. Bakıda yaşayan naxçıvanlıların birliyi yaranacaq. Naxçıvandakı qanunsuzluqların qarşısının alınması, ordakı insanların hüquqlarının müdafiəsi üçün müəyyən addımların atılması müzakirə olunur. Naxçıvanlıların özü də dərk etməlidir ki, bunu müxalifət, qeyri-hökumət təşkilatları həll edə bilməz. Hər bir vətəndaş öz hüququnu müdafiə etmək qabiliyyətinə malik olmalıdır. Onların yerinə heç kim gəlib hüquqlarını müdafiə edən deyil. Camaatın aktivliyi olmalıdır ki, heç olmasa, bu cür qanunsuzluqlara yox desinlər. Mətbuat vasitəsilə Naxçıvan ziyalılarına müraciət edərdim ki, qohumunun iş yerini itirməsinə görə susmaq olmaz. Ziyalı vicdanı olmalıdır və onlar öz səsini qaldırmalı, sözlərini deməlidir. Ziyalıların kənarda durmasını millətə xəyanət kimi qiymətləndirirəm.

Naxçıvanda baş verənlər partlayışla bitəcək

– Azərbaycanın digər yerlərində vəziyyət Naxçıvandan daha yaxşıdır. Ancaq bununla belə, etirazlar olur. Belə davam edərsə, Naxçıvanda nə gözlənilir?
– Hakimiyyətin düşünülmüş şəkildə Naxçıvanda apardığı fəaliyyət xüsusilə müxalifət qüvvələrinin böyük əksəriyyətinin oranı tərk etməsinə səbəb olub. Ona görə Naxçıvanda hər hansı bir ciddi addım atılacağını düşünmürəm. Ancaq bir fakt deyim. Nehrəmdə Bağırsoy qardaşları döyüləndən sonra 300 nəfərin polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsi böyük dəstək oldu. Məcbur qalıb onları azad etdilər. Bunun məntiqi nəticəsi olaraq su idarəsinin rəisi də işdən çıxarıldı və kəndə su verildi. Bu, onu göstərdi ki, Naxçıvanda insanların müqavimət göstərmək gücü var. Müqavimət göstərəndə nəyəsə nail olurlar. Bu gün siyasi proseslər elə inkişaf edir ki, proqnoz verib harda nəyin baş verəcəyini demək olmur. Naxçıvan özəl bir bölgədir. Orada baş verənlər pis aqibətlə, sosial partlayışla bitəcək. Çünki insanlar artıq son həddə çatıb.
Ona görə də Naxçıvana diqqət artırılmalıdır. Insanların hüquqlarının pozulmasının qarşısı alınmalıdır.

Fizzə Heydərli