“Kitayski” Koroğlu

Bu da sizə Azərbaycanın tərifli inkişafı…

Hazırlanmasına 5 milyon manat ayrılan Koroğlu heykəlinin bir hissəsi Ukraynada, digər hissəsi Çində hazırlanır. Corab istehsal edə bilmədiyimizi anlamışdıq, amma heykəl qurmağı da bacarmadığımız bəlli oldu. Həm də heykəllər ölkəsində. Sənətkarlarımız iş görmək üçün özgə ölkələrin zavod və sexlərinə üz tutur…
Inanmaya bilərsiniz, amma bu xəbəri heykəltəraş Tokay Məmmədov “Azadlıq” radiosuna müsahibəsində deyib. Qocaman sənətkar deyir ki, heykəli işləyib, indi Kiyevdə onu tunca köçürürlər. Postamentin eskizləri isə Çinə yollanılıb, orada hazırlanır. 
Bizim Koroğlu ilə öyünməyimiz qalsın bir yana, bəs biz özümüz Koroğlunun qarşısında nə ilə öyünə bilərik? Hələ heykəl qura bilməməyimizləmi? Postament yonmağı Çinə sifariş etməyimizləmi?
Amma məni indi Tacikistanın dərdi alıb. Oxucularımız bilməmiş olmaz, bu heykəlin xərci nəhəngdir, ölçüləri də nəhəngdir. Bizdə də son vaxtlar nəhənglik meylləri yaman artıb. Dünyanın ən hündür bayrağını da biz qurmuşduq. Amma bunun dalınca Tacikistan, özünün zır kasıblığına baxmayaraq, daha hündür bayraq qurdurdu. Deməli, tarixi qəhrəmanımıza qoyulan nəhəng abidədən sonra isə yazıq taciklər öz qəhrəmanlarına daha nəhəng abidə qoymaq üçün xeyli xərc çəkməli olacaqlar…

“Kitayski” köşə?

Mənim də bir neçə dəfə toxunduğum bir mövzu – “Məzlumder” məsələsi də artıq nəhəng polemikaya çevrilib. Hətta polemika mənsiz də davam edir. Yeni qoşulanlar arasında çox adam var. “Yeni Müsavat” qəzetindən tanınmış yazar Elşad Məmmədli də bu polemikaya qoşulub. Elşad bəy bir çox siyasətçilərə, yazarlara, qəzetlərə yaddaqalan cavabları ilə məşhurdur.
Mən onun bu yazısını da diqqətlə oxudum, axı hara fırlatsan da, mövzunun bir ucu mənə də toxunur. Necə deyərlər, mən də PKK yanlısı, ermənipərəst “Mezlumder” sevdalılarından biriyəm…
Amma mən artıq bu mövzuda arqument çəkişməsi aparmaqdan uzağam, baxmayaraq ki, əlimin altında bu təşkilatın PKK və ermənilərə qarşı bəyanatları da var. Buna baxmayaraq, kiminsə əks fikri varsa, ona da hörmətlə yanaşmağa hazıram.
Bütün bunlara rəğmən, Elşad bəyin yazısını çox diqqətlə oxudum. Həm də bir neçə dəfə. Bəlkə 7-8 dəfə. Bilirsinizmi niyə? Nəsə bu yazı mənə Elşad bəyin üslubunu xatırlatmadı. Mən ondan üzr istəyirəm, belə fikirləşdiyimə görə, amma bu fikri də başımdan çıxara bilmədim. Axır belə qərara gəldim ki, yəqin Elşad bəy üslubunu ciddi şəkildə dəyişib, yazı formasında isə ulduzların sayını artırıb. Yoxsa köşə də heykəl-zad deyil ha, hazırlanmasını “Kitaya” sifariş verəsən…

Azadlıq meydanında kosmodrom tikməli…

Azadlıq meydanını fikirlərdən silmək üçün orada dərin və mürəkkəb işlər gedir. Xəbər gəldi ki, meydanda həm yeraltı qaraj, həm də metro stansiyası tikiləcək. Işə bir bax. Amma bəlkə bu da azdır ora üçün.
Bir halda orada azadlıqdır, deməli, genişlikdir…
Məncə, orada velosiped təmiri zavodu, corab fabriki, müasir avadanlıqlı dondurma sexi, xalça yumaq üçün təmizləyici emalatxana, taksi parkı, cıdır, Milli Akademiyanın yeni filialı, Hindistan kinoteatrı, Çex pivəsi istehsal edilən zavod, iynə buraxan istehsal xətti, kənd çörəyi bişirmək üçün təndirlər, zoopark, bir də… kosmodrom açmaq lazımdır. Orada həm yerin altını, həm də yerin üstünü elə doldurmaq lazımdır ki, meydan faydalı istifadə edilsin.
Bir halda orda azadlıqdır, deməli, genişlikdir…