Başörtüsünə qarşı olanların təklif etdiyi başörtüsü – torba

Sadiq və diqqətli oxucular dinə münasibətimin kəskin tənqidi olduğunu bilirlər. Üstəlik, dinin cəmiyyət və dövlət işlərinin üstünə çıxa biləcəyi təhlükəsi məni həmişə qorxudur, əndişələndirir. Bu əndişəm yalnız Azərbaycanla, onun yerləşdiyi coğrafiya ilə bağlı deyil. Mən bu narahatçılığı, xofu, nigarançılığı din və dövlət problemini çoxdan həll edib nöqtəni qoymuş toplumlar istisna olmaqla, istənilən ölkədə yaşaya bilərəm. 

Bununla belə, Ilham Əliyevin Türkiyə teleseriallarının Azərbaycanda yayımını guya hicablı qadınlara görə yasaqladığı barədə WikiLeaks-də açıqlanan yazışmanı gülərək oxudum. Ilk baxışda kralın bu arqumenti mənim ürəyimcə olmalı idi. Amma yalnız ilk baxışda… Çünki arxasında səmimiyyətin və dürüstlüyün dayanmadığı bir arqumentin könlümcə olması əsla və əsla mümkün deyil.
Ilham Əliyev həmin arqumenti kimə deyir? 2009-cu ilin əvvəllərində Bakıda olan bir ABŞ rəsmisinə. Məqsədi – özü haqqında Qərbin suya düşən xəyallarına, boşa çıxan ümidlərinə qarşılıq olaraq, dünyəvi, çağdaş, modern dövlətçiliyin tərəfdarı obrazını bərpa etmək istəməsi. Vəssalam. Hər şey bu qədər sadədir.

Bəlkə “Azadlıq” radiosunu da azan verdiyinə görə bağlayıb?

Türkiyə seriallarını həqiqətən də öz vətəndaşlarının ekranda “hicablı qadın” görməməsi üçün yasaqlayan bir zehniyyət bəs “Azadlıq”, “Amerikanın səsi”, BBC-ni niyə qısa dalğadan yığışdırtdırdı? Bəlkə “Azadlıq” radiosundan da azan verirdilər, ona görə?
Səmimi olmaq lazımdır, cənab Əliyev! Boş verin türk seriallarını, bir vaxtlar bu ölkədə “Kanal D”nin yayımını beyqəfil niyə dayandırdığınızı gözəl bilirik biz. Həmin telekanalın Azərbaycan haqqında qərəzsiz, tərəfsiz, sizin nəzarətinizdən kənar informasiyaların güdazına getdiyi şübhəsizdir.
Kanal D-ni burda yasaqladınız, amma ekrana az qalsın hicabsız qadın buraxmayan STV ondan sonra uzun illər sərbəst şəkildə bu ölkədə yayımını davam etdirdi. Niyə? Çünki onun xəbər siyasəti sizin maraqlarınıza cavab verirdi.
Düzdür, sonra STV-ni də qapatdınız, amma STV-dən geri qalmayan, elə STV-nin özündən mayalanan “Xəzər” telekanalını açdınız. Kimsəni aldatmağa ehtiyac yoxdur. STV və “Xəzər” – eyni dalğa, eyni koordinat.
Qısası, “hicablı qadın” söhbəti bəhanədir. Özünü Qərbə çağdaş, dünyəvi dövlətçiliyin lehdarı göstərməyə növbəti və uğursuz təşəbbüsdür. Hər kəs bilir ki, Türkiyə seriallarına yasaq Əliyevçi rejimin antiTürkiyə ovqatının növbəti parlaq təcəllasından başqa bir şey deyildi.

Hardasan, ay Iranın WikiLeaks-i?

Üstəlik, mən əminəm ki, nə vaxtsa Iranın da öz WikiLeaks-i ortaya çıxsa, fars diplomatlarının yazışmaları açıqlansa, biz orda Ilham Əliyevin hansısa Iran rəsmisinə Qərb radiolarını niyə bağladığına dair belə bir arqument gətirdiyini oxuyacağıq: “Istəmədim ki, vətəndaşlarımız dinimizə, milli mentalitetimizə yad olan Avropa dəyərləri haqqında nəsə eşitsinlər”. 
Çünki indiyədək açıqlanan yazışmalardan bunların “xarici siyasət”inin mahiyyətinin nə olduğu aydındır: amerikalı görən kimi rusun, farsın qeybətini qırmaq, Qərbin könlünü xoş eləmək. Indi Allah bilir rusun, farsın xoşuna gəlmək üçün Qərbdən onlara nələr danışıblar.

Hacı hicaba qarşı…

Əliyevçi rejimin Qərbi zaman-zaman dinlə şantaj etdiyi hər kəsə bəllidir. Guya bunlar çağdaşlığa, modern dəyərlərə, elmə, təhsilə dəhşətli dərəcədə meyllidirlər. Və yenə guya bunlar hakimiyyətdən getsə, Azərbaycan Islam fundamentalizminə təslim olacaq.
Yox ya! Bəs onda zor-zopa gücünə hakimiyyətə gəldiyi ilk illərdə Həccə, Ümrə ziyarətinə gedən Ilham Əliyev niyə indiyədək bir dəfə də hansısa kitabxanaya getməyib? Niyə bir dəfə də teatra getməyib?
Bəs bu ölkədə demokratik, dünyəvi cümhuriyyətçiliyin banisinin adını niyə hər yerdən yığışdırtdırır? Rəsulzadə ilə bağlı ki hicab bəhanəsi yoxdur, onu niyə xalqdan gizlətməyə çalışır?

Cavabsız yox, cavabı özündə olan suallar

Bəli, suallar çoxdur. Hər biri də cavab axtarmağa ehtiyac duymayan suallardır. Cavabı özündə olan suallardır.
Cavabı özündə olan suallarla davam edək: yaxşı, deyək ki, doğrudan da Türkiyə seriallarına “hicablı qadın”a görə yasaq qoydunuz. Bəs sərbəst toplaşmaq azadlığına niyə yasaq qoymusunuz? “Istefa” şüarının da başıbağlı deyil ki, bəs o niyə yasaqdır? “Azadlıq” şüarının əynində çadramı var, onu bağırmaq niyə suça çevrilib bu ölkədə? Indi necə başa düşək bunu: həm hicablı, başıbağlı insan istəmirsiniz, həm də vətəndaşınızın dil-ağzını bağlayırsınız ki, həqiqətləri danışa bilməsin, əl-qolunu bağlayırsınız ki, doğruları yaza bilməsin. Absurd deyilmi? Təzad deyilmi?
Bu ölkədə başıbağlılara görə narahat olursunuz da, bəs ayağıyalınlara niyə vicdanınız sızlamır? Insanların başına hicab taxmasından xoşlanmırsınız da, bəs bu ölkədə jurnalist demədən, deputat demədən insanların başına torba niyə keçirirsiniz? Başını bağlayanlara qıcıq olursunuz da, bəs özünüz niyə Azərbaycanı dünyaya bağlı, qapalı bir ölkəyə çevirmək üçün mümkün olan və olmayan hər şeyi edirsiniz?
Ən əsası: ola bilsin, siz doğrudan da bu ölkənin insanlarını hicabsız, əmmaməsiz, başıaçıq görmək istəyirsiniz, amma faciə orasındadır ki, siz bu ölkənin insanlarını beyni açıq görmək istəmirsiniz.
Başlıca dərd budur, problem budur, yerdə qalan əfsanədir, filfilo söhbətdir.

Və sonda:

Ey Ilham Əliyev, mən ölkəmdə bütün insanların başı açıq olmasını istəyirəm.
Bir anlıq təsəvvür edək ki, siz də istəyirsiniz, həm də səmimi-qəlbdən.
Amma aramızda yenə də qocaman bir fərq var: hicab tamam… əmmamə tamam… ancaq mən bu xalqın başında yalnız onları yox, sükanı arxasına keçdiyiniz bu antimilli, antidemokratik, çağdaşlığa düşmən, sivilizasiyaya yad rejimin hördüyü corabları da görmək istəmirəm. Mən yalnız onlara yox, təpəsində əyləşdiyiniz hakimiyyətin bu xalqa, onun düşünən, ləyaqətli, aydın insanlarına təklif etdiyi başörtüsünə – torbaya da qarşıyam.
Bu qədər.