Təmir olunmuş uşaq baxçası, məktəb, hansısa qəsəbənin asfalt döşənmiş yolu… Bunların hamısının açılışına prezident gedir! Bu ölkədə görən aşağı ranqlı bir məmur yoxdurmu ki, bu tədbirləri yola versin? Görüntünü bəlkə başqa cür yaratmaq olardı?..
Bəli, bu ölkə adamı darıxdırır. Təsəvvür edin, ölkəyə milyardlar gəlir. Bu pullara böyük sənayeləşmə prosesi aparmaq və iri miqyaslı sosial proqramlar həyata keçirmək olardı. Qaçqınlar və məcburi köçkünlər bir tərəfə, yerli insanlar var ki, on illərdir Bakıda yataqxanada yaşayır və mənzil ala bilmir. Onlara kömək etmək olmazdımı? Qərəz, arzu və istək olsa, həll edilməli problem çoxdur, amma hakimiyyət bunun fərqinə varmır. Bunlar insanların güzəranını yaxşılaşdırmaq istəmirlər, yalnız kiçik işlər görür və böyük məsrəflər sərf edirlər. Bir yolu nə qədər təmir etmək olar? Bir küçəni nə qədər qazmaq olar? Mən hələ evlərin üzünün qaşınması kimi böyük “arxitektura layihələri”ni demirəm! Bunları yalnız fasad və zahiri tərəf düşündürür. Amma Avropa institutlarını hansı detallar düşündürür? O gün mahnı müsabiqəsilə bağlı irəli sürülən tələblərdən danışırdılar. Bəli, bu həqiqətən də düşünməli amildir. Bir çox böyük tədbirlər var ki, onlar yalnız azad ölkələrdə keçirilir. Bakı heç olmasa mahnı festivalı zamanı iki-üç gün azad şəhər ola biləcəkmi? Əslində belə rejimlərin azad tədbirlərə sahiblik etməsi bir qədər xoşagələn hadisə deyil, bu haqda Avropa ölkələri baş sındırsaydılar yaxşı olardı. Yox, mən də hamı kimi Bakının mahnı festivalına sahiblik etməsini bütün varlığımla arzulayıram. Lakin mən onu da bilirəm ki, bu ölkədə “aprel məhbusları” var. Mən onu da bilirəm ki, bu ölkədə insanlar özlərini azad hiss edə bilmirlər. Sovetlər vaxtında bir tatar şairi vardı – Musa Cəlil. Onun həbs düşərgələrində yazılmış şeirləri vardı. Axır vaxtlar mən elə hey həmin şerləri xatırlayıram. Şəhər məni sıxır. Bilirsiniz, qoca bir insanın üzündə plastik, kosmetik əməliyyat aparanda o gözəlləşmir, bəlkə də daha eybəcər hala düşür. Indi Bakı üzərində kosmetik əməliyyat aparılan qoca insana bənzəyir, o, özünün əsl simasını itirir, yeni sima isə ona yaraşıq vermir. Deyilənə, görə iki Paris var, köhnə və yeni Paris. Olmazdımı ki, elə Bakıda da yeni tikililər başqa bir yerdə ucaldılaydı, köhnə Bakı isə necə var qalaydı? Təbii ki, köhnə Bakıda da yerlər və guşələr var ki, onlar sökülməli və bir qədər yenilənməlidir, bunu inkar etmirəm. Amma köhnə Bakını muzey kimi saxlamaq da olardı. Bəli, olardı… Baltikyanı ölkələrdən görüntülər və təsvirlər verirlər. Şəhərlər özlərinin qədim Avropa stillərini saxlayıblar. Heç oralarda evlərin üzünün qaşınması haqda bir şey eşitməmişəm, bəlkə də o ölkələrdə də nəsə belə şeylər var, amma mən bu haqdaca bir şey bilmirəm.
Imperiyanın yubiley sammiti
Deyəsən, MDB özünün növbəti, hətta yubiley sammitini keçirir. Mənə bunlar bir qədər qəribə görünür. Bu il MDB-nin də 20 illiyidir, bizim hakimiyyətin əsl bayramıdır. Amma mən bir detala diqqət yetirmişəm, hətta rusiyalı və ya rusdilli analitiklər daha MDB-nin tədbirlərinə heç bir önəm vermirlər. Indi bunu iki cür yozmaq olar. Ya onlar MDB ölkələrini artıq özlərinki kimi hiss edirlər, ya da bu təşkilat o qədər mənasız bir quruma çevrilib ki, ona diqqət ayırmağı belə, lüzum görmürlər. Mən də bu ənənədən kənara çıxmayacam, sadəcə bir məsələni qeyd edəcəm. MDB-nin sammitində Azərbaycanı Baş nazir təmsil edir. Bunu bəzi “analitiklər”, az qala böyük siyasi problem, nə bilim, siyasi ziddiyyətlər kimi yozdular. Əslində isə hər şey olduqca sadə və bəsitdir. Sadəcə, bir az gözləmək lazım idi, zaman hər şeyi aydınlaşdırdı.
Kiçik sözardı
Yəqin yazıdakı ətaləti duydunuz. Mən günahkar deyiləm. Hə, ölkənin bütün siyasəti saray daxilində cəmləşib. Əgər bu ölkədə siyasətdən yazmaq fikrin olsa onda gərək saray münasibətlərinə, ziddiyyətlərinə baş vurasan. Indi bu məsələ ilə bağlı gileylənməyə də ehtiyac yoxdur. Vaxtında özümüzdən çox kiçik “tanrı”lara qulluq etdik və bu günə qaldıq…