Şirkət rəhbərliyinin ifadələri «yuxarılar»ı çətin vəziyyətə salıb
“MurAy” tikinti şirkətinin rəhbərliyi barədə başlanmış cinayət işinin istintaqının hansı səbəbdən uzanması barədə ilginc məlumatlar almışıq.
Xatırladaq ki, “MurAy” şirkətinin rəhbərliyi inşa etdikləri binalardakı mənzilləri bir neçə nəfərə satıb. Nəticədə 820 nəfər vətəndaş bu üsulla aldadılıb. Faktla bağlı DIN Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır Cinayətlərin Istintaqı şöbəsində CM-in 178.3.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb və “MurAy” MMC-nin direktoru Elxan Hüseynov, onun köməkçisi Vaqif Söhbətov, müavini Bəybala Sultanov, cəmiyyətdə mühasib vəzifəsində işləyən Novruz Muxtarov, satış üzrə menecerlər Səhriyar Ağayev, Seyfəddin Səfərov, o cümlədən Azərbaycan Nəşriyyatının kommersiya direktoru Qalib Məmmədbəyli həbs edilib.
Qalib Məmmədbəyli fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin yaxın qohumudur. Bəzi məlumatlara görə, Qalib Məmmədbəylinin həbsi sifariş əsasında həyata keçirilib. Əslində onu heç bir təqsiri yoxdur.
Bu olayda maraqlı məqamlardan biri “MurAy” rəhbərliyinin Şirvanda Heydər Əliyev Mərkəzinin tikintisini həyata keçirməsidir. Məlumatlara görə, Şirvanın icra başçısı Mərdan Camalov Elxan Hüseynovu əmin edib ki, əgər o mərkəzin tikintisini üzərinə götürsə və işi uğurla başa çatdırsa, rayonlardan birinə icra başçısı təyin ediləcək. Elxan Hüseynov da Mərdan Camalova inanaraq bu iri layihənin icrasını üzərinə götürüb. Nəticədə “MurAy” şirkəti iflasa uğrayıb. Bundan sonra Elxan Hüseynov vətəndaşları aldatmağa başlayıb. Bu faktlar istintaqa ifadələrdə də əks olunub.
Lakin dünən əldə etdiyimiz məlumatlar daha ilgincdir. Məlumatlarda deyilir ki, Elxan Hüseynov istintaqa ifadəsi zamanı Rufan adlı şəxslə sərəncam almaq üçün 1 milyonluq sövdələşmədən danışıb. Araşdırmalarımız zamanı bəlli olub ki, bu şəxs Bakı Şəhər Icra Hakimiyyətində çalışan Nərminə adlı qadının köməkçisidir. Paytaxtda tikintilərə sərəncam verilməsi bu qadının nəzarətindədir. Onun hakim ailəyə yaxın şəxs olduğu bildirilir. Elə bu səbəbdən də meriyada xüsusi statusa malikdir. Sərəncamla bağlı sövdələşmələr isə köməkçisi Rufanın vasitəsilə edilir. Məlumatda deyilir ki, istintaqda Nərminə xanımın adının çəkilməsi “yuxarılar”ı çətin vəziyyətə salıb. Bu baxımdan da problemdən çıxış yolu üçün yollar aranır.
Məsələ ilə bağlı “Azadlıq”a başqa ilginc məlumatlar da daxil olub. Dəqiqləşdirmələrimizi başa çatdırandan sonra həmin məlumatları oxucuların diqqətinə çatdıracağıq.
Informasiya şöbəsi


