Iki rayonun bir dərdi: yiyəsizlik (II yazı)

Azərbaycanın prezidenti adlanan Ilham Əliyev bugünlərdə Sabirabadda oldu. Bütünlüklə gərəksiz yerə. Elə-belə, Əli Kərim demiş: “kabab üstdən sərin su pis olmaz deyən kimi”. Ilin az qala yarısını yaxınları-doğmaları ilə birgə orda-burda kef-damağda keçirən I.Əliyev üçün xalqla görüşlərin necə dözülməz olduğunu demək artıqdır. Düzdür, I.Əliyev birbaşa, gerçəkdən xalqla görüş keçirmir; onun görüşdüyü başlıca olaraq seçilib görüş tapşırığı almış adamlar olur. Yenə də… başında durduğun xalqa səndə sevgi yerinə nifrət varsa, onda istər seçilmiş olsun, istər seçilməmiş – hamısı gözündə birdir: dözülməz!

Hərdənbir rayonlara çıxmaq – bu, I.Əliyev üçün qaçılmaz bir protokol işidir. Görüşlərdən (eləcə də sonuclardan) göründüyü kimi, onun “xalqla görüşləri” quru protokol işindən uzağa getmir. Öyrədilmiş adamlar danışır-yaltaqlanır, o isə atası ilə birgə Azərbaycanı dünyanın ANALOQU olmayan, çiçəklənən beş-altı ölkəsindən birinə çevirmələri ilə bağlı çoxillik yalanlarını yenidən tirajlamağa başlayır. “Xalq” adına daha çox yekəqarın, boynuyoğun kimsələrin yığıncağı qarşısında. I.Əliyevin bütün görüşlərində xalq arxada qalır, xalqa yalnız eşitdiyi yalanlara əl çalmaq hüququ verilir.
1969-dan bu yana Azərbaycanda Əliyevlərin başçılığı altında sürəkli bir proses – insanın meymuna çevrilməsi prosesi sürdürülməkdədir. Bu çoxillik prosesin ən parlaq örnəklərini görmək istəyənlər Sabirabad, Saqatlı rayonlarına üz tutsunlar. Bu yerin adamları çox işləkdilər, ancaq onların hamısının üz-gözünə, görünüşünə vurulan bir damğa var – çox işləməyin qazancını, o qazancın doğurduğu sevinci görməməyin DAMĞASI! Budur ağır-üzücü, sonucda yararsız əməklə insanın meymuna çevrilməyinin konkret görsənişi!! Başqa bir yandan bu, OĞRU, xalqa YAĞI hakimiyyətin doğurduğu acınacaqlı görsənişlərdən biridir…
Dünyanın bütün qabaqcıl ölkələrində dövlət aqrar sektora ayrıca qayğı göstərir, xalqın ayaqda durması, dövlətin dikəlməsi üçün aqrar sektora çox aşağı (1-5 faiz arası) çoxillik kreditlər verilir. Bütün demokratik dünyanın dışladığı Belorus rejiminə 0, 01 faizlə! 300 milyon manat kredit verən I.Əliyev Azərbaycan əkinçisinə krediti 20-24 faiz arasında verir. Bu, millətə nifrət, xalqa düşmənçilik deyilsə, nədir? Bəlkə, biz düz düşünmürük? Bəlkə, Ilham Əliyev, atası kimi, sonsuz sevgiləri üzündən bu xalqın varlanıb dirçəlməsini istəmir? Bu yerdə I.Əliyevin beş-altı il qabaq  “Fiqaro” qəzetinə dedikləri yada düşür: “Yoxsul xalqı demokratiya düşündürməz”. Bilirsiz də, dünyada demokratiyadan pis nəsə yoxdur, bax bunun üçün – xalqın varlanıb-dirçəlib demokratiya istəməməsi üçün Əliyevlər Azərbaycanda rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq rejimi qurublar. Bunların fəlsəfəsi bu imiş – biz bilməmişik!
Rayonlardakı bütün dövlət idarələrində adamlara balaca-böyük, xırda-iri yem yeri, bolluq bazası olaraq baxılır. Kimsə adamlara qayğı göstərməyi, adamaların problemlərini çözməyi özünün görəv borcu saymır. Özlərindən yuxarıda oturanları belə gördüklərinə görə. Yuxarının onlardan umduğunu onlar da aşağıdan umurlar: gətir! Ən yuxarıdan ən aşağıyadək elevator kimi ötürücü bir mexanizm işləyir. Bu mexanizmin başında prezident, ayağında xalq durur.
Dövlət yoxmuş kimi əkinçinin yetişdirdiyi ürün ayaq altında tökülüb qalır. Alıcı yoxdur. Rusiya boyda bir azman – tükənməz bazar qonşuluqda dura-dura. Prezident adlanan kimsə Xalqın deyil, monopoliyanın prezidenti olduğuna, Xalqa deyil, monopoliyalara işlədiyinə görə! Sözsüz, ərəblərdə baş verənlər Xəzər çevrəsinə də gəlib çatacaq, özü də tezliklə. Bunlar onda ayılacaqlar, onda da gec olacaq…