Heydər Əliyevin dirçəliş günü

3 sentyabr da “Dirçəliş günü” imiş. 1990-cı ilin 3 sentyabrında Heydər Əliyev Naxçıvan Muxtar Vilayətinin Ali Məclisinə sədr seçilib. Bununla da heydərizmin dirçəlişi başlayıb.

Bu günü bayram edirlər, rəsmi qəzetlər dünən yenə əlvan yazılarla dolmuşdu. Qınamıram. Ailə hakimiyyəti üçün bu gündən əziz nəsə ola bilməz. Onların bayram ovqatı çox səmimi və başadüşüləndir. Pis odur ki, bu bayrama ümummilli məna vermək istəyirlər. Guya, Naxçıvan 3 sentyabrdan sonra ağ günlərə çıxıb, çiçəklənib.
Əlimdə əlac olsa, bizim ölkə üçün buraxılan təqvimlərin hamısında 3 sentyabrı qapqara rəngdə verərəm. Çünki 3 sentyabr bizi, azı 20 il tarixdə geriyə atan gündür. Tarixin axarından, müasirlikdən buxovlayan gündür. Bəli, yaxın keçmişdə elə günlər yaşadıq ki, insanlar naxçıvanlılara qibtə ilə baxırdılar. Bəziləri “keşkə naxçıvanlı olsaydım…” fikrini zikr edirdi. Bəs bu gün durum nə yerdədir?
Naxçıvan zülm ocağına çevrilib. Cəsurluğu ilə seçilən naxçıvanlılar artıq orada tab gətirə bilmirlər. Ata-baba torpaqlarını qoyub qaçırlar. Hətta keçən il oradan Ermənistana qaçmaq istəyənlər də oldu.
Daim Azərbaycanın intellektual yükünü ağırlaşdıran Naxçıvanda indi ziyalılar hansı əməllərilə gündəmə gəlir? Heç nə, ot yolmaqla, küçə süpürməklə.
Təkcə son iki ildə Naxçıvandan nələr eşitmədik. Şikayət edəni dəlixanaya saldılar; işıq pulu verməyəni ağaca sarıyıb döydülər, Aşura mərasimində iştirakçılığa görə insanı öldürdülər…
Hələ 5 il əvvəl Naxçıvana səfər edən dostumdan oraların necə olduğunu soruşmuşdum. Səliqəli, təmiz bir şəhər olduğunu demişdi.
Bir yerdə ki, insanların cüt-cüt gəzməsinə imkan vermirlər, ora niyə çirklənsin ki? Bir yerdə ki, küçələri müəllimlər süpürür, orada nə toz, nə torpaq?
Eyni “səliqəlilik” artıq Bakıda da yaradılır. Mən tez-tez hökumətyanlılardan “dəhşət arqument” kimi bu fikirləri  eşidirəm: insaflı olaq da, Bakı gün-gündən gözəlləşir, niyə görmürsünüz?
Əlbəttə, görürük, ancaq hər qoz boyda parka qoyulan polis postlarını da görürük. O postlar nə üçündür, bilirsinizmi? Mən bilirəm. O polis olmasa, ac-yalavac camaat parkın pula gedən nəyi varsa, söküb aparar. Digər tərəfdən, ac, mənəvi aləmi yerində olmayan adam fontandan, mərmərdən zövq ala bilməz. Axı bizim lap qədimlərdən gələn el misalımız var: neynirəm o qızıl teşti ki, içinə qan qusacağam…
Yəni, insanların zibil qədər hörmətsiz edildiyi yerdə gözəllik ürək bulandırır.
Naxçıvan şəxsən mənim üçün Quantanamo kimi dəhşətli və əlçatmazdır. Hər dəfə orada hansısa müxalifətçinin repressiya olunduğunu eşidəndə ürəyim titrəyir. Gedə bilmirsən, öz gözünlə orada müşahidə apara bilmirsən; üstəlik, ordakı insanlarımızı da müdafiə etmək imkanlarımız sıfrın altındadır. Belə bir şəraitdə orada kimlərinsə qalxıb etiraz etməsi, zülmə boyun əyməyəcəyini deməsi Vasif Talıbovun qəribə sərəncamlarından daha təəccüblüdür.
3 sentyabrın bizə verdiklərindən biri də Vasif Talıbovdur. Hüseyn Cavidin, Mirzə Cəlilin yurdunu Vasif Talıbov zehniyyətinə tapşırmaq dünyanın ən böyük ədalətsizliyi deyil, bəs nədir?
11 sentyabr ABŞ üçün hansı dəhşətdirsə, Azərbaycanın milli problemlərini dəqiq şəkildə dərk edən adam üçün də 3 sentyabr o dərəcədə dəhşətdir.