Analoqsuz Azərbaycan – 5

Qəzetlərdən:

1. “Gənclər və Idman naziri Azad Rəhimov oğlunun toy mərasiminə dünyanın ən məşhur musiqi qruplarından biri olan ”BLACK EYED PEAS” qrupunu gətirib. Mənbə deyir ki, Gənclər və Idman naziri bunun üçün təxminən 1 milyon manatından keçməli olub. Nazir adı çəkilən qrupdan başqa Israilin məşhur bir müğənnisini də 50 min dollar xərc çəkərək oğlunun toyuna gətirib. Toyun baş tutduğu “Buta” Sarayının təkcə mərasim üçün bəzədilməsindən ötrü 500 min manatın xərcləndiyini bildirən mənbənin sözlərinə görə, bu toy ümumilikdə Azad Rəhimova təxminən 2 milyon manata başa gəlib”.
Xatırlatma: Nazir Azad Rəhimovun maaşı 1500 manatdır.
2. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Buta Palase”də keçirilən toyu Nəqliyyat nazirinə 12 milyon manata başa gəlib. Toyda Ledi Qaqa, Şakira, Dima Bilan oxuyub, Tarkan başda olmaqla Türkiyənin əksər meqastarları, habelə yerli estrada ulduzları iştirak edib”.
Xatırlatma: Nazir Ziya Məmmədovun aylıq maaşı 1500 manatdır.
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oğlu Rzaya toy edib. Naxçıvan şəhərindəki dəbdəbəli ”Duzdağ” istirahət-müalicə mərkəzində təşkil olunan mərasimə Bakıdan 150 özəl qonağın qatıldığı bildirilir. Onu da qeyd edək ki, bir valideyn kimi övlad toyunun sevincini yaşayan Vasif Talıbov toyun mətbuata çıxmasını arzulamadığından bu xəbərin maksimum gizli qalmasını istəyib. Bu üzdən bütün qonaqlardan, o cümlədən hətta Bakıdan getmiş mötəbər şəxslərdən də şənliyin keçirildiyi salona telefon, foto və videokameralar olmadan daxil olmaq xahiş edilib. Toyda iştirak edən nazirlərdən biri bəyə 10 OO 010 dövlət nişanı olan “Mersedes Benz S 65″ hədiyyə edib”.
Xatırlatma: Vasif Talıbovun aylıq maaşı 1050 manatdır.
4. “Nəqliyyat nazirinin müavini Musa Pənahov oğluna ”Buta” sarayında dəbdəbəli toy etdi. Toy təmtərağına görə Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun toyunu da geridə qoyub”.
Xatırlatma: Nazir müavininin aylıq maaşı 1500 manatdan azdır.
5. “Sentyabrın 3-də Azərbaycan prezidenti Ilham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu gözlənilir. O, 2003-cü ildə vaxtsız dünyasını dəyişmiş Azərbaycan əsilli məşhur Rusiya sahibkarı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurur.
Gözlənilən mərasim barədə rəsmi məlumat verilməsə də, qeyri-rəsmi məlumatlara görə, toy dənizin kənarında yeni “Amburan-esteyt” istirahət mərkəzində (Bakıdan 40 km aralıda) keçiriləcək. Həmçinin təntənəli mərasim üçün yüzlərlə qonaq üçün çadır qurulacaq, mərasimin bir hissəsi isə açıq havada keçiriləcək. “Amburan” mərkəzi onlarla villadan, süni su hövzələrindən, restoranlardan və s. ibarət müasir istirahət mərkəzidir.
Qeyri-rəsmi mənbələrdən “Turan” agentliyinə məlum olub ki, mərasimin ssenarisi prezidentin böyük qızı Leylanın toyuna bənzər olacaq. Yəni toyda musiqi və mətbəxdə milli ənənələrə riayət olunacaq.
Məlumatlı mənbələrdən “Turan” agentliyinə daxil olan məlumata görə, toyda xarici musiqiçilərdən Gipsy Kings, habelə dünya xalqlarının musiqi nömrələrini ifa edən fransız şousu iştirak edəcək. Azərbaycanlı musiqiçilərdən Ənvər Sadıxov və Abbas Bağırov, Zülfiyə Xanbabayeva, Eyyub Yaqubov, Ədalət Şükürov və Ağadadaş Ağayevin adı siyahıdadır”.
Xatırlatma: Toya sərf olunan pulun miqdarından yaxın günlərdə mətbuat yazar, inşallah. Azərbaycan prezidentinin illik maaşının 225 min ABŞ dolları civarında olduğunu da yəqin bilirsiz…
Digər yüksək vəzifə sahiblərinin övladlarına etdikləri dəbdəbəli toylardan da yazıb vaxtınızı almağa lüzum yoxdur.
Allahdan cəmi ailə quranlara xoşbəxtlik arzulayır və  aşağıdakılara da nəzər salmanızı rica edirəm.
Azərbaycanda:
1. Minimum əməkhaqqının miqdarı 85 manat təşkil edir;
2. Müəllimlərin orta əmək haqqı 220 manatdır;
3. Həkimlərin məvacibi 150-200 manatdır;
4. Hər doğulan uşağa 75 manat birdəfəlik müavinət verilir;
5. Yaşyarımadək uşaqlara ayda 20 manat, yaşyarımdan üç yaşadək hər ay 10 manat müavinət verilir.
Azərbaycan analoqsuz inkişafdadır. Vəssalam.