Bu yaxınlarda Fransa tarixinin məşhur simalarından olan Robespyer haqqında maraqlı bir məqalə oxudum. O, gilyotin edamına aparıldığı zaman bir az əvvəl onu alqışlayan, indi isə qanını içməyə hazır olan insanlara deyir: “Mən sizə azadlıq verdim, indi də çörək istəyirsiniz…”.
Şübhəsiz, “azadlıq” anlayışı yalnız siyasi və iqtisadi azadlıqların bərqərar olduğu yerdə qəbul oluna bilər. Məsələ burasındadır ki, Fransada “azadlıq və çörək” mübarizəsi tarixi iki əsr öncə yaşanıb. Həm də elə keşməkeşli, qarışıq hadisələr burulğanında yaşanıb ki, öz xalqına misilsiz azadlıq dəyərləri bəxş edən bir şəxs sonradan bir terror ilhamvericisinə çevrilib. Fransanın müasir çiçəklənmiş mənzərəsi bu qanlı hadisələrdən dərs alınaraq cızılıb…
Bu tarixdən iki əsr sonra Fransanın daxil olduğu zolaqdan uzaqlarda yenidən bənzər şeylər baş verir. Şübhəsiz, indi bu vulkanların püskürdüyü nöqtələrin hər birində cərəyan edənlərdə də çörək və azadlıq mübarizəsi motivləri var. Yaxınlarda xaricdə təcrübə keçmiş bir tanışımız bu mövzuda maraqlı bir şey danışdı. Dedi ki, səfərdə olduğu ən inkişaf etmiş xarici ölkələrə mühacirət etmiş neft məmləkətlərinin sakinləri ilə görüşüb. Suriyadan olan bir neft mütəxəssisi son 4-6 ildə Isveçdə məskunlaşmağa qərar verib. Amma özünə hələ də yaxşı qazanclı iş tapmadığından, bu ölkənin kasıbları kimi yaşamağa məmnunluqla razılaşıb. Bunun səbəbini isə həmin şəxsin özü belə izah edib: “Suriyada kasıb olmaqla, Isveçdə kasıb olmağın böyük fərqi var”. Bəli, bu gün insanları uzun illərin totalitar rejimlərinə qarşı üsyan püskürməyə təhrik edən qüvvə də bax bu fərqdir. Elə hər il uzaq qərb ölkələrində yoxsul olmağı qərbə neft satan Azərbaycanda yoxsul olmaqdan üstün tutub gedən neçə tanıdığımızın adını çəkə bilərik…
Əslində, məsələnin kökü çörəyin bol olduğu, amma azadlıq olmadığı üçün onun bütün insanlara çatmaması ilə bağlıdır. Axı vəhşi təbiətin qoynunda heç bir yasağa məhəl qoymadan ov axtaran ibtidai insanın şüurunda belə “çörəyin” azadlıqdan doğduğu instinkti vardı. Məhz buna görə də, indi o təbii qanunları özünə ram etmiş və yetərincə zalımlaşmış rejimlər bu azadlıq axtarışını insanların burnundan gətirir.
Məhz buna görə də, bu gün azadlıq və demokratiya qapısını açmaq istəyənlər təkcə Azərbaycanda bağlı qapılar arxasında saxlanılmır. Dünyanın hər yerində köləlikdən xilas olmaq istəyən insanların savaşı gedir. Gözlərimizin önündə on illərin diktaturaları diz çökür, sadə insanların qanından-canından özünə səltənət quranların tifaqı dağılır. Həm də necə dağılır…
Min illərlə zəngin tarixi irsin yaşadıcısı olan Misirdə “sonuncu fironun” taxt-tacı necə devrildi? Aylar öncə dünyanın gündəminə oturan bu hadisə Berlin divarının yıxılması qədər səs-küylü görünmədimi sizə? Ya Liviyada, Yəməndə, Suriyada və yaxın çevrədə baş verənlər böyük bir məkanda zülm imperiyalarına qarşı aparılan ölüm-dirim savaşı deyil, bəs nədir? Belə deyilsə, baş verənləri “xarici qüvvələrin işi” hesab edənlər haqq-hesabını öz xalqıyla niyə çürüdür ki… Axı bu xalqa onlar həmin “kənar güclər”lə “qardaş” olduqları zaman da eyni dərəcədə zülm edirdilər.
Azadlıq bütün insanlara çörək imkanları açan ən böyük bir yoldur. Amma bu tərif şübhəsiz ki, azadlığın ən primitiv tərifi olardı. Çünki azadlıq, əslində, insanlığa ən gözəl dəyərlər gətirən, onları ləyaqətli, rəngarəng və zəngin bir cəmiyyətə aparan yoldur. Elə bir yoldur ki, yalnız onun sonunda insanlıq arzuladığı gözəl həyata qovuşa bilir…