kiv-df

Düşüncə və zövqün birləşdiyi qobelen sənəti

Süjetli xalçaların bir növü

Azərbaycanın xalq tətbiqi sənətləri sırasında yer alan qobelen sənətinin tarixi qədimdir. Indi dünyada da məşhur olan bu sənəti XII əsrdə ərəblər inkişaf etdirib və tədricən bir çox Şərq ölkələrinə yayılıb. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi zəruri məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi kimi varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olub. Lakin Şərqin digər mədəniyyət nümunələri kimi, bu sənəti də sonrakı dövrlərdə avropalılar mənimsəyərək öz adlarına çıxmağa çalışıblar. Orta əsrlərdə artıq qobelen sənəti Avropa ölkələrində daha da təkmilləşərək geniş yayılmışdı, kral saraylarını bəzəyirdi.

Xalqımızın tarix boyu tətbiqi sənətdə qazandığı uğurlar dünyada məşhurdur. Qobelen Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Xalça, palaz, şəddə və s. hamısı ayrı-ayrı texnologiyalarla toxunur. Qobelendə isə bunların hamısı birləşir. Burada rəssamdan böyük məharət tələb olunur ki, istədiyi kompozisiyanı bu və ya digər texnologiya ilə yarada bilsin. 

Qeyd edək ki, xalq məişətində geniş istifadə olunan üzəri təsvirli xalçaları Azərbaycanda nənələrimiz toxuyanda Avropada bu sənət növündən hələ xəbərsiz idilər. Buna sübut kimi ölkənin müxtəlif ərazilərində aparılan qazıntılarda bu sənət növünə aid xalça nümunələrinin tapılmasını göstərmək olar. Tapıntılarda tarixi eramızdan əvvəllərə söykənən xalça qalıqları üzərində xalqımızın qədim adət-ənənələrini əks etdirən dolğun, məzmunlu kompozisiyalarla zəngin, hazırda “qobelen” adlandırılan xalça nümunələri aşkarlanıb.

Qobelen xovsuz xalça növü olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir.

Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Qobelen sənəti ilə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxuması üçün ona ilk lazım olan avadanlıq, material düşüncə və xəyallarıdır. Daha sonrakı proseslər isə sadəcə icradır. Belə ki, rəssamın hazır karton eskizi dəzgaha yerləşdirildikdən sonra qobelen sadə keçirmə üsulu ilə toxunur.

Respublikada qobelen sənəti üzrə ixtisas verən ilk institut Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti olmuşdur. 1988-92-ci illərdə Institutun ixtisas şəbəkəsi genişlənmiş, burada “toxuculuq və yüngül sənaye mallarının bədii layihələşdirilməsi” kimi yeni ixtisas açılmışdır. Dekorativ-tətbiqi sənət, sənət əsərlərinin bərpası və s. fakültələrlə yanaşı burada xalçaçılıq (qobelen) üzrə də xüsusi fakültə fəaliyyət göstərir. Burada bütün sənət sahələri üzrə yüksək ixtisaslı elmi işçilərin hazırlanmasına xidmət edən aspirantura da fəaliyyət göstərir. Universitet xüsusi xalça toxuculuğu emalatxanalarına malikdir ki, burada qobelen sənətinin incəlikləri də öyrədilir.

Rəssamın xəyal dünyasını əks etdirən tablo

Amma mütəxəssilər etiraf edirlər ki, hazırda ölkə incəsənətində xalq tətbiqi sənətinin az işlənən və unudulmaq təhlükəsi olan növü qobelen yalnız şəxsi sifarişlər hesabına yaşamaqdadır. Lakin bu sənətin digər xalq tətbiqi sənət növlərindən müsbət cəhəti də vardır ki, qobelen sənətini peşəkar ustalar tədris edir və bu sənəti öyrənməyə maraq göstərənlər də var. “Qobelen düşüncə tərzidir. Hər kəs, hər bir sənətkar öz sifətini, daxili və zahiri aləmini, xəyal dünyasını ora köçürür. Indi belədir ki, qobelen sənəti sifarişlər hesabına, şəxsi ofis, müəssisə və mənzillərdə dekor olaraq hələlik yaşayır. Istərdim, bu sənət və ümumilikdə bütün xalq tətbiqi sənətinə aid qədim mədəniyyət nümunələrimiz tam, hərtərəfli dövlət nəzarətinə götürülsün” (Ədhəm Yusubov).Azərbaycanda qobelen üzrə tanınmış rəssamlar sırası.nda  Fəxrəddin Əlinin, Adil Şıxəliyevin, Həsən Yusifovun, Faiq Ibrahimovun maraqlı işləri var.“Qobelendə rəssam əvvəlcə fikrini eskiz formasında yaradır. Şübhəsiz ki, burada da əsas məsələ rəssamın ideyaya malik olmasıdır. Şəxsən mənim üçün istifadə edəcəyim rənglər qeyri-adidir. Sapları özüm boyayıram. Bu məqsədlə təbii boyalardan istifadə edirəm. Boyaları təbiətdən, yəni otlardan, ağaclardan alıram. Rəssam sözünü toxuduğu anda deyir. Bu sahədə məlum olan bütün texnologiyalardan sərbəst istifadə edirəm. Öz qobelenimi yüzlərlə qobelenin içindən tanıyıram. Qobelenin başqa yaradıcı janrlardan fərqli cəhətlərinə gəlincə, özünəməxsusluğu ondadır ki, bir var rəngi kətanın üzərinə yaxırsan, bir də var həmin rəngi yun sap vasitəsilə yerinə qoyursan. Bu, artıq tətbiqi sənət olur, toxuma tələb edir. Adətən, bizdə rəng ustalığı deyiləndə rəssamlar başqa şey fikirləşirlər. Müasir dövrdə tətbiqi sənət bizə çox gərəklidir. Bütün daxili foyelərdə, ümumən çox yerdə qobelendən istifadə olunur. Qobelen bu və ya digər yerdə asılanda çox gözəl təəssürat yaradır. Adətən, mən öz qobelenlərimi toxuculara vermirəm” (Adil Şıxəliyev, qobelen üzrə peşəkar rəssam).

Qobelenin böyük incəlikləri var 

Həyatını bu sənətə bağlayan sənətkar təbiətin ən böyük rəssam olduğunu vurğulayır. O, bu sarıdan təbiətlə bəhsə girməyin mümkünsüzlüyünü söyləsə də, bu gün sintetik boyalardan istifadə edilməsini çarəsizlik kimi qiymətləndirir. Çünki süni rənglər uzun zaman tab gətirə bilmir, bir də görürsən itib-gedir. Təbii boyalar isə yüz illərlə yaşayır. Mütəxəssislərin fikrinə görə, texniki baxımdan qobelenin yuyulması düzgün deyil. Amma baxır o, necə toxunulur və hansı şəraitdə saxlanılır. Şübhəsiz, təbii boyalarla işlənən qobelenin yuyulmasında çox böyük narahatlıq yaranmır. Çünki bu zaman rəng itməyəcək. Amma rəssamlar qobelendə fikir və ideyanın güclü ifadəsi üçün süni rəngdən istifadə etmək məcburiyyətində olduqlarını da etiraf edirlər. Sovet dövrünün bütün təzadlarını öz həyatında yaşayan A.Şıxəliyev 20 Yanvar hadisələrindən də nəsibini alıb. Bu faciənin canlı şahidi olan rəssam hadisələr zamanı yaralanıb, güllə onun sağ qolunu deşib keçib. Sənətkar qolu sağalan kimi, ilk qobelen işini bu faciəyə həsr edib. Indi onun əsərləri ölkədən xaricdə də sərgilənir. Bu yaxınlarda Türkiyədə Azərbaycan xalq tətbiqi sənəti sərgisində onun qobelenləri nümayiş olunub.
Ümumiyyətlə, hazırda dünya incəsənətində, Avropada qobelen sənəti aparıcı yer tutur. Avropada hansısa şəxsin evində qobelen görünməsi belə təsəvvür yaradır ki, o adam çox imkanlıdır. 

Qobelenlər ölçü baxımından həm kiçik, həm də iri həcmli olur. Mini qobelenlərdə başqa materiallardan, mis məftillərdən, müxtəlif texnologiyalardan istifadə olunur. Sovet vaxtı Pribaltikada mini qobelenlər istehsal edilirdi. Hətta o dövrdə mini qobelen sərgiləri də təşkil olunurdu. 
Çox zaman mövzunun mahiyyəti qobelenin böyük həcmdə olmasını diktə edir. Kiçik əsərlə böyük ideyanı vermək çətin olur…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir