Azadlığa istənilən cəza

1920-ci ildə Türkiyə Böyük Millət Məclisi açılanda Mustafa  Kamal Paşa oradakı çıxışını bu sözlərlə bitirib: “Məhkəməsi müstəqil və ədalətli olmayan millətlərin dövlət qurması  mümkün deyil!”

***
Son məhkəmələr, xüsusən dünən bir qrup müxalifətçiyə dövlət ittihamçısı kimi iş istəyən Vüqar Hacıyev köləliyin ən son həddinə boyun büküb etiraf etdi. Yəni, buyurun, yazın, deyin, mənə nifrət edin, bir sözlə, nə edirsinizsə edin, məndən ədalətli, müstəqil hüquq işçisi çıxmaz…Azərbaycandakı müasir dövrün kölələri quldarlıq dövrünün kölələrilə eyni deyil. Təbii. Onlar haqsızlığa uğramışdılar, bizim kölələrsə haqsızlıq eləməklə məşğuldular. O zaman kölələri əzirdilər, indisə kölələr kiminsə əlində balta halına gəlib başqalarını əzir və “mənə əmr verdilər, mən də etdim!” psixologiyası ilə yaşayırlar.
Adına yaraşmayan, vüqarsızlıq nümayiş etdirərək, bunu 9 milyonluq xalq və tarix qarşısında boynuna götürən bu adam illərlə ona görəmi oxuyub ki, ədaləti kimlərinsə əlində əsir etsin, hüququ ayaq altına atsın?..
Mən bu prokurora “yoldaş” və ya “vətəndaş” deyə müraciət etmək istəməzdim. Çünki yolu olmayanla yoldaş olmaq mümkün deyil! Belələri bu ölkənin vətəndaşı yox, vətənin ürəyinə daş ola bilər.
Adıyla da müraciət etmərəm. Çünki o ada uyğun əməl nümayiş etdirməyib…
O zaman dövlət ittihamçısı… Yox, bu dövlət belələrinin deyil. Bu gün azadlığı əsarətdə saxlayanlar dövlət deyil, onu zəbt etmişlərdir. Bu da işğalçı bir tayfanın əməllərinə ortaq olan biridir…
Nəhayət, adı qoyuldu: tayfa prokuroru!
Beləcə, mən də ona müracət edirəm: Siz məhkəmə iclasından çıxırsınız, heç bir şey olmamış kimi evinizə, yaxınlarınızın yanına gedirsiniz, nəfəs alıb-verirsiniz, bu da olur insanca yaşamaq?!
Budurmu insanca yaşamaq?
Sizi məcbur etdilər, buyurdular, əlinizə baltanı verdilər, siz də endirib qaldırdınız… Yəni, bu qədər bəsit…
Sonra da hüquqdan, ədalətdən danışıb heç nə olmamış kimi yola davam…
Hansı yol? Yol varmı sizin qarşınızda? Yolsuzlaşan adamın yolu ola bilərmi?
Siz dünənki çıxışınızla özünüzə iş istədiniz! Insanlığın, vicdan və ədalətin, haqqın və ən nəhayət, əgər ALLAHA INANIRSINIZSA, Yaradanın haqqının azadlıqdan məhrum edilməsi üçün çıxış etdiniz…
Bu gün özünü güclü, hər şeyə sahib sayıb, bütün insani dəyərləri ayaq altında pilləkən etməklə özünə yüksək villalar, evlər tikən adamların ayağı altından o yüksəklik sürüşəndə kimsə xilas olmayacaq. Hər yüksəlişin bir enişi də var. Bu gün şərin yüksəkliyində məst olanlar mütləq bir gün xeyirin ayağı altına düşəcəklər.
Hüsnü Mübarəkin dəmir barmaqlıqlar arxasından məzlum-məzlum baxdığını görəndə mən ilahi ədalətin olduğuna bir daha inandım.
Məğlub olmayan, qalib olmağı da bacarmaz. Əyilməyən qalxa da bilməz. Bu gün haqq sizin köləliyiniz və sahiblərinizin əlində əsarətdədir və haqq əyilib…Amma yerlərdə sürünmək, sınmaq üçün deyil, məhz ayaqlarınız altına alıb tapdadığınız azadlığı götürüb qalxmaq üçün!