Türkiyə həmişəmi susacaq, Aydın müəllim?

Hörmətli Aydın Mirzəzadə! Siz deyirsiniz ki, ölkəmizdə səfərdə olan Almaniya nümayəndəsi Markus Löninq Azərbaycan ictimaiyyətindən üzr istəməlidir: “O, özünü məhkəmə kimi aparmağa cəhd göstərib. Bu isə yolverilməzdir”“.”

Hesab edirsiniz ki, xarici ölkənin insan hüquqları üzrə təmsilçisi Azərbaycanla yalnız əməkdaşlıqdan danışa, öz təcrübəsini bölüşə bilər, daxili siyasəti tənqid etmək isə diplomata və xarici ölkə ombudsmanına yaraşmayan hərəkətdir.

Aydın müəllim, əslində çıxışınız bir cəhətdən mənim çox xoşuma gəldi. Çünki siz demirsiniz ki, Markus Löninq yalan deyir, danışdıqları həqiqət deyil. Siz sadəcə deyirsiniz ki, o danışmalı deyildi bunları, onun belə hüququ yoxdur.

Siz də bilirsiniz ki, həmin  Markus Löninq nə deyibsə, düz deyib.  Məsələn, o cənab dedi ki, Azərbaycanda korrupsiyanın səviyyəsi yüksəkdir. Bunu Ilham Əliyev də deyirdi bir neçə ay əvvəl, hətta korrupsiyanı “üzərimizdə böyük bir ləkə”“” adlandırmışdı. Cənab Löninqin digər dediklərinin də həqiqət olduğuna Tanrının da şübhəsi yoxdur. Əgər sizin dediyiniz kimi, bu almaniyalı qonaq üzr istəməlidirsə, belə üzr istəməlidir: “Həqiqəti danışdığım üçün Azərbaycan xalqından üzr istəyirəm”“.”

Indi görün biz haralara gəlmişik ki, həqiqəti deyənlər bizim xalqdan üzr istəməlidir. Belə çıxmırmı?  Mən hələ onu demirəm ki, hüquqla, sənədlə insan haqları məsələsi heç bir dövlətin daxili işi deyil, Markus Löninq də məhz hüququ çatdığı məsələlərdən danışıb. Məgər bizim ölkə bu hüququ qəbul etdirən konvensiyalara səhvən qoşulub?

Deyirsiniz ki,  Markus Löninq özünü məhkəmə kimi aparmağa cəhd göstərib. Bunu necə başa düşək? Məsələn nə edib? Kimin haqqında həbs qərarı çıxarıb? Yaxud bizim ölkədə hansı məhkəmə (hakim) onun kimi danışır?

Bu xarici ombudsman görün nə dedi: “Almaniya Qafqazı azad görmək istəyir!””.

Məgər burada aydın olmayan nəsə varmı, məgər bu, pisdir?  Məgər Almaniya bununla Azərbaycanı işğal etmək istəyir? Bu ki bizim ölkə üçün ən xoş arzudur! Bu ki faşist Almaniyası dövrünün arzusu deyil…

Faşizmdən söz düşmüşkən, bir məsələni yadınıza salmaq istəyirəm. Faşizmi pisləyirsiniz. Yəqin onu tərifləməzsiniz. Bu gün bütün dünyanın insanları hər yerdə, hətta Almaniyada olarkən də faşizmi pisləyirlər. Almanlar özü də faşizmi pisləyir. Amma siz qəbul etsəniz ki, artıq bütün dünya insan haqlarının pozulmasını, avtoritarizmi, hakimiyyətin bir əldə saxlanılmasını, xalqlara zülm edilməsini faşizmin variantları sayır və pisləyirlər, yəqin Markus Löninqi başa düşərdiniz.

Bəli, Aydın müəllim, artıq Avropa qəbul edir ki, faşizm təkcə nə vaxtsa Avropada, Almaniyada olan formada olmur. Onun  müxtəlif formaları var. Baxın, Suriyada nə baş verir, Bəşər Əsəd Hitlerdən yaxşıdırmı?

Aydın müəllim, artıq bütün dünya qəbul edir ki, faşizmin çox növləri var.  Azadlıqları qəsb edən rejimlərin hamısı bura daxildir. Hazırda dünyanın ən ünlü intellektualı sayılan  məşhur yazıçı Umberto Eko “Əbədi faşizm” adlı essesində yazır ki, faşizməbənzər təzahürlər, ur-faşizmlər indi də bəşəriyyət üçün təhlükədir. Onun yaxşı bir sözü var: “Ur-faşizm özünü ən günahsız növ və formalarla təqdim edə bilir.”

Elə hesab etməyin ki, Azərbaycandakı rejim bu cəhətdən saf-çürük edilmir və hamı bu haqda susmaq fikrindədir. Qəzzafiyə göstərilən münasibəti bilirsiniz. Hətta görürsünüz ki, artıq Bəşər Əsədi küncə sıxışdırırlar. Onun əməlləri haqda qardaş Türkiyə də susmur neçə aydır.  Əminsinizmi ki, bir gün Türkiyə Azərbaycandakı haqsızlığı danışmayacaq? Nə deyəcəksiniz onda?

Yeri gəlmişkən, məşhur türk dizisinin qəhrəmanı Polad Ələmdar Elçibəy haqda film çəkəcəyini və onu çox sevdiyini deyib. Bəlkə onun da haqqı yoxdur bu haqda danışmağa?!