Rövşən Verdiyev döyülməsini təkzib etməsi barədə yazılanların yalan olduğunu bildirir
“Bəzi qəzetlərdə Rövşən Verdiyevin adından yazılanlar həqiqəti əks etdirmir”. Bu sözləri qəzetimizə Daşkəsəndə polislər tərəfindən döyülən Rövşən Verdiyevin yaxın qohumu Valid Qardaşlı deyib. O, bildirib ki, qohumu polislər tərəfindən döyülməsi barədə “Azadlıq”da yazılanları təkzib etməyib: “Bütün bunlar Rövşən Verdiyevin adından yazılıb. Rövşən Verdiyev hazırda da Gəncənin 3 saylı xəstəxanasında müalicə alır və şikayətini geri götürməyib”.
Valid Qardaşlının sözlərinə görə, Rövşən Verdiyev dünən rentgen müayinəsindən keçib. Məlum olub ki, aldığı zərbələr nəticəsində onurğa sümüyündə çat yaranıb, bir böyrəyi sıradan çıxıb, həmçinin ağciyərinin pərdəsi yırtılıb. Zərərçəkənin qohumu Rövşən Verdiyevin vərəm xəstəsi olması barədə deyilənlərin də yalan olduğunu bildirib: “Bu, Daşkəsən polisinin uydurmalarıdır. Onlar Daxili Işlər Nazirliyinə də bu cür yalan məlumatlar veriblər. Elə bu səbəbdən də nazirliyin rəsmisi Ehsan Zahidov Rövşən Verdiyevin döyülməsi ilə bağlı hadisəni təhrif olunmuş formada ictimaiyyətə çatdırmışdı. Başa düşürəm, rəhbərliyə yalan məlumat verilib, ona görə Ehsan Zahidov bu cür açıqlama ilə çıxış edib. Amma yaxşı olardı ki, bu məsələni ciddi araşdıraydılar. Mən qəzetiniz vasitəsilə nazir Ramil Usubova müraciət edərək ondan bu məsələni ciddi araşdırmağı və təqsirkarlar barədə ölçü götürməsini xahiş edirəm. Qoy, cənab nazir bizi qəbul etsin, dinləsin və əsl həqiqətin nədən ibarət olduğunu öyrənsin”.
Əməkdaşımız Rövşən Verdiyevin özü ilə də əlaqə saxlayıb. Zərərçəkən bildirib ki, o heç bir qəzetə polislər tərəfindən döyüldüyünü təkzib etməyib: “Əksinə, mən hər yerdə deyirəm ki, məni polislər döyüb. Bunu mənim adımdan yazıblar. Əgər məni polislər döyməmişdisə, nə üçün mənə barışıq təklif edirdilər, nə üçün deyirdilər ki, şikayətini geri götür, müalicə xərclərini ödəyərik?! Indi də məni zorla xəstəxanadan çıxarmaq istəyirlər”.
Xatırladaq ki, Rövşən Verdiyev avqustun 14-ü axşam saatlarında zəhərlənmiş uşağı üçün dərman almaq məqsədilə aptekə gedərkən yolda dayanmış polislərdən biri, Daşkəsəndə “Şurik” ləqəbi ilə tanınan Zahid Məmmədəliyev ona “cinayətkara oxşayırsan” deyə replika atıb. Rövşən Verdiyev polisin replikasına etirazını bildirdikdə Zahid Məmmədəliyev və həmkarlarının zorakılığı ilə üzləşib. Zərərçəkən əvvəlcə elə orada döyülüb. Lakin Zahid Məmmədəliyev bununla kifayətlənməyib. Polis şöbəsinə aparılan Rövşən Verdiyev orada daha amansız işgəncələrə məruz qalıb. Nəticədə vətəndaş huşunu itirib. Zahid Məmmədəliyev Rövşən Verdiyevin ölə biləcəyindən ehtiyat edərək dərhal həmkarları ilə birgə onu Gəncə şəhər 3 saylı xəstəxanasına gətirib. Polislər onu xəstəxanaya ataraq tələsik oranı tərk ediblər.
Bu xəbər “Azadlıq”a daxil olanda əməkdaşımız dərhal xəstəxanaya getmişdi. Orada Rövşən Verdiyevin özü və qardaşı Qüdrət Verdiyevlə söhbətləşmişdi. Onlar baş verənlərdə məsuliyyəti polisin üzərinə atmışdı. Rövşən Verdiyevin başına gələnlər barədə söylədikləri videolentə də alınaraq “Azadlıq”ın veb-səhifəsində yerləşdirilmişdi.
Lakin buna baxmayaraq, bir gün sonra bəzi mətbuat orqanlarında Rövşən Verdiyevin təkzibi yayılmışdı. Görünür, elə bu səbəbdən də DIN yazılanların doğru olmadığını iddia etmişdi. Amma indi bəlli olur ki, Rövşən Verdiyev dediklərini təkzib etməyib.
Azad



