Anar Məmmədli: «Ciddi bir vətəndaş müqaviməti başlamalıdır»
«Azərbaycanda müxalifətlə hesablaşmayan, vətəndaş cəmiyyətini nəzərə almayan məsuliyyətsiz bir hakimiyyət var»
Bir vaxtlar Bakının mərkəzində yaşamaq “prestij” sayılırdısa, indi bu, sadə insanlar üçün sözün əsl mənasında kabusa çevrilib. Hər an hansısa oliqarx bu insanların şəxsi mülkünə göz qoya və tərəddüd belə, etmədən onları küçəyə ata bilər. Təsadüfi deyil ki, son vaxtlar Avropa Məhkəməsinə göndərilən şikayətlərin böyük bir qismi mülkiyyət hüquqlarının pozuntusu ilə bağlıdır. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə söhbətimiz də son aylar pik həddinə çatan mülkiyyət pozuntuları ilə bağlı oldu.
– Leyla Yunusun ofisinin sökülməsi göstərdi ki, Azərbaycanda hüquq müdafiəçiləri belə, öz haqlarını axıra qədər qorumaq gücündə deyillər. Belə olan halda, hüquq müdafiəçiləri onlara pənah aparan sadə vətəndaşları necə qoruya bilər?
– Son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda mülkiyyət hüquqları çox kobud şəkildə pozulur. Bu sahədə açıq-aşkar özbaşınalıq hökm sürür. Konkret olaraq qanunlara məhəl qoyulmur. Ən pisi odur ki, bu prosesdə əsasən dövlət institutları iştirak edir. Təbii ki, bu özbaşınalıqlar çox sürə bilməz. Çünki artıq Avropa Məhkəməsində bu işlər üzrə silsilə qərarlar çıxarılır və Azərbaycan hökuməti cərimələnir. Proses belə davam etsə, cərimələrin sayı bir az da artacaq. Amma fakt odur ki, bu gün Azərbaycanda mülkiyyət uğrunda savaş gedir. Məmurlar, oliqarxlar insanların mülkiyyətini qəsb etmək üçün mübarizəyə başlayıblar. Bu gün Azərbaycanda korrupsiyalaşmış sahələrdən biri də məhz budur. Alqı-satqı prosesi sənədləşmə və şəffaflıq olmadan həyata keçirilir. Bilmək olmur ki, kimin hansı məsuliyyəti var. Yaxud dövlətin adından çıxış edənlərin bu prosesi həyata keçirməyə səlahiyyətləri var, ya yox?! Azərbaycanda mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı ciddi bir vətəndaş müqavimətinə ehtiyac var. Bu istiqamətdə gedən məhkəmə çəkişmələri öz səmərəsini vermir. Bu da olmalıdır, amma ictimai kampaniyaya daha böyük ehtiyac var. Leyla Yunusun başına gətirilənlər göstərdi ki, bu biabırçı olaydan heç kim sığortalanmayıb. Məlum məsələdir ki, bütün bunlar Leyla xanımın insan hüquqlarının, siyasi hüquqların müdafiəsi istiqamətindəki aktiv fəaliyyəti ilə bağlıdır. Bugünə qədər siyasi əqidəsinə, fəallığına görə insanları başqa formada təqib edirdilər. Məsələn, özünü və ya yaxınlarını işdən çıxarırdılar. Indi başqa bir alət tapıblar, bu da insanların mülkiyyət hüquqlarına qəsddir. Vətəndaş cəmiyyəti fəalları mütləq ictimai müqavimət təşkil etməlidir.
– Amma məsələ ondadır ki, vətəndaş cəmiyyətinin özü də bəzi hallarda baş verənləri susqunluqla izləyir. Məsələn, Leyla Yunusun ofisinin sökülməsinə heç öz həmkarları tərəfindən reaksiya gəlmədi…
– Razıyam. Əvvəla onu deyim ki, Azərbaycanda mülkiyyət hüquqlarının müdafiəsi yüksək şəkildə təşkil olunmur. Hətta vətəndaş cəmiyyəti və hüquq müdafiəçiləri tərəfindən də ciddi bir etinasızlıq var. Onların bu istiqamətdəki mövqeləri çox zəifdir. Bu, həmin sektorda uzun illərdir başlamış marginallaşmanın – real həyatdan uzaqlaşmanın nəticəsidir. Bu gün ölkədə çox az sayda müstəqil, peşəkar vətəndaş cəmiyyəti təşkilatları qalıb. Insanların çoxu susmağa üstünlük verir. Bu cür olaylar baş verəndə də etiraz etmirlər. Insan hüquqlarının müdafiəsi istiqamətində nəinki sadə insanların, hətta bu sahədə ictimai öhdəlikləri olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti çox aşağı səviyyədədir. Bu məsələ ilə təkcə hüquq müdafiəçiləri yox, siyasi partiyalar, tanınmış ictimai təşkilatlar da məşğul olmalıdır. Özbaşınalıqlara göz yumanlar, etiraz bildirməyənlər düşünməsinlər ki, sabah özləri bu problemlə qarşılaşmayacaqlar. Bu gün onlar ona görə “qiymətlidir” ki, hakimiyyətə etiraz edən qüvvələr var. Bu qüvvələr olmayandan sonra hakimiyyət tərəfindən yaradılan o təşkilatların heç bir çəkisi olmayacaq.
– Bəs sizin təşkilatın necə, mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində nələrsə etmək kimi bir niyyəti var?
– Bizim təşkilat son iki ildə təkcə seçkilərlə deyil, həm də siyasi azadlıqlar və siyasi məhbuslarla da bağlı müxtəlif fəaliyyətlər göstərir. Mülkiyyət hüquqlarının müdafiəsinə gəlincə, Azərbaycanda bu sahədə çalışan kifayət qədər səriştəli insan var. Onların əməyini yerə vurmaq olmaz. Sadəcə bu insanlara kömək etmək lazımdır. Onların fəaliyyətində müəyyən keyfiyyət dəyişiklikləri yaranmalıdır. Mən əsas çıxış yollarından birini vətəndaşların təşkilatlanmasında görürəm. Bu, çox vacibdir. QHT-lərlə yanaşı, mülkiyyətinə qəsd olunan vətəndaşlar özləri də səfərbər olmalı, fəallıq etməlidirlər. Belə bir ideya olarsa, biz də prosesdə yaxından iştirak etməyə hazırıq.
– Insanların evlərini zorla əlindən almaqla, qanunsuz söküntülər aparmaqla hakimiyyət minlərlə insanı özündən narazı salır. Bu qədər insanı özünə qarşı çevirməkdə hakimiyyətin marağı nədir?
– Azərbaycanda müxalifətlə hesablaşmayan, vətəndaş cəmiyyətini, medianı nəzərə almayan məsuliyyətsiz bir hakimiyyət var. Hansısa mülkü bəyənirlər, onu əldə etmək uğrunda mübarizə aparırlar. Bu, daha çox siyasi əxlaq məsələsidir. Çox təəssüf ki, ölkənin idarəetməsinə feodal düşüncə hakimlik edir. Mülkiyyətə qarşı münasibət də ölkədə feodal dünyagörüşünün dominant olduğunu göstərir. Azərbaycanda insanların mülkiyyətinə qəsd o səviyyəyə çatıb ki, hakimiyyətin bundan ehtiyat etdiyini demək yersizdir. Hüquqi nihilizm hökm sürür. Düşünürlər ki, istədikləri an insanları öz mülkündən çıxara bilərlər. Çünki müqavimət, insanların haqqını qoruyan məhkəmə, ictimai rəyi formalaşdıran institutlar yoxdur. Nə vaxtsa bunun axırı çatacaq. Amma onlar düşünürlər ki, nə qədər imkan var istədiyimizi ələ keçirək.
Gültəkin