Niyə bu qədər sərvəti olanın borcları heç nəyi olmayan Ermənistan və Gürcüstanın borcları qədər olmalıdır?
Məhəmməd Talıblı
Niyə burada hansısa istehsal, real sektorlara deyil, ənənəvi maliyyələşən nəqliyyat infrastrukturunun yenilənməsi və ya restruktrizasiyası üçün kredit alınmalıdır? Çünki, bizdə hansı sektorun real tələbatının nəzərə alınması deyil, daha nüfuzlu nazirliyin olması önəm daşıyır. Əgər belə olmasaydı, onda Nəqliyyat Nazirliyinin deyil, deyək ki, aqrar sektor üçün kreditlər alınardı.
Halbuki, aqrar sektorda ölkə əhalisinin 39 faizi cəmlənib, investisiya layihəsində isə müvəqqəti olaraq hansısa dar çərçivədə olan işçi heyət çalışacaq.
Borclar necə sərf olunur?
Azərbaycan iqtisadiyyatı çox qəribə və eyni zamanda bir-biri ilə ziddiyyət təşkil edən metodlarla idarə olunur. Nəzərə alaq ki, ölkəmiz dünya valyuta bazarında avro-dollar münasibətlərinin kəskin dəyişdiyi həssas bir dönəmdə ölkəyə həm portfel (qiymətli kağızlar formasında) xarici investisiya cəlb edir, digər tərəfdən isə birbaşa sərmayəni təşviq edir və başqa bir istiqamətdə isə böyük neft pulları ölkə iqtisadiyyatına cəlb olunur. Alınan kreditlərin səmərəsi alınan vəsaitin şəffaf və təyinatlı istifadəsi ilə birbaşa bağlıdır. Təyinatından uzaqlaşdırılan və korrupsiyanın yeminə çevrilən layihələr kifayət qədərdir. Təkcə, bir faktı yada salaq. 2000-ci ildə Azərbaycan Dünya Bankından 30 milyon dollar həcmində kredit almışdı. Həmin vəsait Səhiyyə Nazirliyi tərəfindən vaxtı keçmiş dərmanların alınmasına yönəldildi. Yararsız olan bu dərmanlar sonradan yandırıldı. Dövlət səviyyəsində zəmanətlə kredit aldığı üçün sonradan həmin borcu ödəmək məcmuriyyətində qaldı. Yaxud alınan kreditlərdə hansı şirkətlərin tenderlərdə necə qalibi olması hamıya məlumdur. Əksər tenderlərdəki qeyri-qanuni ödənişlər kreditlərin səmərəsini əhəmiyyətli surətdə aşağı salır.
Azərbaycanın debitor və kreditor rolu
Hökumətimiz həm xarici maliyyə qurumlarından kredit alır, eyni zamanda da bəzi dövlətlərə kreditlər verir. Bu dualist mahiyyəti anlamaq çətindir. Gürcüstana 200 milyon dollar və Belarusa 500 milyon dollar həcmində kreditin verilməsi ölkəmizin bəzi bank institutlarının kreditor funksiyasını öz üzərinə götürməsi cəhdidir. Halbuki, Azərbaycan həmin banklardan daha bahalı faizlə kredit götürür, ondan ucuz faizlə krediti bəzi dost ölkələrə satır. Eyni zamanda ARDNF-nun aktivləri daha aşağı faizlə müxtəlif qurumlarda saxlanılır, amma yerli sahibkarlıq subyektləri ondan daha yüksək faizlə başqa banklardan ölkəmizə kreditlər cəlb edirlər. Halbuki, xarici borc deyəndə, təkcə dövlətin xarici borcu yox, özəl sektorun da payını bura əlavə edəndə bunun toplam həcmi 10 milyard dolları keçir.
Xarici borc: Cənubi Qafqaz Respublikalarında vəziyyət
Bizim hökumətin hər zaman xoşladığı müqayisə Erəminstan və Gürcüstanla olur. Bu, fikrimcə, hökumətə müvafiq nəticələr və yaxşı dərs üçün yox, özünə yalançı təsəlli üçündür. Bir qədər obrazlı desək, biz zəif sinifin əlaçısı olmaqdan zövq alırıq. Amma belə “döşək çempionu” olmaqda bizə nəsib olmur. Baş nazir T.Sarkisyanın açıqlamasına görə, Ermənistan xarici borcu bu ilə 4,3 milyard dollar təşkil edir. Bəzi mənbələr isə bunu 5,2 milyard dollar səviyyəsində qiymətləndirir. Həmin borclar isə 7-10 il aşağı faiz olmaqla 35-40 il üçün nəzərdə tutulub. Bunun əsas donorları DB və Rusiya hesab olunur. Gürcüstanın xarici borcu isə 2011-ci ilin ortasına 4,206 milyard dollar səviyyəsində olub. Azərbaycanın isə bu ilə xarici borcu məlum olduğu kimi 4,5 milyard dollardır. Nisbətən daha kiçik iqtisadiyyat-ÜDM, büdcələrinin fonunda bu borc (Gürcüstan və Ermənistan) nisbətdə böyükdür, amma nəzərə alaq ki, bu iki ökənin xüsusi iqtisadi potensiala malik olmadığı halda, borca girmələri anlaşılandır. Çünki,bu ölkələrin heç birinə böyük neft pulları daxil olmur, neftli büdcə anlayışı yoxdur. Əksinə Gürcüstan kimi ölkə hələ ildə bizim neftin nəqlindən 250 milyon dollar əldə edir ki, bu da onların büdcəsinin 10%-i deməkdir. O baxımdan bizim hətta imkanımıza tam adekvatdır ki, biz xarici maliyyə qurumlarından bu səviyyədə kreditlər almayaq, əksinə Ermənistan və Gürcüstan kimi ölkələrə kreditlər verək. Bu, heç də maksimalist ideya deyil, imkanlarımıza tam uyğundur.
Son 16 ildə 63 dəfə borcumuz artdı
Müqayisə üçün bildirim ki, Azərbaycanda 1994-cü ildə adambaşına düşən xarici dövlət borcu 8 dollar idisə, indi bu rəqəm 500 dollar həcmindədir. Halbuki, həmin illər ölkə daxilində iqtisadi vəziyyətlə bağlı borclanmaya girmək ehtiyacı daha böyük idi. Amma həmin illərdən sonra alınan kreditlərin həcmi daha da artmağa başladı. O layihələr ki, onlar daha çox investisiya layihələrini əhatə edir. Bu zaman sual oluna bilər ki, niyə tələm-tələsik infrastruktur layihələri sosial problemlərin həllindən qabağa salıb həyata keçirmək istəyirik? Axı, büdcə vasitəsilə də infrastruktur layihələri gerçəkləşdirilir, Neft Fondu vəsaitlərilə də, xarici borclanmalar hesabına da. O zaman bizə sual verməzlər ki, heç bir dəyər yaratmayan və işsizliyi azaltmayan bu investisiya layihələri niyə belə kosmik sürətlə artır?
Müqayisə üçün deyim ki, 1995-ci ildə adambaşına düşən xarici borc 8 dollar olduğu halda, bu il 501 dollara çatıb. Bu isə o deməkdir ki, son 16 ildə böyük neft pulları əldə edən hökumət xarici borcun miqyasını 63 dəfə artırıb.
Borclar təhlükəli həddədirmi?
Əslində, indiyə qədər alınan kreditlərin ağır yükü və fiskal təzyiqi ona görə dərin hiss olunmayıb ki, onun qaytarılmasında 2 faktor olduqca mühüm rol oynayıb. Birincisi, ölkəmizin neft hasilatının yüksək fazasına daxil olması nəticəsində mənfəət neftinin pay bölgüsündə artan payı. Ikincisi, bu neft pullarının axınını şərtləndirən dünyadakı neftin qiymətinin əlverişli səviyyədə (daimi artan qiymətlə müşahidə olunması) olması. Bu zaman neft pulları hesabına xarici borcların örtülməsi çox da çətinlik yaratmadı, əksinə bu maliyyə seli bəzi beynəlxalq maliyyə qurumlarını da Azərbaycan “reallıqlarına” uyğunlaşmasına gətirib çıxardı. Amma gələn ildən neftin hasilatında enmələrin olduğunu proqnozlaşdıranda, onda bu borcların qaytarılmasında bəzi çətinliklərin olacağı gözləniləndir. Məhz böyük neft pullarının daxil olması həmin borcların ödənməsində ciddi təhlükə yaratmadı, amma istisna olunmur ki, bu yaxın gələcəkdə bu təhlükə yaratsın.
Bəzi iqtisadçılar hesab edir ki, bu borclanma qorxulu həddə olmadığı üçün onu ciddi təhlükə saymaq olmaz. Çünki, o ümumi daxili məhsulun təhlükəli həddində deyil. Mən bununla razı deyiləm. Neftlə zəngin ölkələrin təcrübəsi göstərir ki, əksər belə ölkələr xəyali neft gəlirlərinə arxayın olaraq xarici borclanmaya girirlər və dünyadakı neft konyunkturunun əlverişsiz hala gəlməsi zamanı onların bu kredit portfellərinin şişməsi və faizlərinin böyüməsi gələcək nəsil üçün saxlanılan gəlirləri yeməyə başlayır və beləliklə belə ölkələr qazancdan çox, zərərə düşürlər. Asiya krizisi zamanı beynəlxalq maliyyə qurumlarını ittiham edən amillrədən biri də bu oldu ki, beynəlxalq maliyyə ölkələrin bu vəziyyətindən istifadə edib, nəticədə ölkələri ağır vəziyətə salırlar.
Hazırda xarici borclanmanın metodiki aspekti də var. Belə ki, xarici borclanmanın qiymətləndirilməsi zamanı istifadə olunan 3 əsas göstəricidən istifadə olunur. Bunlardan biri xarici borcun ÜDM-ə nisbətinin 40 faiz həddində olması, xarici borcun toplam ixracatda 200 faizdən artıq olmaması və nəhayət xarici borca xidmətlərlə bağlı toplam ödənişlərin ÜDM nisbətinin 5 faizindən artıq olmaması. Hazırda ölkəmizin xarici borcunun ÜDM-də payı 8,1%-dir. Bu, o demək deyil ki, biz təhlükəsiz həddəyik, əksinə bəzi ölkələrin təcrübəsi göstərir ki, belə nisbət qeyri-neftsiz ÜDM-lə əlaqələndirilməlidir. Bu zaman hesablaya bilərik ki, xarici borcumuzun qeyri-neft ÜDM-də payı 30%-ə yaxındır. Bu isə o deməkdir ki, ötən illə müqayisədə xarici borcumuz qeyri-neft ÜDM-də 1,4 %-ə qədər artıb. Bu baxımdan mən hesab edirəm ki, biz kriterlər baxımından təhlükəli zonaya daxil olmasaq da, ona doğru iti sürətlə irəliləyirik. Çünki, Dünya Bankı standart təyinatlı borclanmanı kəskin və mülayim borcadüşmə vəziyyətinə görə təsnifatlandırır. Düzdür,biz kəskin borca düşmə səviyyəsində deyilik, amma bu nisbət yumşaqda hesab oluna bilməz. Əslində, borca girmənin faktiki nisbəti ilə bərabər, tendensiyasının özünün qorxulu olması ciddi siqnal hesab olunmalıdır. Çünki,xarici borcun illər üzrə artan trendi narahatlıq hissi yaradır. Məsələ ondadır ki, hökumətlər hesabatlı və legitim olanda kreditlər optimist, məsuliyyətsiz və qeyri-legitim olanda isə pessimist ssenarilər doğurur.