”Bu cür vəhşilik, zorakılıq, irtica çox davam edə bilməz”
Keçmiş prezident demokratiyanın boğulmasına, mitinq zorakılıqlarına necə qiymət vermişdi?
“Azərbaycan rəhbərliyi mürtecidir, diktatura tərəfdarıdır, demokratiyanın əleyhinədir və onu boğur. Bu cür vəhşilik, bu cür zorakılıq, bu cür irtica mövqe əlbəttə ki, çox dözə bilməz. Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmalı, demokratiya yolu ilə getməli, bütün bu mürtəce qüvvələri aradan götürməlidir”. Bəlkə də gözlərinizə inanmayacaqsınız. Amma nə qədər də təəccüblü olsa, bu, kemiş prezident Heydər Əliyevin fikirləridir. Naxçıvan Ali Məclisinin deputatı olarkən H.Əliyev 1991-ci il avqustun 24-də “Azadlıq” radiosuna “QKÇP” hadisələri ilə bağlı müsahibə vermişdi. Müsahibənin olduqca maraqlı olduğunu nəzərə alıb oradakı bəzi fikirləri oxucularımızın diqqətinə çatdırırıq.
“Mən demokratiya uğrunda mübarizə aparıram”
Radioya müsahibəsində H.Əliyev əvvəlcə Moskvada avqustun 19-da həyata keçirilmiş hərbi çevrilişə münasibət bildirib: “Mən bu çevrilişi bilən kimi onu qətiyyətlə pislədim. Və bunu hərbi xunta tərəfindən demokratiyanın əleyhinə reaksion bir hərəkət kimi qiymətləndirdim. Nə qədər çətin olsa da, nə qədər ağır olsa da demokratiya Rusiyada bərqərar olacaq və qalib gələcək. Bu çevrilişin əlbəttə mənfi cəhəti odur ki, xalqa, millətə ümumiyyətlə ölkəyə böyük yaralar vurdu. Amma eyni zamanda bu yaralar əldə olunan qalibiyyətlərə gətirib çıxardı və demək olar ki, demokratiya tamamilə qalib gəldi. Mən bunu bəyənirəm, mən bunu çox böyük məmnuniyyətlə qəbul edirəm. Hesab edirəm ki, bu, mənim də qalibiyyətimdir. Çünki mən demokratiya uğrunda mübarizə aparıram, Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda çalışıram. Ona görə demokratiyanın bu cür qalibiyyəti məni sevindirir.
“Azərbaycan rəhbərliyi diktatura tərəfdarıdır”
Ikinci məsələ bu çevrilişlə əlaqədar olaraq Azərbaycanda ayın 19-dan sonra olan proseslərdir. Məni çox təəccübləndirən və dəhşətə gətirən hal ondan ibarət oldu ki, Azərbaycanın rəhbərliyini ÿindiyəÿ qədər ÿəlindəÿ saxlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycanın prezidentiÿMütəllibov ÿbu çevrilişi bəyəndilər. Bunlar belə güman etdilər ki, çevriliş Azərbaycana müəyyən qədər səadət gətirəcək. Şübhəsiz ki, bu, məni çox narahat etdi, məni incitdi. Xalqın, ümumiyyətlə ölkənin bu vaxtında Azərbaycan xalqının rəhbərlərinin bu cür mürtəce mövqe tutmasını nəinki başa düşə bilmədim, bu, məni dəhşətə gətirdi. Bunlar hamısı Azərbaycan rəhbərliyini gülünc vəziyyətə qoyur və Azərbaycan rəhbərliyinin ikiüzlü siyasət aparmasını göstərir. Eyni zamanda da onu sübut edir ki, Azərbaycan rəhbərliyi tamamilə reaksion mövqe tutub, reaksiya tərəfdarıdır, diktatura tərəfdarıdır, mürtəce tərəfdarıdır, demokratiyanın əleyhinədir və demokratiyanı boğur”.
Əliyev AXC-nin və “Azadlıq”ın müdafiəçisi rolunda
Daha sonra H.Əliyev sonradan özünün addımbaşı təkrarladığı zorakılıq siyasətini pisləyib, düşmən kəsiləcəyi şəxslərin müdafiəsinə qalxıb: “Avqustun 23-də burada Bakıda Nərimanov heykəlinin yanında Bakı sakinlərinin mitinqi keçirilib. Təəssüf ki, mitinq başlayan kimi ora bir qrup çox vəhşi xarakterli adamlar soxulub. Bütün meydanı iki mindən artıq milis işçiləri, zabitləri,ÿ ”OMON”un zabitləri əhatə ediblər. Onlar mitinq başlayan kimi aksiya iştirakçılarını vəhşicəsinə dubinkalarla döyüblər. Mən eşitdiyimə görə, Azərbaycan Xalq Cəbhəsinin qərargahını darmadağın ediblər, onların pəncərələrini, şüşələrini sındırıblar, kabinetlərini dağıdıblar. “Interfaks”ın verdiyi məlumata görə, (dünən gecə “Interfaks”-ın baş direktoru Terexov mənə zəng etmişdi) orada əlli nəfərdən artıq adam yaralanıb, ağır yaralanıb.
Xəsarət almış adamların içində Azərbaycanın xalq deputatları, o cümlədən Azərbaycan Ali Soveti Prezidiumunun üzvü Sabir Rüstəmxanlı, “Azadlıq” qəzetinin redaktoru, xalq deputatı Nəcəf Nəcəfov və başqaları, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev də ağır yara almışdır.
Bu qanlı hadisə bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi ölkədə gedən bu demokratik proseslərin yenə də əleyhinə çıxır. Dinc əhalinin, heç bir fəaliyyət göstərməyən, ancaq meydana çıxıb öz sözünü demək istəyən adamların üstünə basqın yapmışlar, onları döymüşlər, onları yaralamışlar və onları oradan qovmuşlar. Bu şübhəsiz ki, vəhşilikdir. Mənə dünən Terexov zəng vurmuşdu, ona da fikrimi bildirdim ki, çatdırsın informasiya orqanlarına. Sizə də bildirirəm ki, mən bu hadisəni qətiyyən pisləyirəm, bir vətəndaş, azərbaycanlı, bir xalq deputatı kimi buna qəti etirazımı bildirirəm. Bu cür vəhşilik, bu cür zorakılıq, bu qədər irtica mövqe əlbəttə ki, çox dözə bilməz. Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmalıdır, demokratiya yolu ilə getməlidir, bütün bu mürtəce qüvvələri aradan götürməlidir”.