Qarabağın savaş tarixinin simvolu
Qarabağın simvolu olaraq tanınan tarixi abidələrdən biri də Əsgəran qalasıdır. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Qarabağın yaddaş tarixi olan bu qala Şuşanın cənubunda, Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb. Qala hər iki sahili boyunca sağ və sol tərəfdə tikilib. Qalanın sağ sahil istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir.
Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir. Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşir ki, bu, kvadrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar var. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. Istehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Yuxarıdakı kvadrat biçimli istehkam müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edib və elə inşa olunub ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də, burada mübarizəni davam etdirmək mümkün olsun.
Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır. Məlum olduğu kimi, erməni təcavüzü nəticəsində bir çox abidələrimiz kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Əsgəran qalası indi erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə məruz qalıb. Belə ki, erməni müəlliflərinin kitablarında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək onun tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilir. Məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib. Əslində isə, qalanın adı Əsgəran adlı yerlə bağlıdır və Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarətdir. Qiyasəddin Qeybullayev Əsgəran toponiminin Azərbaycan dilindəki əski – “qədim”, “köhnə” sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: “Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş ”Əsgəran” qalasının xarabalıqları var. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi”.
Əsgəranı Pənahəli xan tikdirib, yoxsa oğulları?
Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778-1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfindən inşa olunduğunu qeyd etməyib. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərib. Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qrup tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, başqa qrup isə Ibrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda, tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” əsərində qeyd edir: “Mərhum Ibrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətlərinin əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından, ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsun. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə var. Düşmən oradan keçib qalaya gələ bilməz.
Belə ki, bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa, düşmən oradan keçib, zülm və talan etmək fikri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum Ibrahim xan həmən vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi”.Baharlının “Əhvalati-Qarabağ”ında qalanın salınması Pənah xanın adı bağlanır: “…Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fikrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfdə təmir olub, həmən qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar”. XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” (1747-1805-ci ilə qədər) adlı əsərində yazırdı: “Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir”. Bu faktı Y.A.Paxomov da təsdiqləyir: “Qalanı Ibrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan hicri təqvimi ilə təqribən 1172-1174-cü illərdə (miladi 1750-1760) tikdirmişdir”.
Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır. Saxtakar müəllif Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: “1805-ci ilin iyununda 40 minlik Iran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə Qarqar dərəsinə soxuldular. Şuşaya köməyə gələn mayor Karyaginin 400 nəfərlik dəstəsi Əsgəran yaxınlığında Xramort kəndi ərazisində mühasirəyə düşdü. Rus ordusunu qaçılmaz ölümdən qurtarması üçün başda məliklər Vani və Akop Yüzbaşı Atabəyyanlarc olmaqla Qarabağ könüllüləri həyatlarını təhlükə altına ataraq rus döyüşçülərini mühasirədən çıxartdılar. Kusapat və Moxrataıl əhalisi isə öz qida ehtiyatlarını rus əsgərləri ilə bölərək onları aclıqdan xilas etdi”.
Saxtalaşdırılan tarix və əsl gerçəklik
Məqsəd aydındır. Birincisi, görəsən Iran ordusunun yandırdığı hansı onlarla erməni kəndi və monastırlarından söz gedir? Bu yolla müəllif bölgəni tarixən ermənilərə məxsus ərazi kimi təqdim edir. Ikincisi, rus ordusunun köməyinə gələn ermənilər barədə həqiqətən əsərində kifayət qədər saxtakarlıq və təhriflərə yol verən V.Pottonun yazdığına görə, o zaman Vani adlı erməni Qarabağda ruslara kömək edir: “Şuşada mühasirədə olan Lisaneviçə köməyə gələn Karyagin iyunun 24-ü tezdən çaydan keçərək Şah Bulağa doğru irəlilədi. Lakin Iran qoşunları tərəfindən mühasirəyə düşdü. Iran süvarilərinə zərbələr endirərək dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısını Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız bir yol qalmışdı – müdafiə üçün daha etibarlı yer tapmaq. Xoşbəxtlikdən, Karyaginin dəstəsində bütün ətraf ərazini çox yaxşı tanıyan Vani-yüzbaşı adlı bir gənc erməni vardı və o, Qara-Hacı-Baba adı ilə tanınan böyük müsəlman qəbiristanlığının yerləşdiyi yaxınlıqdakı təpəni göstərdi və orada müdafiə olunmağı təklif etdi. Yer həqiqətən əlverişli idi və Karyagin bu məzarlığa çataraq orada möhkəmləndi”. Lakin maraqlısı erməninin rus ordusuna necə kömək etməsində deyil, rusları özlərinə necə tarixən borclu çıxarmasındadır. Deməli, erməni olmasaydı, ruslar məhv olacaqdı.
Yuxarıda qeyd olunanlardan isə belə bir nəticəyə gələ bilərik ki, çox güman ki, qalanın tikintisinin əsasını Mehrəli xan Qarabağlı qoyub, Ibrahim xan isə davam etdirərək başa çatdırıb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir