Əliyevi tərifləyən ABŞ qəzeti bu dəfə onu “vurdu”
“Birpartiyalı kommunist idarəçilik sistemi müstəqil media və alternativ siyasi qüvvələrin varlığını həzm edə bilmir”
Amerikalı jurnalist, bir müddət Azərbaycanda çalışmış ekspert Cef Burbank “Huffingtonpost” bloqunda ölkəmizlə bağlı məqalə yazıb. Müəllif məqaləsində 2012-ci ildə Bakıda keçirilməsi planlaşdırılan “Eurovision” musiqi yarışmasına hazırlığı, Azərbaycan-Ermənistan münaqişəsini, ölkəmizdəki ictimai-siyasi vəziyyəti təsvir edib: “Azərbaycan növbəti il 125 milyon avropalı tamaşaçının izləyəcəyi “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistan təmsilçisinin Bakıya gəlişinın necə qarşılanacağı çoxları üçün maraqlıdır. Bəlkə də “musiqi diplomatiyası” gündəmə gələcək”.
Burbank məqaləsində Dağlıq Qarabağ münaqişəsinin həlli istqamətində aparılan danışqılar prosesinə və hələ də əldə olunmayan razılaşmaya toxunub: “Etiraf etmək lazımdır ki, uzun illərdir münaqişə şəraitində yaşayan Fələstin-İsrail arasında müəyyən razılaşmalar əldə olunsa da, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişlər nəzərə çarpmır. Yaxın zamanda hər hansı irəliləyişin əldə olunacağı da real görünmür. Çünki beynəlxalq birlik və vasitəçilərin irəli sürdükləri təkliflərə münaqişə tərəfləri ziddiyyətli mövqe sərgiləyirlər”.
Müəllif ölkəmizdə baş verən qanun pozuntuları, insan haqlarının məhdudlaşdırılması, mətbuat üzərində qeyri-rəsmi senzuradan da söhbət açıb: “Yarışmanın keçiriləcəyi günlərdə dünyanın aparıcı media təmsilçiləri, avropalı turistlər Azərbaycanda repressiv rejimin hökm sürdüyünə şahid olacaqlar. Azərbaycandakı birpartiyalı kommunist idarəçilik sistemi müstəqil media və alternativ siyasi qüvvələrin varlığını həzm edə bilmir. Hökumət əleyhinə dinc etiraz edən, tənqidi fikir söyləyənlər, jurnalist və bloqqqerlər həbsxanalara salınır. Vətəndaş hüquqlarının məhdudlaşdırılması Avropanın Azərbaycan ilə sıx əməkdaşlıq mövqeyinə ciddi problemlər yaradır. Çünki Avropanın bir hissəsi sayılan keçmiş sovet ölkəsində avtoritar idarəçiliyin davam etməsi Avropa ənənələrinə kölgə salır”.
Cef Burbank qeyd edir ki, festivalın keçiriləcəyi günlərdə hər hansı kiçik etiraz aksiyalarının dağıdılması, ictimai fəalların həbsə atılması Qərb mətbuatında İlham Əliyevin onsuz da müsbət olmayan imicinə ciddi zərbə vura bilər: “Beynəlxalq təşkilatların hesabatarında vurğulanır ki, Azərbaycanda mətbuat üzərində ciddi təzyiqlər var. Ölkə korrupsioner elita tərəfindən idarə olunur. Azərbaycan müxalifət və ictimai fəallar “Eurovision” yarışmasını izləmək çün Bakıya gələcək turist və xarici media təmsilçilərinin vəziyyətlə daha yaxından tanış olacağına əmindir”.
Siyasət şöbəsi