Yəhudilər və biz

“Yəhudilər sübut eləyiblər ki, tarixi inkişaf prosesində ən güclü silah intellektdir”,- fikir Albert Eynşteynindir. Mən bu fikri öz millətimizin boyuna tutub baxmaq istəyirəm. Heç nə alınmır. Bu geyimin içində uyuğa oxşayırıq. Həm də o uyuq taxtadan, odundan deyil, eyni fikri deyə biləcək, o fikri ətli-qanlı olanda əyninə geyə biləcək bir intellektin, asılmış, dərisi soyulmuş, şaqqalanmış, atlara qoşulub parça-parça edilmiş bir zəkanın skeletidi. Məsələn, Nəsiminin, Nəiminin, Ziya Bünyadovun və neçə-neçə məhv edilmiş intellektin.
Yəhudi xalqının tarixinə az-çox bələd olan biri kimi, tarixləri boyu onların cəmi-cümlətanı bir intellekti çarmıxa çəkdiklərini bilirəm. Onun isə həyatda mövcud olub-olmadığını bir olan Allahdan başqa kimsə bilmir. Hətta o intellekt gerçəkdən mövcud olubsa və yəhudilər onu çarmıxa çəkibsə belə, o zaman yenə də buna bir intellektual fənd kimi yanaşmaq lazım gəlir. Incil o şəxsin çarmıxdan çıxdığını, dirildiyini, sonra qeybə çəkildiyini deyir. Əslində isə o qeybə çəkilməyib, bir dünya turuna çıxıb, dünyanın yarıdan çoxunu işğal eləyib. Bu “yarıdan çox”u dediyimiz nəhəng kəsimə yəhudilərin əl altdan ağalıq etdiyini iddia eləyənlər az deyil. Sanki bir kompüter oyunudu. Əvvəl bu oyunu kompüterlərdə oynayıblar, sınaqdan çıxarıblar, sonra dünya işğal olunub. Yəhudanın səbəb olduğu söylənilən qətl və satqınçılıq belə intellektual olub. Dörd istiqamətdə, dörd yöndə mıxlanan, çarmıxa çəkilən Müəllim (baxın, onlar peyğəmbər yox, müəllim deyir – intellekt yəni) indi dünyanın dörd bir yanındadı. Hitleri qorxuya salan da onların bu intellekti idi – nə dövlətləri, nə cəbbəxanaları.Albert Eynşteyn bir xalqın bütün tarixini düşünərək bu kəlməni deyib. Ən qədim dövrlərdən ta bu günəcən. Bəs biz? XXI əsrin ilk onilliyini başa vurmuş xalq, toplum… Biz nə işlə məşğuluq? Bizim ellərin başı üstə də heç olmasa bir balaca intellekt mehi əsirmi? Dövlətimiz, çarımız intellektual inkişaf üçün nəsə eləyirmi? Axı qədim yəhudilərdən fərqli olaraq bizim dövlətimiz, akademiyalarımız, minlərlə alimimiz, yüz minlərlə təhsil alan gəncimiz var.  

Bu yaxınlarda dövlət başçısı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın 6-cı maddəsinə gənclərlə bağlı hüquqi bazanın yaradılması… və s… və i.a…., ən əsası isə INTELLEKTUAL və yaradıcılıq potensialının inkişafı kimi məsələlər daxil edilib. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafının qayğısına qalan şəxs bu ölkədə təhsil haqqını minimum 900, maksimum 4500 min manata qədər artırıb. Bu da HƏizmin intellektinin göstəricisi. Xalqın gözünə kül üfürüb, ağlını oğurlamaq. 

Bu gün bizdəki intellektual durum məhz, belədi: rejim xalqı aldatdığını bilir, xalq isə aldadıldığını. Lakin danışıqsız anlaşma əsasında hər iki tərəf susur, özünü bilməməzliyə vurur: rejim xalqın ona inandığına özünü inandırır, xalq rejimin ona inandığına. Və hər iki tərəf öz taxtında – Ailə hakimiyyət, xalq isə rəiyyət taxtında qalmaqda davam eləyir. 
Heç bir tərəf o birisinin oğurlamasına mane olmur. Hakimiyyət xalqdan oğurlamaqla yaşayır (həm də ağlını), xalq isə özündən. Hər kəs o birindən. Kim hansı məqamı, mənsəbi, mərtəbəni, vəzifəni ələ keçirirsə oradan oğurlayır. Oğurluq cəmiyyəti başına alıb gedir. Hərfi mənada oğurluq da bu oğurluğun içindədi. Lakin tərəflər bir-birinin bütün bu oğurluqlarına göz yumur. Heç kim o birinin oğurluğunu üzünə vurub utandırmır. Hakimiyyət xalqa oğru deməkdən qorxur, xalq hakimiyyətə. Xalq hakimiyyətin paxırını açmaq istəsə, hakimiyyət xalqın əlini kəsər, hakimiyyət xalqın oğru olduğunu faş eləyib xalqı qızartsa, onda da xalq qızacaq. 
Oğurluq – bu da tarixi inkişaf prosesində bizim ən böyük silahımızdı. Ağlın oğurlanması. Bu ağılla yolumuz açıq olsun…