Məndə pul haradandır?

AzadlıqRadiosu maraqlı sorğu keçirir. Əlavə pulunuz olsaydı, onu necə saxlayardınız? Hazırda 1300-dən çox adam sorğuya qatılıb və verilmiş qradasiyalara (variantlara) görə cavablar belədir:- ABŞ dolları ilə – 7,6%;

AZN ilə – 12,5%;
Başqa valyutalarla – 2,6%;
Qızılla – 14,8%;
Bakıda daşınmaz əmlakla – 16,2%;
Cavab verməyə çətinlik çəkirəm – 3,1%;
Məndə pul haradandır?! – 43,2%.
Açıq görünür ki, suala cavab verənlər ayıq və məntiqli cavablar veriblər. Doğrudan da, bizim camaat pul saxlamaqdansa, Bakıda daşınmaz əmlak almağa meyllidir. Son vaxtlar neft zəmanəti olan Azərbaycan manatına və qızıla meylli olmaq da tam məntiqlidir. Belə cavablar verirsə, camaatımız çox ayıqdır…Amma onu da görürsünüz ki, çoxluq sonuncu cavabı seçib, həm də böyük fərqlə. Bu çox ciddi məqamdır. Əhalinin daha böyük hissəsi hətta “pulunuz olsaydı…” şərtilə verilmiş suala da “məndə pul haradandır” deyə cavab verir. Halbuki sualda deyilmir ki, sizdə pul var, deyilir ki, olsaydı…
Fəqət bu halda da rəyi soruşulanlar pullarının olmadığını önə çəkirlər. Anonim sorğu olsa da, dərhal sualı adamın ağzında qoyurlar: “Məndə pul haradandır?!”Burada qəribə heç nə yoxdur, adamlar neyləsinlər, yoxdur onlarda pul və hətta güman etmirlər ki, olacaq. Odur ki, belə deyirlər: “Məndə pul haradandır?!”Əgər əhalinin 43 faizi “pulunuz olsaydı…” şərti ilə verilən suala “məndə pul yoxdur” cavabı verirsə, Azərbaycanda niyə hər gün inkişafdan danışırlar? Əhalidə pul yoxdursa, adamlar pullarının olacağına ümidli deyillərsə, bu inkişafın harası inkişafdır?
Azərbaycanın rəsmi təbliğatı tez-tez banklarda əhaliyə məxsus əmanətlərin artdığını önə çəkir. Əvvəla, bu göstəriciyə görə biz hətta Qazaxıstan və Rusiyadan xeyli geridə qalırıq, hələ Avropa ölkələrini demirik. Amma hökumət açıqlamır ki, banklardakı əmanət əhalinin nə qədər hissəsinə aiddir. Onda bəlli olar ki, bir hissənin vəziyyəti yaxşılaşsa da, əksəriyyət kasıblıqdan günorta yuxudan durur və təbii ki, belələrində saxlaca qoymağa pul yoxdur. Baxmayaraq ki, Ilham Əliyev çıxışlarında tez-tez deyir ki, bizim pulumuz çoxdur…

Keçmiş prezidentin ailəsi işıq pulunu  verə bilmirsə…

Bu günlərdə eks-prezident Əbülfəz Elçibəyin ailəsinin yaşadığı evə verilən elektrik enerjisi kəsilib. Buna səbəb eks-prezidentin ailəsinin elektrikin istifadəsi ilə bağlı borclarının olmasıdır. Ailənin maddi durumu pis olduğu üçün elektrikə görə yaranan borcu ödəyə bilmir. Məsələ bu qədər sadədir. Axı təmiz işləmiş prezidentin ailəsində pul haradandır?! Xaricdə villaları, ölkədə holdinqləri ha yoxdur ki!

Intiharlar və pulsuzluq

Xüsusi təqdimata ehtiyac yoxdur, ölkədə intiharların tüğyan etdiyini bilirsiniz. Onların səbəbi barədə çox şərhlər oxuyuruq. Amma dərin klinik tədqiqatlara belə ehtiyac yoxdur, sadəcə kontent analiz aparın. 100 nəfər ardıcıl intihar olayını adi təsvirlə bir-bir öyrənsəniz görəcəksiniz ki, pulsuzluq bu intiharların çoxunda birbaşa, yaxud dolayısı ilə iştirak edir. Insanlar çarəsiz qalır. Bəziləri bu halda onu xilas edəcək dəstəyi də tapmır. Ya sağlam başla, amma böyük sarsıntı altında bu qərarı verir, ya başının sağlamlığını itirib intihara gedir. Yaxud da insanlar pulsuzluq məngənəsində çaşıb böyük səhvlərə yol verirlər və sonra bu səhvləri özlərinə qəsdlə yuyurlar. Çox səbəblər olur və onlar arasında pulsuzluğun, işsizliyin izləri heç də seyrək deyil. Kim inanmır araşdırsın…
Toxun acdan xəbəri olmadığı üçün, pulsuzluğun, işsizliyin müasir insanın həyatında hansı dəhşətlərə yol aça biləcəyini heç də hamı təsəvvür edə bilməz.