Iran Islam Respublikasının gülməli siyasətləri

Iranla bağlı ortaya yeni, ilginc bir fakt çıxdı. Ərəb ölkələrində xalqla hakimiyyət arasında gedən ölüm-dirim savaşı hamıya bəllidir. Bütün proqressiv, demokratik dünya bu savaşda xalqa arxa durur, xalqın maraqlarından çıxış eləyir. Onlar qanlı qırğın yolu tutmaqla legitimliyini itirən hökumətlərə qarşı kəskinliklə çıxaraq xalqın belə hökumətlərdən can qurtarmasına çalışırlar. Ancaq, gördüyümüz kimi, legitimliyini itirən qansız-amansız, allahsız rejimlərə arxa duran, bu rejimlərin ayaqda qalmasına çalışan dövlətlər də var. Bunlar başlıca olaraq iki dövlətdir: Rusiya, Çin.

Rusiya, Çin seriyasından olan üçüncü dövlət də var: Iran Islam Respublikası. Dinsiz-imansız, qansız-amansız, allahsız rejimlərə arxa duran Iran Islam Respublikası! Bu ISLAM Respublikasının Dış Işlər Baxanlığının sözçüsü Ramin Mehmanpərəst Suriya prezidenti Antibəşər Əsədin törətdiyi çoxsaylı qırğınları suriyanın “iç işi” adlandırıb, Suriyada baş verənlərin bütün bölgə üçün qorxu yaratdığını, bundan yalnız Israilin yararlana biləcəyini bildirib. Mehmanpərəst ABŞ-ı, Batını başqa ölkələrin iç işlərinə qarışmaqla bağlı alışqanlıda suçlayıb.
Aydan gəlmiş, dinsiz-imansız, gerçəklərə kor yaranmış olsaydıq, biz də Iran deyəni deyər, biz də Iranla birgəlik sərgiləyərdik. Görün, nə baş verir: Ərəb ölkələrində prezident-padşahların otuz-qırx illik zülmünə daha dözmək istəməyən xalqlar bir-birinin ardınca ayağa qalxaraq diktatura rejimlərindən qurtulmağa çalışırlar. Diktatorlar xalqın Özgürlük, Demokratiya istəyinə qarşı ordu-tank çıxarır, xalqı qırırlar. Iran ISLAM Respublikası adlanan bir dövlət, ən azı, Iranda uyuyan imam Rzanın bu sözlərini – “Zülmə boyun əymək, ona yardımçı olmaq kafirliklə birdir”, – saya salmır, açıq-aydın ZALIMA yardımçı olur. Bu, Iran ISLAM Respublikasının iç üzünü açan çoxsaylı faktlardan bircəciyi, hələlik sonuncusudur. 
Burası da əxlaqsızcasına bir yalandır, islam xalqlarını aldatmağa yönəlmiş bir yalan: “bölgədə baş verənlərdən yalnız Israil yararlanacaq”. Bəlli olduğu kimi, Əsəd ailəsi 40 ildən bəri Suriyanın başında durur. Bu ailənin patriarxı Hafiz Əsəd Israillə gizli bağlaşma bağlamış, molla Iranının dililə desək, sionist rejimlə gizli ilişki qurmuşdu. Oğul Əsədin də, bizdə olduğu sayaq, ata kursunu sürdürdüyü göz qabağındadır. Belədə Iranın indiki yalanı nə üçündür? Sözsüz, antidemokratik rejim olaraq Iran rejimi islam ölkələrindəki antidemokratik rejimlərin bir-birinin ardınca çöküşündən qorxuya düşür, özünün bu qorxusunu “Israil-sionizm” qorxusu ilə pərdələməyə çalışır. Demokratiya, insan hüquqları çoxdan bir ölkənin iç işi sayılmaqdan çıxaraq, sözün gerçək anlamında Qlobal problemə çevrilib – içməli SU, udmalı HAVA kimi! Bu yeni gerçəyi – YENI DÜNYA DÜZƏNINI çağında anlayıb dəyərləndirməyi bacarmayan bütün rejimlər, rejim başçıları bəri başdan Mübarək rejimini, bugünkü Mübarəkin özünü göz altına almalıdırlar. Əhmədinejadın qansız-amansız molla rejimi də eləcə…
Başqa ölkələrin “iç işlərinə” qarışmağa gəlincə, adam bu yerdə Iran ISLAM Respublikasına söz tapıb deməyə çətinlik çəkir. Söz olmadığına görə yox, söz çox olduğuna görə. Görün, son 20 ilədək bir dönəmdə Iran dövləti neçə yol bizim Göy, Yer, Su sınırlarımızı pozub! Iran ISLAM Respublikasından Azərbaycana narkotik axını kəsilmək bilmir. Iran ISLAM Respublikası milyonlar səpələyərək din pərdəsiylə Azərbaycanda özünə sosial bazalar – çevriliş gücləri yaradır – bunlar hamısı bir ölkənin IÇ IŞLƏRINƏ qarışmaq deyil, nədir? Hələ mən bugünlərdə baş verən, diplomatik etiketlə bir araya sığmayan faktı demirəm. Iran ISLAM Respublikası generalının Qarabağda yüzlərlə məscidi yıxmış, Xocalıda soyqırım törətmiş Sərkisyanı qoyub, I.Əliyevə barmaq silkələməsini demirəm…