Gənc fəalların məhkəməsində növbəti yalanlar üzə çıxdı

Nədən zərər çəkdiklərini deyə bilməyən adamlar zərərçəkmiş kimi üzə durmağa məcbur edilir

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan 4 gəncin işi üzrə dünən Nəsimi Rayon Məhkəməsində proses davam etdirildi.

Məhkəmə nəzarətçiləri qoçuluq edir

Hakim Şahin Abdullayevin sədrlik etdiyi proses bu dəfə də anti-demokratik çalarlarıyla yadda qaldı. Məhkəmə iclası başlamamışdan əvvəl məhkəmə nəzarətçiləri prosesi izləməyə gələnlərə qarşı kobudluq etdi. Onlar məhkəməyə gələnlərlə təhqiramiz formada davrandılar. Bundan başqa, məhkəməyə gələnlərin telefonları, jurnalistlərin noutbukları əllərindən alındı.

Hakimin texniki savadı

Məhkəmə iclası başlayan kimi vəkil Yalçın Imanov jurnalistlərin texniki avadanlıqlarının alınması və nəzarətçilərin kobud daranışına hakimin münasibət bildirməsini istədi. Hakim göstəriş verdi ki, məhkəmə prosesinə gələnlərə qarşı heç bir maneçilik törədilməsin. O, telefonların alınmasını da doğru addım saymadı. Lakin noutbukların zala buraxılmasına qarşı çıxdı. Ötən məhkəmə iclasında hakimin özünün kompüter vasitəsilə qeydiyyat aparmağa icazə verdiyini xatırladanda Şahin Abdullayev dedi ki, bu avadanlıqların səsyazma və videoçəkiliş aparmaq imkanları olduğundan xəbərsiz olub…

Əhəd Məmmədli bir əmələ görə iki dəfə cəzalanır

Imanovun növbəti vəsatəti hüquqlarını müdafiə etdiyi Əhəd Məmmədlinin dərhal məhkəmə zalından azadlığa buraxılması barədə oldu. O dedi ki, Əhəd 2 aprel günü inzibati cəza alıb. Qanunvericilik də eyni əmələ görə 2 dəfə cəzalandırılmanı mümkün saymır.
Hakim vəsatəti baxılmamış saxladı.

Vəkil hakimi dolaşdırır

Məhkəmə prosesində indiyədək çoxsaylı vəsatətlər qaldırmış vəkil Elçin Namazov bu dəfə də (5-ci dəfədir) müdafiə etdiyi Rüfət Hacıbəylinin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunmamasına dair vəsatət verdi.
Hakim vəsatətin təmin olunmadığını bildirdi. Bu zaman vəkil hakimin qərarına reaksiya verərək dedi ki, əslində, Şahin Abdullayevin bu rədd qərarı ilə Rüfət azadlığa çıxmalıdır. Çünki vəsatətdə söz oyunu qurularaq yazılıb ki, Rüfətin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsilə bağlı qərar qəbul edilsin.
Vəkil hakimi vadar etdi ki, vəsatəti hamının gözü qarşısında oxusun. Hakim bir neçə dəfə yazılanları oxusa da, “həbs-qətimkan tədbirinin dəyişdirilməsin” ifadəsini “dəyişdirilsin” kimi oxudu. Bu zaman vəkil onun səhvini düzəltdi və hakimə dedi ki, bu fakt hakimin vəsatətləri oxumadan qərar çıxarmasını sübut edir.

Saxtakarlıq ifşa olunur

Elçin Namazov iclas zamanı maraqlı bir faktı da aşkarladı. O, proses iştirakçılarının nəzərinə çatdırdı ki, məhkəmə iclas protokolları ilə tanış olmaq istəsə də, ona deyiblər ki, məhkəmənin yalnız 28 iyul iclası protokola salınıb. Elçin Namazov iddia etdi ki, protokolların tərtib olunmaması məhkəmənin saxtalaşdırılması üçündür. O dedi ki, məhz bu saxtalaşdırmanı rahat aparmaqdan ötrü hakim prosesdə audio və videoçəkilişə imkan vermir.
Bu zaman vəkil Osman Kazımov hakimdən arayış verməyi xahiş etdi:
– Möhtərəm hakim, Elçin Namazov doğru deyir, yoxsa bizi aldadır?
Hakim isə dedi ki, məhkəmə iclası hələ bitməyib, ona görə də protokollar tərtib olunmur. Vəkillər hakimin bu addımını Cinayət Prosessual Məcəlləyə qarşı təhqir kimi qiymətləndirdilər. Çünki həmin məcəllənin 51.7 maddəsində açıq deyilir: “Məhkəmə iclasının protokolu məhkəmə iclasına sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla tanış olmaq imkanı yaradılır”.

Ədalətsiz hakim üçün ayağa qalxmaq əziyyətdir…

Hakim növbəti vəsatəti müzakirə edib qayıdan zaman onunla vəkil Elçin Namazov arasında ciddi qarşıdurma yaşandı. Vəkil hakimdən soruşdu:
– Siz hər dəfə zala gələndə bizə “qalxın” deyirlər. Mən öyrənmək istəyirəm ki, qalxmasaq, bizim cəzamınz nədir? Çünki siz ədalətsiz bir hakimsiniz, hər dəfə sizə görə ayağa qalxmaq insanlar üçün fiziki və mənəvi əziyyətdir.
Vəkilin bu sualı hakimi özündən çıxardı, o, əsəbi tonda bildirdi ki, bu vaxta qədər onun çox təhqirlərinə dözüb, amma bundan sonra dözməyəcək. Şahin Abdullayev eyni zamanda, vəkil Elçin Namazova xəbərdarlıq da etdi.
Elçin Namazov və həmkarı Yalçın Imanov da öz növbələrində hakimi peşə etikasını pozmaqda ittiham etdilər. Elçin Namazov həmçinin hakimi savadsızlıqda da günahlandırdı. Bildirdi ki, hakim əvvəlki məhkəmə iclaslarında bir xeyli adama yalan ifadə verməyin cinayət məsuliyyəti yaratdığı haqda xəbərdarlıq etsə də, məsuliyyətin hansı sanksiya doğurduğunu deyə bilməyib.
Hakim isə cavabında bildirdi ki, o, maddələri və sanksiyaları əzbərləməyə məcbur deyil.
O, nədən zərər çəkdiklərini bilmir…
Məhkəmədə ilkin ifadəni zərərçəkmiş qismində tanınan və eyni zamanda, mülki iddiaçı olan “Transgeyt” şirkətinin təmsilçisi Xəyalə Babayeva oldu. O, bir neçə cümləlik çıxışında şirkətlərinə 1650 manat ziyanı vurulduğunu desə də, söylədiklərini əsaslandıra bilmədi. Bu zaman vəkillər iddiaçının məhkəmədən uzaqlaşdırılması ilə bağlı vəsatət qaldırdılar. Növbəti məhkəmə iclasına bu şirkətdən daha məlumatlı şəxsin iştirakı istənildi.

Möhürsüz iddia ərizəsi

Daha sonra Daxili Işlər Nazirliyinin avtomobil təsərrüfatının nümayəndəsi Ilqar Məmmədov həm mülki iddiaçı, həm də zərərçəkmiş qismində ifadə verdi. O iddia edir ki, mitinq iştirakçısı Rüfət Hacıbəyli onun çalışdığı qurumun balansındakı avtomobillərə 658 manatlıq ziyan vurub. Ən maraqlısı o oldu ki, nümayəndə 658 manatın 400 manatını usta xərci üçün verdiklərini dedi. Vəkillər bunu göstərən dəlil tələb etsələr də, zərərçəkən heç bir sübut təqdim etmədi.
Müdafiə tərəfinin Ilqar Məmmədova verdiyi suallardan sonra bəlli oldu ki, bu şəxsin, ümumiyyətlə mülki iddiaçı statusunu təsdiqləyən etibarnaməsi yoxdur. Onun nə iddia ərizəsi qanunauyğun tərtib olunub, nə də sənədlərində işlədiyi qurumun möhürü vurulub.
Bu səbəbləri əsas gətirən vəkil Elçin Namazov iddiaçının prosesdən uzaqlaşdırılmasını tələb etsə də, hakim həmişəki kimi, bu dəfə də vəsatəti təmin etmədi.
Zərərçəkmiş qismində tanınan “EN Trans Çinar” MMC-nin nümayəndəsi Elxan Qubadov isə ifadəsində işlətdikləri 288 nömrəli marşurut avtobusunun tıxaca görə 480 manatlıq ziyana düşdüyünü dedi. Lakin o da bu zərəri əsaslandıra bilmədi.
Elxan Qubadovun məhkəmədə dediklərilə istintaqa ifadəsi arasında ziddiyyət ortaya çıxdı. Məsələn, o məhkəmədə deyirdi ki, avtobusları 13:00-dan 15:00-dək tıxaca düşüb, istintaq sənədində mitinqin 13:30-da başlandığı qeyd edilib. Iddiaçının istintaqa verdiyi başqa bir ifadədə isə mitinqin vaxtı 13:00-14:00 kimi göstərilir.

Gül bayramında ziyan olmur…

Elnur Məcidlinin vəkili Mənsum Bayramovla zərərçəkən Elxan Qubadovun dialoqundan:
– Bütün tıxaclarda ziyana düşürsünüz?
– Yox, kütlə ilə avtobusun qarşısı kəsiləndə.
– Bəs 288 nömrəli marşrutun hərəkət etdiyi ərazidə keçirilən Gül bayramında da ziyana düşürsünüz?
– Xeyr. Onda əvvəlcədən bilirik.

“Osman, mənə ilişməyin…”

“3 saylı Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov isə onlara məxsus avtobusların günlük gəlirinin 6100 manat olduğunu bildirdi. Əlavə etdi ki, mitinq günü avtobuslar iki saat tıxaca düşdüyündən planda 2255 manat kəsir yaranıb.
Vəkillər bunu təəccüblə qarşıladılar və bildirdilər ki, iki saat ərzində avtobus 2255 manat qazanırsa, deməli, 12 saata 6100 manat yox, daha çox pul qazanmaq olar.
Vəkil Osman Kazımov Ayaz Qasımova bildirdi ki, onların marşrutları mitinqin keçirildiyi ərazilərdən keçmir. A.Qasımov isə bildirdi ki, 2 nömrəli marşrut avtobusu Bakı  Dövlət Sirkinin yanından gəlib Səməd Vurğun parkına tərəf gedir. Osman Kazımov isə bildirdi ki, həmin ərazilərdə mitinq olmayıb:
– Sirkin yanında mitinqçi yox, yalnız ayı tutmaq olar.
Elçin Namazov bu şirkətin də iddia ərizəsinin başqalarıyla eyni olduğunu məhkəmənin nəzərinə çatdırdı:
– Bir nəfər iddia ərizəsini yazıb. Sadəcə, iddiaçıların adları və tələb etdikləri məğləğin miqdarı dəyişdirilib.
Bu zaman Ayaz Qasımov dövlət ittihamçısına baxaraq belə bir replika verdi:
– Həmin gün ərizələrin həmrəylik günü olub…
Bu, Osman Kazımovun gözündən yayınmadı:
– Nümayəndə bu sözləri deyəndə prokurora baxırdı. Amma prokuror başını qaldırıb ona baxmadı…
Dövlət ittihamçısı isə bu replikaya belə reaksiya verdi:
-Osman, mənə ilişməyin…
Elçin Namazov məhkəməyə məlumat verdi ki, işin içindəki nəinki iddia ərizələri, hətta auditor yoxlamaları da Əbdürrəhim Israfilov adlı şəxs tərəfindən hazırlanıb və imzalanıb. Vəkil həmçinin belə bir sualla Ayaz Qasımova müraciət etdi:
– Maraqlıdır, iki saat ərzində günlük planın üçdə biri doldurulursa, qalan 10 saatı hara işləyirsiniz? Belə çıxır ki, vergidən yayınırsınız…
Vəkil həmçinin Ə.Israfilovun da məhkəmədə dindirilməsi barədə vəsatət verdi. Hakim vəsatətin müzakirəsini təxirə saldı.
Məhkəmə prosesi avqustun 22-də davam edəcək.

Natiq