Füzuli Ələkbərov Prezident Aparatını “yola verib”

Əmək müfəttişliyində «desant dəstəsi» peyda olub

“Azadlıq”ın ötən saylarının birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul imthanından keçməyən şəxslərin yüksək vəzifə tutması barədə məqalə dərc etmişdik. Ötən gün nazirlikdəki mənbədən daxil olan məlumata görə, məqalə böyük ajiotaj doğurub. Prezident Administrasiyası səviyyəsində təşkil edilən komissiya bir həftəlik yoxlama aparıb.
Komissiya məqalədə göstərilən problemləri təsdiqləyib və qeyd edib ki, Rauf Tağıyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi, Natiq Qasımovun isə dövlət sosial təminat xidmətinin rəisi vəzifəsində işləməsi qanunsuzdur.
Bu iraddan sonra nazir Füzuli Ələkbərov gözdən pərdə asmaq üçün Rauf Tağıyevi DƏMX-nin rəis müavini, Natiq Qasımovu isə nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini təyin edib.
Nazirin göstərişinə uyğun olaraq DƏMX-nin rəis əvəzi postuna Məhərrəm Məhərrəmov təyin olunsa da, bu, sadəcə PA-nı aldatmaq idi. Belə ki, keçmiş rəis Tağıyev hələ də rəisin kabinetində oturur və müəssisələri yoxlama icazəsi üçün göndəriş vəsiqələrinə özü qol çəkir və özü də müəssisələrdən toplanan vəsaitə nəzarət edir.
Onun özü də yaxın ətrafına etiraf edib ki, bunlar PA-nı yola vermək üçündür. Sakitlik olan kimi sentyabrda rəis vəzifəsinə təsdiq ediləcək. Məhz buna görə də rəis kabinetindən çıxmağa ehtiyac yoxdur.
Mənbə nazirin nə üçün adıçəkilən şəxsləri işdən uzaqlaşdıra bilmədiyini də “Azadlıq”a açıqlayıb. Onun bildirdiyinə görə, burda əsas səbəb, “Azadlıq”ın da yazdığı kimi, Tağıyevin  spiker Oqtay Əsədovun yaxın qohumu olmasıdır. Natiq Qasımov isə, mənbənin deməsinə görə, nazirliyin ən pullu şöbəsi olan ünvanlı sosial yardım şöbəsinin müdiri olub, bu yolla da nazir Qasımovun əli ilə zənginlikdə daha bir pillə qazanıb.
Mənbə “Azadlıq”a müdhiş bir fakt da açıqlayıb. Onun sözlərinə görə, korrupsiya əleyhinə tədbirlər üçün Ədliyyə Nazirliyində reyestr xidməti yaradılıb. Xidmətin funksiyasına uyğun olaraq, bütün yoxlamaya gedən təşkilatlar (vergilər istisnadır), müəssisələr reyestr xidmətində qeydiyyatdan keçir, reyestr xidməti isə müəssisələri qeydə aldıqdan sonra yoxlamaya icazə verir.
Belə olduğu halda, müəssisələrə yazılan hər hansı cərimə qeydiyyata düşür, yeyinti halı azalır.
DƏMX-nin de-fakto rəhbəri R.Tağıyev bunun da çarəsini tapıb. Belə ki o, öz sözləri ilə desək, “3 desant” dəstəsi yaradıb (Hikmət Əliyev, Xosrov Əbdürrəhmanov və Ilqar Məmmədov), bu dəstələr yoxlanması nəzərdə tutulan müəssisələrə əvvəlcədən adam göndərir. Onlar ümumi halı, yəni qanuni yoxlamalar olarsa, xərcin çox çıxacağı barədə izah işləri aparırlar. Sövdələşmə baş tutarsa, DƏMX-nin desant dəstələri hörmət görüb bir illik zəmanət verərək müəssisələrdən ayrılır. Və bu müəssisənin yoxlanmalı olduğu ilə bağlı ƏN reyestr xidmətinə yoxlamaq qeydiyyatı üçün göndərişi təxirə salır. Beləliklə, müəssisələrdən toplanan vəsait heç bir yerdə qeydiyyata alınmadan ciblərə gedir.
Mənbə qeyd edir ki, yeni yaşayış obyektləri təhvil verilən zaman bir neçə dövlət qurumu qəbul aktına qol çəkməlidir. O cümlədən dəxli olmadan belə DƏMX. Heç bir iş getmədiyi, işlərin qurtardığı halda bu yoxlama nə dərəcədə normaldır. Mənbənin deməsinə görə, bu aktlara imza atıb möhür vurulması üçün hər bloka mərtəbəsindən asılı olmayaraq 20 min manat “şirinlik” vermək lazımdır.

Natiq