Əliyevin sökdürdüyü binanın sakinlərinə qəzalı mənzillər paylanıb, onlar isə həmin evləri geri qaytarıblar
“Azadlıq” prospekti, 154 saylı binanın bir qrup sakini bina ətrafındakı durumla bağlı cümə axşamı Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Bina sakini Anar Babayev adı hallanan “Meridian” şirkəti tərəfdən binanın söküntüsünə cəhdlərin hələ də davam etdiyini deyib. Yeri gəlmişkən, natiq binada yaşayan 90-a yaxın ailədən 30-nun mülkiyyət hüquqları uğrunda mübarizəni davam etdirdiklərini qeyd edib.
Maraqlı olan budur ki, binanın qəzalı olması və s. yalnız bəhanədir, əsl səbəb isə bu binanın 12-ci mərtəbəsindən yuxarı qarşıda yerləşən yeni prezident iqamətgahının həyətinin görünməsidir. Hazırda köçürmə işinə başçılıq edən Nərimanov rayon icra hakimiyyətinin əməkdaşı Şahmar Ibadovun səyləri dalana dirənib. Çünki, adı çəkilən binanın qəzalı, keyfiyyətsiz olması haqqında hər-hansı rəsmi sənəd yoxdur. Amma sakinlər deyirlər ki, “Meridian” şirkətinin yeni bina adı ilə verdiyi mənzillər və binaların özləri indidən qəzalı haldadır. Həm də “Meridian” şirkətinin yeni mənzil təqdim etdiyi binalar dövlət qeydiyyatından keçməyib, dövlət komissiyası tərəfindən qəbul olunmayıb, dövlət reyestrinə salınmayıb, bundan da önəmlisi, mənzilə sahiblik hüququnu təsdiqləyən hər-hansı sənəd vermirlər. Hətta aldanıb “Meridian”dan ev alan sakinlər artıq bu evlərdən imtina ediblər. Üstəgəl, sökülməsinə baxmayaraq, evlərini tərk edən sakinlər mənzilləri dövlətə qanuna uyğun şəkildə təhvil vermədikləri üçün baş verəcək hər-hansı xoşagəlməz qəzaya görə dövlət qarşısında məsuliyyət daşıyırlar.
Qəzalı olduğu üçün binanın sökülməsilə bağlı sakinlərin müraciətlərinə istər Bakı icra hakimiyyəti, istər Fövqəladə Hallar Nazirliyi və istərsə də Prezident Administrasiyası binanın qəzalı olmadığı cavabını verib. Həm də binanın sökülməsilə bağlı hər-hansı rəsmi qurumun qərarı yoxdur. Indiki halda faktiki olaraq dövlət vətəndaşı cinayətkar maraqlar qarşısında müdafiəsiz qoyaraq, öz funksiyasını yerinə yetirmir. Vətəndaşlar öz maraqlarını müdafiə etdikdə isə məmurlar hədə-qorxu işə salırlar. Belə ki, Ilham Ədilov mənzilini tərk etməyəcəyini, dövlət orqanlarına şikayətini davam etdirəcəyini deyəndə Ş.Ibadov “mənzilini yoxlasaq, Allah bilir hansı silahlar çıxar”, – deyə onu hədələyiblər.