Qobustandan Qarabağa qədər…
Azərbaycanın uzaq tarixinə bələdçilik edən abidələr sırasında kurqanların da özünəməxsus yeri var. Belə kurqanlara ölkənin bütün bölgələrində rast gəlmək mümkündür. Tarixi keçmişimiz üçün dəyərli faktlar verən belə maraqlı kurqanların bir hissəsi Qobustanda Böyükdaş və Kiçikdaş dağları ətəyində yerləşir. Bu kurqanlar üçün örtük halında bir cərgə düzülmüş dairəvi daşdan istifadə olunub. Qobustan kurqanları həmçinin tikinti xüsusiyyətinə malikdir. Burada dəfn olunanlar sağ və ya sol böyrü üstə, bükülü, xəndəkli və ya xəndəksiz qutu qəbirlərdə dəfn olunub. Yalnız bir qəbirdə ana ilə uşağın birgə dəfni müşahidə edilib. Bəzi kurqanlarda meyit qırmızı rənglə boyanıb. Qobustan kurqanları Tunc dövrünə aiddir.
Çalxanqala kurqanları Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Kəngərli rayonunun indiki Çalxanqala kəndi yaxınlığında yerləşir. Bu kurqanlar üçün tək dəfnlər xarakterikdir. Nekropolda olan kurqanların üçü tikinti işləri aparılarkən dağıdılmışdır. Dağılmış kurqanları V.Əliyev tədqiq etmişdir. Kurqanlar güclü dağıntıya məruz qaldığından, qəbir kamerasının formasını müəyyən etmək mümkün olmamışdır. Kurqanların birindən boz və monoxrom boyalı qablar, yarpaqşəkilli tunc nizə ucu, ikincidən boz rəngli, monoxrom boyalı qablar, tunc xəncərlər, boru dəstəkli nizə ucluğu, tunc sancaqlar, muncuqlar və lentşəkilli tunc əşyanın parçası aşkar edilmişdir. Üçüncü kurqan tamamilə dağıdıldığından, qəbir avadanlığı kurqanın torpaq örtüyü ilə qarışmış vəziyyətdə aşkar olunmuşdur. Burada boz rəngli və monoxrom boyalı qabların parçaları, muncuqlar aşkar olunmuşdur. Nekropolda V.Əliyevin tədqiq etdiyi dördüncü kurqanın örtüyü daş qarışıq torpaqdan ibarət olmuşdur. Onun diametri 10 m, hündürlüyü 1,2 metrdir. Kurqan örtüyünün altındakı torpaq qəbir dördkünc formalı olub, şərq-qərb istiqamətinə yönəlmişdir. Oradan yalnız qara cilalı bir neçə qab parçası aşkar edilmişdir. Çalxanqala kurqanlarını tədqiqatçı V.Əliyev e.ə. XVIII-XVII əsrlərə aid etmişdir.
Qarabulaq kurqanları – Füzuli şəhərindən 1-1,5 km şimal-şərqdə, Köndələnçayın sağ sahilində orta və son tunc və erkən dəmir dövrünə aid qəbir abidələrdir.
Qarabulaq kurqanlarında iyirmiyə qədər kurqan qalmışdır. Onlardan beşini 1896-cı ildə rus arxeoloqu A.A.Ivanovski tədqiq etmişdir. Kurqanların ikisində ölüyandırma ənənəsinin izlərinə təsadüf olunub. Digər iki kurqanda daş qutu qəbirlər aşkar edilib. Qəbirlərdən tunc bəzək əşyaları, silahlar və gil qablar tapılıb. Qəbilə başçısına aid edilən V kurqan daha zəngindir. Uzunluğu 10 metr, eni və dərinliyi 2 metr olan bu kurqanda qəbilə başçısının skletindən başqa daha iki sklet, tunc, qızıl və sümükdən bəzək əşyaları, tunc və daş silahlar, gil qablar və dəvə skleti də tapılıb. 1965-ci ildə Qarabulaq kurqanlarının yerləşdiyi ərazidə orta tunc dövrünə aid qəbirlər də aşkarlanıb. Qarabulaq kurqanları Qaraköpəktəpə qədim yaşayış yerinə aid olub.
Xaçbulaq kurqanları
Orta Tunc dövrünə aid kurqanların bir qrupu Daşkəsən rayonunda, Xaçbulaq yaylağında yerləşir. Xaçbulaqdakı kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal-cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri Ilk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir. Kəllənin ətrafından qara, qəhvəyi, çəhrayı rəngli cızma naxışlı gil qablar, daş toppuz, borudəstəkli nizə ucluğu, obsidian və çaxmaqdaşından ox ucluqları, tunc xəncər aşkar olunmuşdur. Ikinci qəbirdən şimal-qərb və cənub-şərq istiqamətində, bükülü vəziyyətdə çürümüş insan skeleti, onun ayaqlarının yaxınlığında isə xırdabuynuzlu heyvan skeleti aşkar olunmuşdur. Heyvan skeleti kömür qalıqlarının arasında idi. Insan və heyvan skeletlərinin ortasında gil qab parçalarına rast gəlinmişdir. Bu qəbirlərdən aşkar olunan gil qabların bənzərləri Üzərliktəpə, Qaraköpəktəpə, Babadərviş və II Kültəpədən məlumdur.
1959-cu ildə, Xaçbulaq yaylağında, “Hamamdüzü” adlanan yerdə üç kurqan tədqiq edilmişdir ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilmişdir. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinmişdir. Qəbir kamerası şimal-qərbdən cənub-şərqə doğru yönəlmişdir. Skelet olduqca pis qaldığından, onun yalnız lülə sümüklərinə və dişlərinə aid qalıqlar aşkar olunmuşdur. Qəbirdən müxtəlif muncuqlar və saç üçün spirallar, 16 ədəd qara və boz rəngli gil qab aşkar olunmuşdur. Bu kurqanın materialları Üzərliktəpənin ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan e.ə. II minilliyin ortalarına aid edilmişdir.
Kurqanın ikinci əsas qəbrindən uzunluğu 33 sm olan dördtilli süngü tipli nizə ucu tapılmışdır. Arxeoloq H.P.Kəsəmənli həmin nizə ucunu Zaqafqaziya və Ön Asiyadan tapılmış analoji nizə ucları ilə müqayisə edərək, e.ə. III minilliyin sonlarına aid etmişdir.
Xaçbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci ildə açılmışdır. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın hündürlüyü 1,8, diametri 15 m olmuşdur. Onun örtüyü çay daşlarından qurulmuşdur. Kurqan örtüyünün altından cənub-şərq tərəfdə qara rəngli torpaq qatı, tunc nizə ucluğu, gümüş düymə və qara rəngli gil qab parçaları aşkar olunmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa, skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə aid edilir.
Borsunlu kurqanları
Tərtər rayonu ərazisində yerləşən Borsunlu nekropolundakı kurqanların bir qrupunu H.Cəfərov tədqiq etmişdir. Nekropol Borsunlu kəndi ətrafında, Incəçayın orta axarlarında yerləşmişdir. Ayrı-ayrı qruplar halında cəmləşən kurqanları H.Cəfərov beş tipə bölünmüşdür. Kurqanların bəzisi kromlexlərlə əhatələnmişdir. Kurqanın altında yerləşən qəbir kameraları dördkünc formalı olub gəc məhlulu ilə bərkidilən daş lövhələrdən inşa olunmuşdur. Bəzi qəbir kameralarının giriş yolu vardır. Borsunlu kurqanları üçün inqumasiya, kremasiya, həmçinin kollektiv dəfnlər xarakterik olmuşdur. Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu kurqanları ilə təmsil olunmuşdur. Qəbirlərdən insan skeletinə aid qalıqlar, qara cilalı gil qablar və digər maddi-mədəniyyət qalıqları aşkar olunmuşdur. Borsunluda tədqiq edilən Son Tunc dövrü kurqanlarının biri qəbilə başçısına aid edilmişdir. Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə dörd qat ağac dirəklərlə örtülmüşdür. Onların arasında qalın qamış döşəmə olmuşdur. Arxeoloji qazıntılardan kurqanın qarət edildiyi ehtimal olunur. Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn edilmişdir. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş ağac döşəmə üzərində dəfn edilmişdir. Onun doqquz nəfərdən ibarət qulluqçusu və qoruyucuları olmuşdur. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Dəfn ritualı hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir. Qəbir avadanlığı olduqca zəngindir. Onlar orjinal formalı və naxışlı gil qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilmişdir. Üzərində insan təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl toqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış bəzəklər, orijinal formalı mərmər toppuz da vardır. Arxeoloji materialların təhlilinə əsasən Borsunlu kurqanı e.ə. XII-XI əsrlərə aid edilmişdir. Gəncəçay rayonunun bir qrup abidəsində ağac konstruksiyaların mövcudluğu ehtimal ki, Orta Tunc dövrü ənənələrinin qalığıdır. Bu həm də praktiki məqsədlərlə də bağlı ola bilər. Belə ki, Borsunlu kurqanındakı nəhəng qəbrin üzəri yalnız ağac tirlərlə qapadıla bilərdi. Onların bir neçə cərgə düzülməsi isə dayanıqlıq və çürümənin qarşısını almaq məqsədi daşımışdır. Ağac tirlərlə örtülmüş qəbirlərə Cənubi Qafqazda Orta Tunc dövründə də rast gəlinmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir