Ruslan Bəşirlinin məhkəməsi təxirə salındı

«Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin 1 saylı cəzaçəkmə müəssisəsində keçirilməli məhkəmə prosesi təxirə salınıb. Dövlət ittihamçısı məhkəməyə hazır olmadığını bildirib.

Proses avqustun 22-də saat 15.00-da davam edəcək.

***

Ruslan Bəşirlinin məhkəməsi həbsxanada olacaq

1 saylı kalonun rəisi «Yeni Fikir» sədri barədə mənfi rəy verib

1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətə bu gün saat 14-də Nizami Rayon Məhkəməsində baxılmalı idi. Lakin dünən məlum oldu ki, məhkəmə prosesi 1 saylı kalonda olacaq.
Bu barədə məlumat verən vəkil Tahir Xanəliyevin sözlərinə görə, Rafael Əliyevin sədrliyi ilə keçəcək prosesdə R.Bəşirli də iştirak edəcək. R.Bəşirlinin valideynlərinin və media nümayəndələrinin prosesə buraxılıb-buraxılmayacağı hələlik bəlli deyil: “Prosesin qapalı keçirilməsi üçün heç bir əsas yoxdur. Hakim belə bir qərar versə, qanunu pozmuş olacaq. Çünki prosesin qapalı keçirilməsi üçün qanunvericilikdə əksini tapan ciddi əsaslar olmalıdır. Amma bizim hakimlər buna əhəmiyyət vermədən qanunun tələblərini rahat şəkildə pozurlar”.
Vəkilin sözlərinə görə, şəxsin vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətə baxanda cəzaçəkmə müəssisəsi rəhbərliyinin mülahizəsi nəzərə alınır: “Mən o mülahizə ilə tanış oldum. Orada göstərilirdi ki, Ruslanın cəza çəkdiyi müəssisənin rəhbərliyi onun vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etmir. Halbuki belə bir mülahizə subyektiv fikirlərə söykənə bilməz. Mütləq hüquqi əsas olmalı, konkret faktlarda əksini tapmalıdır. Məsələn, şəxs barəsində tənbeh tədbirləri seçilməlidir. Ruslan barəsində isə tənbeh tədbiri son dəfə 2007-ci ildə seçilib. Qanunvericiliyə görə həmin vaxtdan bir il sonra belə bir tədbir seçilmirsə, əvvəlki tənbeh tədbiri qüvvədən düşmüş sayılır. Ruslan barəsində 4 ildir ki, belə bir tədbir seçilmirsə, demək o, daxili qaydalara lazımi səviyyədə riayət edir. Kalon rəhbərliyinin 2007-ci ildə seçilən tədbirə istinad etməsi tamamilə qanunsuzdur. Ruslanın cəzasının qalan hissəsindən azad olunmasına mane olan heç bir hüquqi əsas yoxdur. Sadəcə olaraq, Azərbaycanda ədliyyə sistemi hakimiyyətin sifarişi ilə qərar verir”.
Hüquq müdafiəçilərinə müraciət edib, məhkəmə prosesində iştirak edib-etməyəcəklərini soruşduq. N.Cəfəroğlu bildirdi ki, onları həbsxanaya buraxmırlar. Ona görə də prosesdə iştirak edə bilməyəcəklər.

 

Gültəkin