Bu su nə olan şeydisə, ölkədə hansı daşı qaldırırsan, altından su çıxır. Hökumətdə miqdarı milyonlarla ölçülən vəsait korrupsiyaya uğradı, yanılmıramsa, Kürün deltasının təmizlənməsi, kanalların təmizlənməsi, əlqərəz, çayların öz məcrasını aşmaması üçün görüləcək işlərə ayrılan 80 milyon manat vəsait idi, sonunda su tüğyan elədi, Kür aşdı-daşdı, korrupsiya suyun üzünə çıxdı; deyəsən dövlət başçısından başqa hər kəs suyun üzünə çıxan milyonların kabusa çevrilmiş kölgəsini gördü. Əlbəttə, bu, evləri su altda qalan əhalidən başqa kimsəyə görk olmadı – korrupsionerlər cəzalanmadıqlarını görüb arın-arxayın oldular və yenə də başladılar dövlətin pulunu xımır-xımır yeyib, onları cəzaya çapdırmayan böyükləri dübarə yedirtməyə. Əhaliyə isə ona görə görk olmadı deyirəm, məmurlar yenə də suyun pulunu yeməyə, əhali isə ağzına su alıb oturmağa davam eləyir. Indi Kürdən zərərçəkənlərin qaldırdığı səs-küy də sabah baş verəcək yeni daşqınların qarşısını almaq üçün deyil, köhnə müsibətlərin vurduğu zərərin qarşılanmasında baş verən yeyintilərə, dövlət məmurlarının, yəni əslində elə dövlətin vətəndaşları aldatdığına görədi. Bizdə adətdi, sabah əlimizdən gedəcəkləri unudub, artıq itirdiklərimiz üçün ağlayırıq. Eynən dabbağın şəyirdinin başına gələn əhvalat kimi…
Bir gün dabbaq, yenicə işə aldığı şəyirdinə qorxu-ürkü gəlib deyir ki, dərini suya çəkəndə çaya versən, bəxtindən küs, özünü ölmüş bil – dərinə saman təpəcəm. Şəyird də, hər dərini yuyanda o qədər həyəcanlanır, əlləri əsir ki, ağlını itirməyə qalır və bir gün özünü itirib dərini suya verir. Ustanın indi qəzəbdən gözlərinin qanla dolacağını düşünüb sarısını udur, gözləməyə başlayır. Baxır ki, nəsə ustanın səsi çıxmır. Onda özündə cəsarət toplayıb ustaya deyir: “Ay usta, axı dərimə saman təpəcəkdin…”. Usta da qayıdır ki, a bala, mən dərini suya verməyəsən deyə demişdim. Indi olan olub, daha nə xeyri? Sən bundan sonrakını düşün…
Nə isə, bu su məsələsi mənə doğma olduğuna görə diqqətimi çəkdi. Bir romanımda, bir neçə hekayəmdə suyun son elmi araşdırmaların gəldiyi nəticəyə əsasən ortaya çıxmış canlı və heyrətamiz təbiəti haqda yazmışam. Suyun hansısa şəkildə qisas alacağına inamım var. Indi bir də yenidən su ilə bağlı iki xəbər fikrimi çəkdi və yenidən bu haqda yazası oldum. Biri – jurnalistlər üçün tikiləcək binanın özülü qazılarkən yerdən su çıxması oldu. “Azadlıq”ın reportyorunun xəbərinə və çəkdiyi fotolara əsasən məsələ belədi: “Qazıntının dib hissəsinə bir qat beton tökülüb. Özülün qıraqları uçub tökülüb, içəridəki betonun kənarları isə suyla əhatələnib”.
Təxminən il yarım qabaq dövlət başçısı jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərəncam vermişdi. Sərəncama əsasən jurnalistlərə ev tikiləcəkdi. Büdcədən 5 milyon manat pul da ayrılıb buna görə. “Azadlıq” yazır ki, ərazidəki gözətçi də ekspertizanın bina tikintisinə razılıq vermədiyini deyir. Binanın tikiləcəyi ərazi Azərbaycan Dövlət Neft Şirkətinindi. Indi məlum olur ki, əslində ARDNŞ ilk gündən həmin yerdə ev tikməyin mümkünsüzlüyünü bilə-bilə ora razılıq verib. Hələ bir neçə il əvvəl bu yerlərdə neftçilər üçün ev tikmək istəyiblər. Torpağın analizindən məlum olub ki, burada ev tikmək olmaz. Adamın ağlına gəlir ki, bəlkə məqsəd jurnalistləri topdan qırmaq olub. Ancaq götür-qoy eləyəndə bu fikir o qədər də əsaslı görünmür, çünki orada mənzil alacaq jurnalistlərdən uzağı 2-3 nəfəri müstəqil media nümayəndəsi olacaq, vəssalam. Iki-üç jurnalisti də ev uçqununda tələf eləmək ağlabatan deyil – bununçün hakimiyyətin o qədər nəşəli yolları var ki…
Deyirəm, yazıq jurnalist, bəxtinə bax da, Neft Şirkətinin ərazisində də onun payına neft yox, su düşür. Su çox qisascıl varlıqdı. Deyirlər, dövlət başçısının 75 milyonluq mülkü olan Dubaydakı palma adası da suya qərq olmaq təhlükəsi qarşısındadı…