Şəmsi Rəhimovun qətlilə bağlı müstəqil komissiya tələbi

«Müstəqil komissiya bu işi araşdırsa, yüksək post tutan bir sıra məmurların xeyli saxtakarlıqları üzə çıxacaq»

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş müstəntiqi Ramin Nağıyev “Azadlıq”dakı yazılarında 90-cı illərdə baş vermiş səs-küylü qətllərlə bağlı indiyədək ictimaiyyətə bəlli olmayan bir sıra faktları açıqlayıb. Sabiq istintaqçının bu yazılarından sonra sözügedən cinayətlər ətrafında qızğın müzakirələr başlayıb.
Ramin Nağıyev yazılarında vaxtilə istintaqını apardığı Prezident yanında Xüsusi Idarənin rəisi Şəmsi Rəhimovun qətlinə də geniş yer ayırmışdı. Sözügedən cinayətlə əlaqədar həbs olunanlardan biri – Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bugünlərdə “Azadlıq”a geniş müsahibə verərək, keçmiş müstəntiqin açıqlamalarına münasibət bildirdi, həm özü, həm də bu iş üzrə mühakimə olunmuş digər dörd nəfərin günahsız olduğunu bəyan etdi. Komitə sədri dedi ki, o və onunla birlikdə mühakimə olunan digər şəxslərə dəhşətli işgəncələr verərək, onlardan etmədikləri cinayətə görə etirafedici ifadələr alıblar.
Şəmsi Rəhimovun qətlilə əlaqədar həbs olunan şəxslər və onların ailə üzvləri mövzu ilə bağlı ictimai müzakirələrin başlandığını nəzərə alaraq, Ilham Əliyevə müraciət hazırlayıblar. Bu baradə “Azadlıq”a məlumat verən Elçin Behbudovun sözlərinə görə, onlar müraciətdə günahsız yerə həbs olunduqlarını və etmədikləri cinayətə görə cəza çəkdiklərini vurğulayaraq, dövlət başçısından bu qətlin obyektiv araşdırılması üçün müstəqil komissiyanın yaradılmasına dair göstəriş verməsini istəyirlər.
“Mən, Tofiq Qasımov, Fazil Muxtarov, Fazil Hüseynov, eləcə də ailə üzvlərimiz bu məqsədlə prezidentə müraciət hazırlayırıq. Bu işin icraçısı kimi həbs olunub, az sonra müəmmalı şəkildə həbsxanada dünyasını dəyişən Elçin Əliyevin yaxınları da bizə qoşulub. Biz əminik ki, müstəqil komissiya bu işi araşdırsa, yüksək post tutan bir sıra məmurların xeyli saxtakarlıqları üzə çıxacaq. Əgər əsl cinayətkarların tutulub cəzalandırılmasını istəyirlərsə, belə bir komissiyanın yaradılmasına ehtiyac var”, – deyə Elçin Behbudov bildirib.

Aytən

MÖVZU İLƏ ƏLAQƏDAR BAŞQA YAZILAR:

Şəmsi Rəhimovun qətlində kaset müəmması

Gecə yarısı qətl “Nağıllar Evi”nin məhsuludur

“Ziya Bünyadovun qətlilə bağlı mötəbər dəlillərim var”

Keçmiş müstəntiqdən keçmiş əməliyyatçıya cavab

“Hacı Məmmədovun bir sıra cinayətləri hələ də açılmayıb”

Ziya Bünyadovun qətl işi Hacı Məmmədova tapşırılıbmış

Sabiq əməliyyatçıdan sensasion açıqlama

“Namiq Abbasovun əleyhinə kompromatı 5000 dollara satdım”

MTN-in sabiq müstəntiqi: “Fətulla Hüseynov məxfi istintaq aparırdı”

Heydər Əliyev onların günahsız olduqlarını bilirdimi?

Heydər Əliyev Surət Hüseynovu 1 milyard dollara aldı

Əli Ömərov sabiq müstəntiq qarşısında şərt qoydu

MTN-nin sabiq müstəntiqi «bomba partlatdı»

“Ziya Bünyadovu da DİN-in əməkdaşları öldürüb”

Afiyəddin Cəlilovu da Hacı Məmmədov qətlə yetirib?