Mirzə Xəzər: “Mən salamatam!!!! Hansı axmaq yayıb bu xəbəri?”

Nə yaxşı ki, uzun müddətdir ailəliklə televizora baxmırıq. Yoxsa səhərdən-axşama kimi evlərə saxta təriflər, yalan xəbərlər püskürən qara qutu çoxdan hamımızı məhv etmişdi. Şərəf və ləyaqətini itirən, vicdanı olmayan telekanallar bəd xəbərləri, hətta dəqiqləşdirmədiyi ölüm şayiələrini yaymaqdan həzz alırlar. Avqustun 15-i Mirzə Xəzərin vəfatı ilə bağlı yayılan yanlış xəbər dostları sarsıtdı, düşmənlərin isə islatdıqları xına əllərinə yaxılmamış qaldı: “ANS TV-nin ”Xəbərçi” proqramında Azərbaycanın görkəmli jurnalisti, uzun illər “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzərin ağır sürən xəstəlikdən sonra 64 yaşında Bakıda vəfat etdiyi barədə məlumat verilib. Bu barədə ANS-ə məxsus internet saytda da məlumat yerləşdirilib, lakin az sonra xəbər saytdan çıxarılıb. Modern.az xəbər yayılandan sonra araşdırma aparıb. “Azadlıq” radiosunun Mirzə Xəzərlə əlaqəsi olan ÿəməkdaşları saytımıza bildiriblər ki, xəbər həqiqətə uyğun deyil və Mirzə Xəzər sağdır”. Əcəba, Vətənə həsrət qalan dəyərli ziyalı Mirzə Xəzərin Azərbaycana qayıdışını ANS nə vaxt yayımladı ki, ardınca da Bakıda vəfat etdiyini bildirir? Mənasız verilişlərlə insanları mənən məhv etmək, ölkədəki intihar, ölüm, qəza… faciə xəbərlərini yaymaq telekanallara, “xəbərçi”lərə yetmədi ki, sapsağlam insanları da “öldürür”lər? Bu ölkədə cəsur, vicdanlı, işıqlı insanları, xüsusilə qələm əhlindən olanları şərləyib həbs etmək, gecə evinə gedəndə başına torba keçirtmək, ya da blokda, maşında, evində güllələmək, kəndirlə boğmağı hökumət artıq qanun kimi qəbul edib. Yəqin, təzəlikcə yeni qanun da qəbul edilib: əlləri çatmayan, qürbətdə yaşayan dəyərli insanların ölüm xəbərlərini yaymaq. Belə məlum olur ki, Mirzə Xəzərin yalandan ölüm xəbrini yayanlar general Rail Rzayevi, jurnalist Elmar Hüseynovu, tanınmış ekstrasens Etibar Erkini iki oğlu ilə bir yerdə qətlə yetirənlər, Eynulla Fətullayevi həbs edənlər, Aqil Xəlili bıçaqlayanlardır… Insanların ümidlərini məhv edənlər, yalançı “xəbərçi”lər, kədərdən, faciədən zövq alanlar ən qorxulu QATILLƏRdir.
Kədərli yalan xəbəri eşidəndən sonra insanların Mirzə Xəzərin poçtuna həyəcan dolu məktub axını başlayıb: “Mirzə bəy! Bu təxribatçılara lənət olsun! Bizi yaman qorxutdular… Oruc tuturam… Bu sərsəm xəbəri eşidən kimi necə həyəcan keçirdimsə, az qaldı orucumu pozam. Allaha min şükürlər olsun ki, sağ-salamatsınız. Azərbaycanın düşmənləri sevinə bilmədi. Biz hələ sizin səsinizlə çox şad xəbərlər eşidəcəyik… Sayğı və sevgilərlə: Sultan Laçın”. Daha bir məktubdan sitat: “Mirzə müəllim, şəxsiyyətinizə dərin hörmətim var. Yəqin ki, Sizdə olan istedad, fitrəti qabiliyyətlə zalımlara, şahlara, xanlara çox lazımlı bir resursa çevrilə bilərdiniz. Amma Siz maddiyyəti yox, mənəviyyatı seçmisiniz. Və bu, hər Kişinin işi deyil. Az-az kişilər belə seçim edə bilirlər!!! Mən fəxr edirəm ki, mənim belə həmvətənim var!!! Allah Sizə can sağlığı və sevdiyiniz Azərbaycanı istədiyiniz kimi görməyi nəsib etsin! Yaşar Məhərrəmov”. Sevgi, həyəcan dolu bu məktubları “Mirzə Xəzərin Səsi”ndə oxudum və çox kövrəldim…
Yalançı “XƏBƏRÇI”lər, nə olar, arada yanlış şad xəbərlər də yayımlayın: “Elmar Hüseynov sağdır!”, “Ordumuzun Qarabağda möhtəşəm qələbəsi!” də yazın lütfən. Doğrudan kədərlənməyi, acı çəkməyi, üzülməyi çox yaşamışıq, heç olmasa arada yalandan sevinməyimizə də şərait yaradın. Məsələn, bu yaxında dostlardan biri mənə dedi ki, Ahmet Kaya ölməyib, sağdır. Sadəcə izlənməkdən qurtulmaq üçün “ölüb”. Hətta dostum xəbərin doğruluğunu əsaslandırmaq üçün mənə Ahmet Kayanın şəkillərindən bir-ikisini də göstərdi: “Qırx yaşında adamın saç-saqqalı belə ağara bilər? Bunlar onun 50-55 yaşında çəkdirdiyi şəkillərdir. Arada sevdiklərinə belə gizlin mesajlar yollayır ki, üzülməsinlər”. Gözəl təsəllidir…
P.S. Kiçik oğlumun tez-tez mənə verdiyi və ən çox zövq aldığım sual: “Ana, məni çox istəyirsən, yoxsa Mirzə Xəzəri?..”.