Eynullaya açıq məktub

Hörmətli Eynulla! Məlum və məşum portret olayı üzərindən sənə nəsə yazmaq fikrində deyildim. Artıq bu ölkədə çaylar tərsinə axsa belə, tüküm tərpənməz. Artıq bu ölkədə təkədən pendir tutulsa, qılım qıpırdamaz. Artıq bu ölkədə məni heç nə təəccübləndirmir. Artıq gözlərimin heyrəti ölüb.
Mənə bu açıq məktubu yazdıran isə sadəcə və sadəcə, sənin məlum və məşum portret olayına ictimai təpkilərdən sonra ard-arda verdiyin açıqlamalardır. O açıqlamaların bircə adı var: “Üzrü günahından betər”.
***
Hörmətli Eynulla! Heydər Əliyevin başın üzərindən asdığın portretinə insanların təpkisini “bolşevik münasibəti” adlandırırsan. Amma həbsxanadan yazdığın yazılarda hakimiyyətə diktatorların yıxılan heykəllərini xatırladırdın, yadındadırsa.
O zaman soruşmadan keçə bilmir adam: diktatorların heykəllərinə həbsdəki münasibətinlə diktatorların portretlərinə azadlıqdakı münasibət arasında bunca uçurumun adı nədir, hörmətli Eynulla?
***
Hörmətli Eynulla! Deyirsən ki, Heydər Əliyevin portretini asmaqda təəccüblü nə var, ona qalsa, Romada da Mussoliniyə heykəl qoyulub. Hə, nə olsun? Bəyəm bu günün Italiyası Mussolininin Italiyasından çoxmu fərqlənir? Bəyəm Berluskoni də bir növ “yeni Mussolini” deyilmi? Bəyəm Italiyanın 300 sənət və ədəbiyyat adamının ölkələrindəki qaranlıq yönətimə üsyan edərək, yaradıcılıq azadlığı tələb etdiyi uzaq keçmişdirmi?
***
Bir də ki, hörmətli Eynulla, sən öz hərəkətini Italiyada Mussoliniyə heykəl qoyulması ilə əsaslandırırsansa, onda mən də soruşuram: bəs Almaniyada niyə Hitlerin heykəli yoxdur? Bəs Iraqda Səddamın heykəlini niyə uçurdular? Bəs Rumıniyada Çauşeskuya niyə heykəl qoymadılar? Bəs Pinoçet, Idi Amin kimi insanlıq cəlladlarının ölkələrindəki heykəlləri hanı?
***
Hörmətli Eynulla! Çoxluq səndən azadlığa çıxandan sonra kimlərlə savaşını gözləyirdi, amma sən indi kimlə savaşırsan – Mir Şahinlə. Incimə, başı üzərindən Heydər Əliyevin portretini asan Eynulla ilə, hətta 28 mayda belə, rəhbərlərindən olduğu telekanalın ekranının yuxarı küncünə Heydər Əliyevin şəklini qoyan Mir Şahinin davası çox gülməli görünür. Bu, artıq Eynulla ilə Mir Şahin davası da deyil, bu ya iki Eynullanın, ya da elə iki Mir Şahinin davasıdır artıq.
***
Hörmətli Eynulla! Açıqlamalarının birində deyirsən ki, o portret indiyədək olduğun, çalışdığın hər yerdə asılıbmış: vaxtilə “Monitor”un redaksiyasında da, “Gündəlik Azərbaycan”ın, “Realnıy Azerbaydjan”ın da redaksiyalarında.
Deyək ki, doğrudan da belədir. Bəyəm bu, keçmiş səhvlər bugünkü səhvlərin bəraətidirmi? Bəyəm bugünkü səhvlər gələcək səhvlərə indidən bəraətmi qazandırır?
Ən əsası: madam sən olduğun hər yerdə, həmişə baş ucundan Heydər Əliyevin portretlərini asmısan, bəs 4 il haqsız yerə yatdığın həbsxana kamerasından niyə asmamışdın onu? Bəs orada niyə dahi rəhbərin portreti asılmamışdı?
***
Və sonda: hörmətli Eynulla, inan ki, ən böyük arzularımdan biri sənə gələcəkdə də elə bu cür xitab edə bilməkdir. “Hörmətli Eynulla” deyə səslənə bilməkdir…
Hələlik hörmətlə: Elnur Astanbəyli.

Ikisindən biri yıxılmalıdır

Sülh və Demokratiya Institutunun ofisini də uçurdular.
Gülməlidir, Ilham Əliyev Sərkisyanla sülhü müzakirə edir, edə bilir, amma öz ölkəsində adında sülh sözü olan təşkilatın binasını buldozerin qabağına verir.
Demokratiya ilə isə zatən hər şey çoxdan aydındır. Onun üstündən hələ 18 il əvvəl öpülmüş tank sürdülər. 
Azərbaycanda kimsənin can və mal güvənliyinin qalmadığı artıq mübahisəsizdir. Bu barədə dartışma açmaq belə, əxlaqsızlıqdan başqa bir şey deyil. Vətəndaşların evinin başına yıxılması artıq idarəetmə normasına çevrilib. Elə gün yoxdur ki, Bakıdan və ölkənin dörd bir yanından bu cür xəbərlər gəlməsin.
Artıq xalqın iki yolu var: ya bütün əzilən toplumlar kimi özündə təpər tapacaq və diktatorun heykəllərini yıxacaq, ya da evlərinin başına yıxılmasından dəhşətə gəlməyəcək, bunu qanunauyğunluq kimi qəbul edəcək.
Üçüncü yol çox təəssüf ki, yoxdur.